""Vaqner"in  Suqovşanda  olması" xəbəri - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2922 | 2023-06-27 20:29

 Bu gün yenə adəti üzrə saytlarda diqqətimi çəkən xəbərləri oxuyurdum. 

Qarşıma politoloq Elxan Şahinoğlu Axar.az- a verdiyi açıqlama çıxdı. Politoloq deyir: “Vaqner” muzdlu qruplaşmasının üzvlərinin Suriya, Liviya, Çad və Ukraynadakı müharibələrdə iştirakları ilə yanaşı Qarabağdakı döyüşlərdə də erməni separatçılarına dəstəyi barədə məlumatlar var. “Vaqner”in Rusiyada xaos yaratmaq və Kremllə qarşıdurması fonunda rusiyalı muzdluların erməni separatçılarıyla bağlılığı diqqəti çəkib. “Vaqner” qruplaşmasının keçmiş üzvlərindən Viktor Oqnev İkinci Qarabağ müharibəsindən bir neçə gün sonra Rusiyanın “Novaya qazeta” qəzetinə verdiyi müsahibədə “Vaqner”in 500 muzdlusunun Qarabağa gəldiyini və bölgənin şimalında Azərbaycan Ordusuyla savaşdığını bildirmişdi.

 

 

 Daha sonra politoloq dediklərinə bunları da əlavə edir:“Vaqner” muzdluları arasında ermənilər də var. Onlardan biri Qarabağ doğumlu Ayk Qasparyan Suriya və Ukraynadakı döyüşlərdə iştirak edib, hətta Solidar şəhərinin işğalındakı iştirakına görə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təltif olunub. “Vaqner” muzdlularının bir qrupu Qarabağda olubsa, bu müharibənin sonlarına yaxın, noyabr ayında olub, Azərbaycan Ordusuyla real döyüşlərdə iştirak etməyiblər.

  .“Vaqner”in Qarabağda peyda olması Rusiya hakimiyyətinin icazəsi ilə baş verib. Əgər Kreml Azərbaycan Ordusunun Qarabağda uğurlu həmlələrinin qarşısını almaq üçün “İsgəndər-M” raketlərindən istifadə edibsə, eyni məntiqlə muzdluları da Azərbaycan ərazisinə göndərə bilərdi”

 

Əslində olmasaydılar təəccüblənərdik!

 

Əlbəttə,  Azərbaycan xalqına sübut etməyə ehtiyac yoxdur ki, Rusiya ordusu II Qarabağ müharibəsində iştirak edib, ya yox! 35 ildir ki, Qarabağda Azərbaycana tərəf açılan bütün atəşlərdə mütləq Rusiya ordusu və rus silahları öz işini görüb. 2020- çi ilə qədər təmas xəttində ən xırda qarşıdurmada rus hərbçilərinin dəsti xətti özünü göstərdi.

Yəni , II Qarabağ müharibəsində Rusiya ordusunun döyüşlərdə istirakı bizdə təəccüb dogurmadı. Hətta bu tip xəbərin belə gec gün üzünə çıxması bizi təəccübləndirdi, nəinki politoloq Şahin bəyin bu gecikmiş xəbəri... Rus ordusunun Azərbaycana qarşı döyüşməsinə niyə təəccüblənmədik?

 

SƏBƏB1.   Hərbi ekspertlər dəfələrlə bildirib ki,  1987-ci ildən etibarən ermənilər Sovet ordusunun anbarlarına hücumlar təşkil edirlər. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, 1990-cı il yanvarı 1-indən 1992-ci ilin iyununadək  Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum təşkil edilir. Bunun 130-u Ermənistanda, 164-ü Qarabağda qeydə alınır və hamısı ermənilərin payına düşür. Bu halı Rusiya özü təşkil etməsəydi ermənilər buna cəsarət edə bilərdilərmi? Xeyir! Deməli, Rusiya ermənilərə hələ Qafqazda yerləşdirməyə başlayarkən havadarlıq etməyi boynuna götürməsi əbədi  "borcu" hesab edib.

SƏBƏB 2.Rusiyanın Azərbaycan tarixinə öz adını qara hərflərlə yazan 366-cı motoatıcı alayı həm Xocalı, həm də Qaradağlı faciələrində (17.02.1992) iştirak edib. Məhz bu alay sayəsində ermənilər I Qarabağ müharibəsinin ilk illərində böyük uğur əldə etməyi bacarıb. Sovet mənbələrinə görə, bu alay Qarabağda tam ştatla fəaliyyət göstərməyib. Əslində 1800 nəfər şəxsi heyətə sahib olan alayın tərkibində 1992-ci ilin fevralında 630 hərbçi vardı. Bunlardan da 129 nəfəri zabit və gizir, onlarınsa 49 nəfəri əslən erməni olan zabit idi. 1991-ci ildən etibarən alayda xidmət edən hərbçilərin böyük bir qisminə erməni hərbi birləşmələrinin tərəfində muzdlu olaraq döyüşmək təklif edilir. Mənbələrdə bildirilir ki, alayın zabit və hərbçilərinin böyük bir qismi buna razılıq verir. 1992-ci ilin əvvəllərindən etibarən 366-cı motoatıcı alay faktiki olaraq 23-cü diviziya və Zaqafqaziya Hərbi Dairəsinin nəzarətindən çıxır. Bundan sonra onun qüvvəsindən müxtəlif işğallarda, o cümlədən fevralın 26-da Xocalı soyqırımının törədilməsində istifadə edilir. O zaman Rusların ermənilərə silah hədiyyə etməsi də gərək təəccüblü olmaya.

