Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi

236 | 2025-07-07 08:30

Şuşa şəhəri 2026-cı il üçün “ECO-nun Turizm paytaxtı” elan edildi Qədim Azərbaycan torpağı olan Qarabağda, Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Azərbaycan artıq üçüncü dəfə idi ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edirdi. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüş zamanı dedi ki, "Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir.

Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim". ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilib. Qürurverici haldır ki,hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.Ermənistanın təxribatı nəticəsində Azərbaycan ərazilərinin təxminən 20 faizi 30 ilə yaxın işğal altında saxlanılmış, etnik təmizləmə həyata keçirilmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salınmışdır.Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi.

Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Buna görə.də dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir. Ölkə başçısı İlham Əliyev çıxışında bildirib ki, “Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb.

Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir.

Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.” Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə keçirilən ECO Həftəsində Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Sebindirici haldır ki,Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğumuz qurumlardan biri məhz İqtisadi Əməkdaşlıq Təşkilatı olub. ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış hökumətlərarası regional təşkilat sayılır.

Bu qurum, 1964-cü ildən 1979-cu ilədək mövcud olmuş İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının davamı hesab olunur. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV