adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

«Xilaskar» - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
15182 | 2021-12-14 12:07

Yaxın günlərin söhbətidi. Son yazılarımdan biri ilə əlaqədar olaraq dəyərli ziyalımız, çox hörmətli ağsaqqalımız, professor Qəzənfər Paşayev mənə zəng etmişdi. Söhbət zamanı öyrəndim ki, Qəzənfər müəllimin yeni kitabları işıq üzü görüb. Təbii ki, «kitab xəstəsi» olan mən bu fürsəti qaçırmadım. İstəyimi nəzərə alan hörmətli Qəzənfər müəllim həmin kitabları ertəsi günü mənə göndərdi və mən də həftənin istirahət günlərindən, yəni şənbə, bazarından istifadə edib, öncə «Xilaskar»ı oxudum.

Bəri başdan deyim ki, kitabdakı məqalələrin bəziləri ilə dövrü mətbuatdan tanış idim. Amma onların hamısını toplum şəklində bir kitabda görmək zənnimcə daha maraqlı idi. Ən azından ona görə ki, həmin yazıların düzülüş ardıcıllığı adamı, yəni oxucunu sözün əhatə dairəsindən çıxmağa qoymur. Bu mənada kitaba ön söz yazmış AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təbirincə desəm, «Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin oxuculara təqdim olunan azərbaycançılıq tədqiqatlarında yeni hadisədir. Bu vaxta qədər azərbaycançılıq ideyalarından, əsasən elm və əbədiyyat baxımından söz açan Qəzənfər Paşayev «Xilaskar» kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs etmişdi».

Mən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə çap olunmuş bu kitabın ön sözündən başlayaraq son vərəqinə qədər uzun bir yolun oxucusu (əslində yolçusu – Ə.M.) olmaqla böyük bir zaman kəsiyinin şahidi kimi oxuduqlarımla gördüklərimi paralelləşdirməyə, müqayisə etməyə çalışdım. Yəni, çox hörmətli akademikimiz İsa Həbibbəylinin ön sözdə vurğuladığı məqamlardan tutmuş dəyərli professorumuz Qəzənfər Paşayevin hər bir cümləsinə qədər həm şüuraltı, həm də şüurüstü bütün olmuşları sözün fonunda bir rəsm kimi görməyə başladım. Elə bil ki, müəllif mənimlə qarşı-qarşıya oturub Azərbaycan xalqının XİLASKARININ həyat və fəaliyyətini, xalqa sevgisini, azərbaycançılığın özülünü qoymaq anından onu təbliğ etmək müstəvisinə qədər bütün detalları yenidən mənə söhbət edir, danışır. Özdə təkcə sözlə yox, o sözün çəkdiyi rəsmlə mənə göstərir. Təsəvvür edin ki, bütün fəaliyyəti xalqımızın gözü önündə olan unudulmaz bir ŞƏXSİN xalqa həsr olunmuş həyatını yenidən izləmək fürsəti bu an mənim üçün göydən düşmə olur. Üstəlik, Qəzənfər müəllimin həyat təcrübəsi, ulu öndəri yaxından görmək, təmasda olmaq imkanları da bu kitabda oxuduqlarımı mənə bədii fikir, bədii söz kimi deyil, fakt kimi göstərir. Bir az da fikrimi çılpaqlasam, onda siz də bilərsiniz ki, mən şahidin dilindən onu gördüyünü, eşidib dinlədiyini illər sonra yenidən dinləmək imkanı qazanmışam bu kitabla.

