adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

YENƏ POLİSİ  HƏDƏFƏ GÖTÜRÜBLƏR - Aqil ABBAS yazır

AQİL ABBAS
1023 | 2024-02-24 14:00

Yenə polis hədəfə alınıb. O polis ki  ölkənin əmin-amanlığını qoruyur. O polis ki Vətən müharibəsində bu torpaq  üçün canından keçir, bizim evdə rahat  yatmağımızın və şəhərdə sərbəst gəzib-dolaşmağımızın qarantıdır. Eyni zamanda cinayətkarlarla mübarizədə canını fəda etməkdən  çəkinmir.

Konstitusiyamıza görə, 8 saatlıq  iş günüdür, amma polis bizim əmin-amanlığımıza görə  məcbur olub  15-16, bəzən 17 saat işləyir, gecəsi-gündüzü yoxdur. Yolda maşının xarab olur – polis, maşının qarda  batıb, yenə polis imdada  çatır. Halbuki bu, onların  vəzifə  borcu deyil. 

Yaxşı yadımdadır, Xalq Cəbhəsinin gurhagur vaxtı idi, hələ hakimiyyətə  gəlməmişdilər. Bütün mətbuat qalxmışdı Daxili İşlər Nazirliyinin  üzərinə. Jurnalistlər vurhavur yazırdılar ki, Daxili İşlər Nazirliyi  kimə lazımdı?  Onda belə bir məqalə ilə çıxış elədim ki, xanımınla küçədə gedirsən, bir xoşagəlməz hadisə baş verdi, ay yoldaş jurnalist, əgər DİN ləğv olunsa onda kimə müraciət edəcəksən, Jurnalistlər İttifaqına? 

Polisin gözdən salınması təkcə cinayətkarlığın artmasına  səbəb olmur, həm də dövlətin  laxlaması  deməkdir. İndi belə bir müzakirə   gedir ki, 5 nəfərin qatilinə kim sürücülük vəsiqəsi verib? Sürücülük vəsiqəsini   Dövlət Yol Polisi verir, vəsiqə almağa gələnlər isə polisdə tibbi müayinədən keçmir. Hansısa bir  poliklinikadan sağlamlıq kağızı alır, amma bu kifayət deyil. Ondan sonra Narkoloji dispanserdən və Psixiatrik xəstəxanadan həmin müəssisələrdə qeydiyyatda olmadığı barədə arayış gətirir. Və bu arayışlardan sonra  imtahana buraxılır. Və əgər həmin şəxs narkomandırsa və ya psixi xəstədirsə, buna  Dövlət Yol Polisi  məsuliyyət  daşımır. Məsuliyyəti həmin şəxsə sağlamlıq arayışı verən Narkoloji dispanser və Psixiatrik xəstəxana daşıyır. 

Bunu hər bir  sürücülük  vəsiqəsi alan da, sadə insanlar da bilir. Amma nədənsə dünyanın bütün ciki-bikini bilən jurnalistlər özlərini elə aparırlar ki, guya bilmirlər. Reytinq xətrinə polisi hədəfə alırlar. Ay sizin  reytinqinizə quzum kəsim. Siz polisi hədəfə aldıqca, özünüz cinayətkarların hədəfinə çevrilirsiniz, bunu bilirsinizmi? 
Unutmayın ki, polis bizim atamızdı, qardaşımızdı, övladımızdı, bacımızdı. Eləcə də əgər araşdırsaq görərik ki, polisi hədəfə götürən jurnalistlərin nə qədər qohum-əqrəbası həmin sistemdə çalışır. Və polisin  necə fəaliyyət göstərdiyindən  az-çox xəbərləri var. 

70-ci illərdə təsərrüfat rəhbərləri səhər saat 6-da, hələ uşaqları  yuxudan durmamış  işə gedirdilər, evə də uşaqlar yatandan sonra gecə saat 1-2-də dönürdülər. Onda belə bir  anekdot çıxmışdı. 

Bir gün  kolxoz sədri evə tez gəlir. Uşaq nəhayət, atasını görür, amma təbii ki, tanımır.  Məktəbli oğlu ona hücum edib deyir:

- Sən kimsən və  bizim evdə nə gəzirsən?

İndi polis işçiləri də həmin kolxoz sədrləri kimi, yuxarıda qeyd etdiyim kimi, səhər saat 6-da uşaqları  hələ oyanmamış evdən çıxır, evə gecə saat 1-də uşaqları  yatmış olanda dönür. Dövlətçiliyimizin xatirinə, xalqın əmin-amanlığı xatirinə, bizim xatirimizə!  

Və unutmayın  ki, polis maaşı 8 saatlıq iş gününə alır. Əl çəkin polisi  hədəfə almaqdan, ən azı öz xətrinizə görə. 
 

TƏQVİM / ARXİV