adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Təsadüf və zərurətin ziddiyyəti

14146 | 2012-02-17 11:15
Deyirlər tarixdə heç nə təsadüfi olmur. Hətta təsadüf kimi görünənlərin arxasında bir zərurət var. Təsadüf və zərurətlərin qarşılıqlı münasibətlərini və bunun tarixi gedişat baxımdan araşdırılmasını filosofların üzərinə buraxıb, təəccüb və təəsüf doğuran üç hadisənin üzərində dayanırıq.
   
   14 və 15 fevral tarixləri... Təqvimin bu günləri bizə nə deyir? Əlbəttə ilk olaraq ağla "sevgililər günü" gəlir. Əslində evlilik qadağasına qarşı çıxaraq savab iş görmüş rahib Valentinin ruhunu incitmək istəməzdik. Heç olmazsa ilin günün bu vaxtında insanlıq 365 gündən birini sevgiyə saxlayıbsa buna da şükür. Amma 14 fevral yalnız Sevgiyə görə səmalarla bağlı deyil. Buna hələ qayıdacağıq...
   
   Bəs 15 fevral? Burda yəqin çox düşünən olacaq. Elə təsadüfün zərurəti (və ya əksinə) də bu tarixdədir. 1999-cu ilin bu günü-fevralın 15-də Türk düşməni, insanlıq adına ləkə gətirən minlərlə əməlin başında duran qatil Abdulla Öcalan həbs edildi. Sevincli günlər idi. Dünya güclərinin anti-türk sistemi bu terrorçunu daşımadıqları dövlət, gizlətmədikləri deşik qoymadılar. Sonunda mehmetcik azğını əli-qolu bağlı millətinə təslim etdi.
   
   Elə həmin tarixdə, yəni ötən il fevralın 15-də Ocalanı Keniyada həbs edərək Türkiyəyə gətirən qrupun rəhbəri general Enqi Alan simvolik adı "Çəkic" olan dövlət çevrilişi planında şübhəli bilinərək həbs olunub. Buna ironiya, paradoks, təsadüf, yoxsa zərurət demək hər kəsin öz işidir. Amma o zaman həbs olunarkən general bildirmişdi ki, nə vaxt Ocalan Ankaraya gəlsə, mən İmralı həbsxanasına gedəcəyəm. Bu gün Türkiyə həbsxanalarında generalların sayı onlarladır. Vəli Kiçik Paşadan başlayan həbs dalğası Baş Qərərgah Rəisi İlkər Başbuğa qədər davam etdi.
   
   Bu dövlətin daxilində baş verənlər heç şübhəsiz bizə yad deyil. Azərbaycan və Türkiyə üçün bir-birindən ayrı daxili və xarici siyasət yoxdur. Dövlət başında olanların diplomatik çərçivədən yana olan mövqelərindən fərqli olaraq ortada bir millət var və bir millətin iki fərqli problemi ola bilməz. Amma bütün hallarda bizim üçün Atatürk Türkiyəsi var və yüz il öncə divlərin davasından qurtulub qurulan dövlətin bir neçə general həbsindən titrəməyəcəyi inamındayıq. Bu generallar dağlarda millətin və dövlətin istiqlalı üçün canlarını qoymuşlar, ölümü göz önünə almışlarsa həbsxana məhdudiyyəti onların içindəki Vətən sevgisinə xələl gətirə bilməz. Hər birinin ədalət dərəcəsindən asılı olmayaraq Türk bayrağı altında Türk məhkəməsinin çıxardığı hökmü "Təki Vətən yaşasın" pıçıltısıyla qəbul edəcəyi mütləqdir. Bu bir general tərbiyəsidir. Atatürkün qurduğu dövlətin ordusunun generalı başqa cür düşünə bilməz...
   
   Amma bununla iş bitmir...
   
   Ortada bizim unutqanlığımız var. Nə Öcalanın həbsi, nə də onu həbs edən Türk generalının tutuqlanması Türk mediasında yada salınmadı. Halbuki hər iki hadisə tarixin yaddaşında qalacaq, millətin unutmayacağı bir olay idi. Necə ki, bizlər-Azərbaycan türkləri 14 fevralda yalnız rahib Valentindən və "Sevgililər günü"ndən danışdıq. Bu tarixin başqa bir məqamı da var axı. 14 fevral həm də Azərbaycan Silahlı Qüvvələrində Hərbi Hava Qüvvələri günüdür. Ən böyük sevgi Tanrıya aid və bu sevginin bağı göylərdən gəlir. Səması qorunmayan bir toplumun isə ən xırda sevgiyə belə sahiblənməsi gülünc olardı. Ən azı bu səbəbdən Azərbaycan Hərbi Hava Qüvvələri günü xatırlanmalı idi.
   
   Nəhayət sonuncu təsadüf: 17 fevral. Yəni, əziz oxucu, sənin bu yazını oxuduğun gün. Yəqin qəzetlərin, televiziyanın, hətta bazarların da əsas mövzusu "Eurovision-2012" yarışması olacaq. Uğur olsun! Bu da bir hadisədir. Amma 17 fevral həm də Qaradağlı faciəsinin 20-ci ildönümüdür. Əslində təsadüf də, zərurət də hamısı nisbi anlayışlardır. Dəqiq olan yaddaşdır. Unutmayın. Unudulanları tarix yenidən yaşadır...

TƏQVİM / ARXİV