Burada bir nüansı mütləq qeyd etməliyəm. Yəni, müəllifin fikirlərinin elə məqamları var ki, mən kitabın həmin səhifələri arasına kiçik kağız parçaları qoymaqla ona istənilən məqamda qayıtmağı asanlaşdırmışam. İstəmişəm ki, həmin o məqamları günün birində, ya öz yazımda, ya söhbətimdə təkrarlanmasını diqqətdən qaçırmayım. Çünki o fikirlərin canlı şahidi məhz Qəzənfər Paşayev olubdur. Məsələn, Qəzənfər müəllimin ulu öndərin Sovet dönəmində, eləcə də hakimiyyətə ikinci qayıdışından sonra Tovuz rayonuna etdiyi səfərlərlə bağlı yazdığı xatirələr, həmçinin Azərbaycan yazıçılarının qurultaylarındakı fikirlərə ümummilli liderin reaksiyaları, həmçinin onun dünya liderləri ilə, din xadimləri ilə görüşlərində ayrı-ayrı detallar mənim üçün həm təzə idi, həm də bildiklərimin yenilənməsi. Bax, bu mənada Heydər Əliyevin Tovuzda əkin sahələri ilə bağlı, burada gördüyü qırmızı daşla bağlı dedikləri Qəzənfər müəllimin qələmində mənim üçün tam yeni bir fakt olmaqla yaddaşıma köçdü.

 

«Xilaskar» kitabında bir məqam da mənim üçün xüsusi maraq doğurdu. Belə ki, xilaskarlıq missiyasının atadan-oğula keçmə prosesi o qədər ustalıqla qələmə alınıb ki, burada oxucu bir an da olsun tərəddüd hissi yaşamır. Yəni, ulu öndərin hakimiyyətdə olduğu dövrdə bugünkü prezidentimizin də iştirak etdiyi tədbirlərdəki səslənən fikirlər, cənab İlham Əliyevin bir millət vəkili kimi gördüyü işlərə münasibətlər artıq bu missiyanın necə atadan-oğula keçdiyini özü-özlüyündə büruzə verirdi. Elə bu səbəbdəndir ki, torpaqlarımızın 44 günlük Zəfər müharibəmizlə işğaldan azad edilməsinə gedən 30 illik zaman kəsiyi xalqın böyük bir hissəsinin daxili inamı kimi yaşamışdır. Xalq ulu öndərə inandığı kimi, Xilaskarına güvəndiyi kimi, cənab İlham Əliyevə də güvənmiş, inanmış və onun ətrafında birləşmişdi. Bu kitabın 123-cü səhifəsində müəllim yazır ki, «Xoşbəxtəm ki, bu ahıl çağımda inanılmaz tarixi hadisənin şahidi oldum».

Mən bir oxucu olaraq müəllifə təşəkkür etməklə bərabər bir istəyimi də burada qeyd etməyi özümə borc bilirəm. Belə ki, müəllifi tanıyan, onun həyat ideyalarına, yaradıcılığına bələd olan hər kəs Qəzənfər müəllimin Azərbaycan elm və ədəbiyyatı üçün nələr etdiyini yaxşı bilir. Bu mənada kitabda oxucuya təqdim edilən bilgilərin yüzə yüz həm gerçəkliyi, həm də səmimiyyəti heç bir şübhə doğurmur. Çünki söhbət xalqın xilaskarlarından gedir və bu söhbəti də edən xalqın sevilən ədəbiyyat və elm adamıdır. Elə bu faktın özü deməyə əsas verir ki, müəllifin də vurğuladığı kimi indi masamın üzərində olan «Xilaskar», professor, elm xadimi, ən əsası isə Azərbaycanı öz qələmi ilə rus, fars, ingilis, türk, ərəb dilli oxuculara sevdirən bir söz sərrafının, söz fədaisinin ürək pıçıltılarıdır, qəlbinin səsidir. Təbii ki, ürəyin pıçıltısı, qəlbin səsi həmişə diqqəti çəkir, ruhları, könülləri oxşayır.

P.S. Çox hörmətli Qəzənfər müəllim! Mən sizin qələminizdən çıxan kitabların demək olar ki, əksəriyyətini oxumuşam. Dilimizə çevirdiyiniz kitabları da belə. Mənə görə hər kitabınız oxucuya hədiyyədir. Elə «Xilaskar» da onlardan biridir. Hədiyyə barəsində atüstü, isti-isti yazdığım bu fikirlər hələ mənim ürəyimdəkilərin hamısı deyil. Düşünürəm ki, «Xilaskar»a bir də qayıdacağam. Təbii ki, bugünkü reallıqlarımıza görə.

TƏQVİM / ARXİV