Bu gün dünyada çox böyük ekoloji proseslər - quraqlıq və eləcə də atmosferin və təbiətin çirkləndirilməsi ilə üzləşirik. Bütün bu məsələlər birmənalı olaraq insanların öz həyatlarına, yaşam tərzinə, hətta qidalanmaya qədər fəsadlar verir. Başqa sözlə demiş olsaq, təbiətin gözəlliklərini, havasını, dənizini, çayını, suyunu, torpağını çirkləndirən insanlar gec-tez öz cəzalarını elə təbiətin özü tərəfindən alırlar. Bu fikirlə təbii ki, razılaşmayan adamlar da ola bilər. Amma bir şey gün kimi aydındır ki, təbiətə qəsd edən, onun məhvinə çalışan heç bir canlı cəzasız qalmayacaq.
Xəzər dənizi bizim bəxtimizə düşən gözəl varlıqlardan biridir. Bu dənizin suyu, qumu, balığı, nefti və eləcə də digər sərvətləri ölkəmizin həyatında çox önəmli rol oynayıb. Təsəvvür edin, əgər İkinci Dünya Müharibəsində Azərbaycan nefti olmasaydı çətin ki SSRİ qalib dövlət kimi buna nail olardı. Əlbəttə, bütün bunları ona görə xatırlayırıq ki, 50-60 il bundan əvvəllə müqayisədə bu gün Xəzər dənizinin vəziyyəti, durumu çox mürəkkəbdir. Bunu bir çoxları iqlim quraqlığı ilə izah etsələr də, amma bununla yanaşı digər səbəblər də mövcuddur. Bunu tək biz demirik, bu fikri həm də ekoloqlar, mütəxəssislər səsləndirirlər. Onlar neçə illərdir hay-haray salırlar ki, Xəzər dənizində quruma gedir, suyun tərkibi ekoloji cəhətdən çirkləndirilir, çox təəssüf ki, bu haraya bu günə kimi yetərincə cavab verilməyib.
Düzdür, müəyyən addımlar atılıb, amma bu addımlar Xəzərin problemi ilə bağlı məsələləri heç də həll etməyib. Xəzəryanı dövlətlər – Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan təbii ki, birlikdə bu məsələləri həll etməlidirlər. Bu dövlətlərdən hansı biri Xəzərin mövcud problemi ilə bağlı məsələyə səhlənkar yanaşırsa bu o deməkdir ki, dənizin taleyi doğrudan da çox ağırdır.
Xəzər dənizindəki mövcud problemlərlə bağlı Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə beynəlxalq qurumlarda, eləcə də Xəzəryanı dövlətlərin yığıncaqlarında bu məsələləri qabardıb. Cənab prezident bildirib ki, Xəzərin problemini həll etmək tək bir dövlətin işi deyil, bu həm də bütün Xəzəryanı dövlətlərin missiyasıdır. Təbii ki, bu fikirlə Xəzəryanı dövlətlərin başçıları da razılaşıblar. Amma təəssüf ki, razılaşsalar da birlikdə fəaliyyət göstərməkdə bir o qədər də maraqlı deyillər. Məsələn, İran və Rusiya Xəzərə axan bir neçə kiçik çayların qarşısını alıb və ondan öz məqsədləri üçün istifadə edirlər. Bu mənada Araz çayına İrandan axan xırda çayların suyu demək olar ki, əsaslı surətdə bağlanıb.
Əlbəttə, bütün bu məsələlər son nəticədə Xəzər dənizinin problemlərinin həllini daha da çətinləşdirir və yeni-yeni çətinliklər üzə çıxarır. Artıq Xəzər dənizində bir çox canlılar ekoloji dəyişikliyə görə məhv olurlar. Heç uzağa getməyək, Xəzərin Azərbaycan sahillərində suitilərin, balıqların məhv olması faktları mövcuddur. Heç kim deyə bilməz ki, bu canlılar elə birdən-bir məhv oldular. Heç kimə sirr deyil ki, bu gün Xəzər dənizinə həm Xəzəryanı dövlətlər tərəfindən, həm də özümüz tərəfimizdən çirkləndirilmiş sular axıdılır. Bu zəhərli sular isə bütün canlıların həyatını məhv edir və onlara artmağa imkan vermir. 10-15 il bundan qabaq Xəzərin sahillərindən beş-altı kilometr dərinliyə daxil olanda ordan qiymətli balıqlar ovlamaq mümkün idi. Amma indi gərək 50-60 kilometr dərinliyə gedəsən ki, bu qiymətli balıqlardan ovlaya biləsən.