SƏBƏB 3. 2020-ci ildə Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə edən Rusiyanın İ Qarabağ müharibəsi zamanı ermənilərə nələr verdiyini də xatırladaq; Xocalıda mülki əhalinin qətliamı ilə birlikdə 366-cı alay 622-ci əlahiddə kimya mübarizəsi taboru və Qarabağda dislokasiya olunmuş SSRİ hərbi hissələri döyüşüb və ermənilərə aşağıdakı sayda texnika və silah ərməğan edib. 366-cı alay- Tank -13 ədəd; 122 ədəd PDM və ZTR; 16 ədəd 100 mm-dən böyük çaplı artilleriya sistemi. SSRİ Daxili Qoşunlarının 81-ci əməliyyat alayı: 10 ədəd ZTR; 967 ədəd atıcılıq silahı. Hadrutda yerləşən 42-ci sərhəd dəstəsi: 10 ədəd ZTR; 500 atıcılıq silahı.

 

622-ci əlahiddə kimya müdafiəsi taboru (39828 saylı HH) RPO (Reaktiv Piyada Odsaçanı) “Şmel”; Kəşfiyyar döyüş maşını (BRM-1K); Atıcılıq silahları. Xocalının işğalından sonra 366-cı alayın münaqişə zonasından çıxarılması qərarı ilə Gəncədə yerləşən 104-cü hava desantları diviziyasının 328 və 345-ci Hava Desantları Alayları həyəcan siqnalı ilə qaldırılaraq əraziyə yeridilsə belə, ermənilərlə münaqişə nəticəsində hərbçilər arasında və texnikalarda itkilər qeydə alındı. 1 ədəd Mi-24 helikopteri bu döyüşlər zamanı itirildi. Bu zaman alayın 22 zabiti daxil olmaqla 180 hərbi qulluqçusu ermənilər tərəfə keçərək Xankəndində qaldılar. Həmin muzdlular da müharibənin sonuna qədər Qarabağda döyüşdülər. Alayın polkovniki V.Savelyev "Məxfi arayışında” qeyd edir:

"Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı alay isə ərazidən çıxarılmadı. Ordu tərkisilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. "Böyük Ermənistan” adlı bədnam və rüsvayçı plan uğrunda vuruşlara gəlincə, bu, hələlik açıq qalmış bir məsələdir” .

 

SƏBƏB 4. Rusiyanın ən məşhur telejurnalistlərindən biri olan Aleksandr Nevzorov vaxtilə, 1992-93-cü ildə Qarabağ müharibəsini işıqlandırmaq üçün cəbhə xəttində olub, hərbi əməliyyatların gedişini işıqlandırıb, əsgər və komandirlərlə görüşüb. A.Nevzorov Qarabağ müharibəsi vaxtı Goranboydan material hazırladığı vaxtlardan danışarkən deyib: Orada dəhşətli bir cəhənnəm qarışıqlığı vardı. Yerdə təxminən 500 ölü əsgər sərilmişdi. Ermənilər hücuma keçmişdilər, hər şey titrəyir, uçub dağılırdı. Mən o dəhşətli yerə getmək istəyən Vəzir Orucovu görəndə ondan soruşdum: "Dəlisən?".

O cavab verdi: "Yaralılar ordadırlar". Və biz o tərəfə birlikdə getdik. Biz ora çatanda düşmənin azərbaycanlıları bu qədər tez necə məğlub edə bildiyi mənə aydın oldu. Məlum oldu ki, təkcə ermənilər yox, ermənilərin xeyrinə muzdla Pskov desantları vuruşurlar azərbaycanlılara qarşı. Vəzirin maşını zərbə aldı, biz güllələrdən yayınmaq üçün aşağı əyildik. Elə orada Pskov paraşütçüləri məni tanıdı”. Rus jurnalistin dediyi bu fakt bəs edirmi? Məncə, bəs edər! Yəqin, erməninin qorxaq, "ağciyər" xüsusiyyətləri bilənlər anlayar ki 35 ildir, xalqımıza dərd üstünə dərd verən, igidlərimizi məhv edən, analarımızı ağlar qoyan əslində erməni deyil! Bu fakt min dəfə, milyon dəfə öz təsdiqini tapıb!

Təəccübləndikmi? Əsla!

TƏQVİM / ARXİV