"VƏHŞİ YAŞMA" VƏ ƏSİRLƏR... - Emin Piri yazır

Emin Piri
491 | 2022-02-01 11:49

Hər zaman əsirlər məsələsi müharibədən sonranın müzakirəsi və ya sənət mövzusu olub. Adətən erməni tərəfinin vəhşi kimi təqdim etdiyi, Azərbaycan tərəfdən isə az qala başkəsən, qəddar kimi qorxunc ifadə olunan "Yaşma". Bəli, əsir söhbəti, onlara davranış deyəndə adətən yada onlar düşər. Hər bir problemli məsələdə də, onlara yanaşmaqda da.

Əsl mahiyyət nədir?

Qıraqda nə yaşanıb deyə bilmərəm, amma özünə, öz şahidliyinə cavabdeh kimi deyə biləcəyin, vicdanına sığanacağın bir şeyləri olur adamın.

Əvvəla, kimin nə deməyindən, bölmələrdən aslı olmayaraq bu kimi insani yanaşmalar vicdan məsələsidir. Eyni zamanda bütün sahələrdə olduğu kimi nizam-intizamdan doğan nəsnələrdir. Vicdanla bərabər isə əsas məsələ təhsildir. Bəli, məhz təhsil.

Fərqi yoxdur, hansı sahədə, ixtisasdasan. Bu hərbiyə də aiddir.

Cəbrayılda toplanış yerindəyik. Təbii ki, müharibədən sonra ora-geriyə qayıtmışıq. Dedilər üç erməni əsir gətiriblər. Müharibədən sonra da tez-tez əsir düşənlər olurdu ki, bu da sürətli müharibə zamanı qaçmağa imkan tapmayanların gizləndiyi yerlərdə məlum olması, həmçinin yol azmaq və.s ilə əlaqəli idi.

-Komandir, adam döymək istəmirsiniz-dedi X.

-Döyülmək istəyirsən?-zarafatyana cavabladım.

-Üç erməni gətiriblər bəlkə keyfinə düşə, hirsini çıxasan.

Əsgərlərimin məchul baxışlarını gördüm. Sanki bir cavab gözləyirdilər.

-Heç nə deyə bilmərəm, amma onların yanında elə hissə düşə bilərsiniz ki, sonradan edə biləcəyiniz hərəkətə, əmələ görə ömür vicdan əzabı çəkə bilərsiniz...O vicdan əzabı sizi heç zaman rahat buraxmayacaq.

Sonradan soruşdum, dediklərimin heç biri getmədi...

Bu məsələdən çıxaraq, bunun altını çizərək demək istərdim;

Bizim XTQ-mizə əsir düşən ermənilər gedəndən sonra qurban kəssinlər ki, yaxşı ki, XTQ-yə əsir düşüblər, digər bölmələrə yox. XTQ-yə əsir düşənlər xoşbəxt ermənilərdir.

Sözün əsl mənasında hamınızın başkəsən, erməni tərəfinin vəhşi dediyi, beynəlxalq təşkilatlara kimi şikayət etdiyi bu bölmələr daha humanist, daha insancıl idi.

Səbəb psixoloji, nizam-intizam və hərbi təhsil və.s ola bilər, amma hər hansı nəticəni dəyişmir.

Bir çox hallardasa dediyimiz xüsusi təyinatlı qüvvələr o erməni əsirləri bizim digər bölmələrdən hətta qoruyub ki, onlara nəsə olmasın.

Əgər müharibəni idman və ya futbol oyunu kimi götürsək erməni əsirlərə qarşı davranışlara görə feyr-pleyr mükafatı əslində onlara(xtq) düşür, ermənilərin əks arqumentlərindən fərqli olaraq...

Bildiyim odur ki, müharibədə əlil olmaq olar, ölmək də olar, Allah düşmənimə də əsir düşməyi nəsib etməsin...

P.S Şəkil simvolik olaraq seçilib.

TƏQVİM / ARXİV