Əlbəttə, Xəzərin çox qiymətli və gözəl balıqları olur və o balıqlar da insanların dolanışığına, bir çox halda həyat tərzinə yaşam verib. Amma bu gün bayaq dediyimiz kimi, qiymətli balıqlar sahilə yaxın yerlərdə yaşaya bilmirlər. Çünki həmin yerlər çirkləndirilir və nəticədə o canlılar ya məhv olur, ya da ordan uzaqlaşırlar.
Bu gün də Sumqayıtdan, Hovsandan və bir çox yaşayış qəsəbələrindən Xəzər dənizinə təmizlənməmiş kanalizasiya suları axıdılır. Bu yaxınlarda Hövsan qəsəbəsindən televiziya kanallarının birində süjet göstərildi. Həmin süjetdən də aydın olurdu ki, Xəzər dənizinin yaxınlığındakı təmizləyici kollektorlar yaxşı işləmir, Hövsan quşçuluq fabrikinin, eləcə də yaxınlıqda məskunlaşmış insanların evindən axan kanalizasiya suları təmizlənmədən dənizə ötürülür. Bu proses illərdir davam edir, Xəzər dənizi isə çirklənir. Bir çox əlaqədar qurumlar isə medianın göstərdiyi faktlara barmaqarası yanaşır, problemi həll etmək istəmirlər.
Hər il çimərlik mövsümü gələndə Xəzər dənizinin sahillərindən laborator analiz üçün su nümunələri götürülür. Həmin nümunələr laboratoriya şəraitində analiz olarkən aydınlaşır ki, bir çox çimərliklərdə bakteroloji çirklənmə normadan artıqdır. Bu barədə dəfələrlə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi əhalini maarifləndirib. Bildirib ki, ekoloji çirkləndirmə normadan artıq olduğu üçün Şıx, Sahil, Hövsan, Türkan, Novxanı, Sumqayıt çimərliklərində çimmək qadağan edilib. Amma buna baxmayaraq, yenə bir çox insanlar həmin çimərliklərə gedib və dənizdə çimiblər.
Söhbət heç də kiminsə çimərliyə getməsindən və orda çimməsindən getmir. Çünki adını çəkdiyimiz o çimərliklərdə olarkən neçə-neçə insan bağırsaq infeksiyasına yoluxub. Söhbət ondan gedir ki, bu gün Xəzərin çirkləndirilməsi yenə davam etməkdədir. Yenə Bakı şəhərində və eləcə də onun qəsəbələrində təmizlənməmiş kanalizasiya suları dənizə axıdılır. Bəs, bu nə deməkdir? Bu təbiəti, dənizi məhv etmək demək deyilmi?
Bu gün Xəzər dənizi ölür desək, heç də yanlış mövqe tutmarıq. Çünki bu dəniz bir tərəfdən quruyur, digər tərəfdən amansızcasına çirkləndirilir. Bakının elə yeri var ki, orda dəniz yüz metrə yaxın quruyub. Düzdür, burda iqlim dəyişikliyinin də böyük payı var. Amma gəlin onunla razılaşaq ki, elə şeylər var insanın öz əlindədir, yəni Xəzər dənizinə axıdılan o çirkab sular birmənalı olaraq kollektordan keçməli, təmizlənməli, zəhərli tullantılar ayrılmalıdır. Bəlkə bunlar və bu addımlar Xəzərin ölümünü heç olmasa bir qədər ləngidər.
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Bakı -°C 
























