Dəyanət Osmanlı ilə bölüşdüyüm şeir
Göy üzü bizə uzaq olduğu qədər də yaxındı. Biz yerdən göy üzünə bir anda gedib çata, gəzib-dolaşa bilirik. Bu, bizim xəyalımızın gücüdü, xəyalımızın bizə bağışladığı imkanlardı, hədiyyədir. Deməli, bu məqamda xəyalpərvərlər, xüsusilə ilham pərisi sorağında olan şairlər göy üzünə daha çox bələd olurlar. Ona görə də göy üzü ilə söhbət etmək, ona üz tutub dərdini demək, ondan nəyisə ummaq və bunu da poetik bir fikrin mənzərəsinə çevirmək təbii sayılır. Axı bu bir şair ilhamının, bir şair xəyalının və nəhayət, bir şair istedadının ortaya qoyduğu söz sənətidir.
Dəyanət Osmanlı mənimlə bir zaman kəsiyinin söz adamıdı. Necə deyərlər, bizim ədəbi yolumuz paralel və bir-birinə könül verə-verə bugünə qədər gəlib və bundan sonra da inşallah Allahın verdiyi ömrün sonuna qədər davam edər. Bunu sözgəlişi yazmıram. Demək istəyirəm ki, yaradıcılığına kifayət qədər bələd olduğum Dəyanət özünəməxsus şairdi. Onun ruhunda türkçülük hakimdi və bu türkçülük müstəvisində böyük sözə doğru yol gəldiyini şeirlərində də, publisist yazılarında da rahatca hiss etmək mümkündü.
Bu gün layihəmə uyğun olaraq Dəyanət Osmanlı ilə həmsöhbətəm. Onun «İlk...Və...Son...» kitabından bir şeir seçmişəm. Ona görə bu şeiri seçdim ki, o ruhun oxşarını, bənzərini mən də yaşamışam. Yaşanan hisslər sonda şeirə çevrilib. Dəyanət Osmanlı yazıb ki:
Başımız üstündə quşlar
göy üzünü daşıyır harasa.
Açılır həyatın üstü,
günahlar torpağa damır.
Həqiqətən hərdən adama elə gəlir ki, yerdən qopub göy üzünə doğru uçan quşlar yer üzündəki yaxşı və eləcə də günah sayılacaq nə varsa hər şeyi daşıyıb aparır. Onlar bu missiyanı yer üzünü paklaşdırmaq, təmizləmək üçün edirlər. Yəni bu şair yanaşmasıdı, şair baxışıdı. Lakin göy üzü yer üzünə o qədər bağlıdı ki, ona o qədər təknədi ki, yerdən daşınanları özündə saxlamır. Açıb ovcunu təkrar səpir yer üzünə – yağış şəklində... dolu şəklində... qar şəklində... Mən də bu mənzərənin seyrinə dalaraq öz iç dünyamın səsini, daha doğrusu ağrısını sıxıb sakitləşdirmək, dondurmaq istəyirəm. Bu da alınmır. Və onda mən də yazıram ki:
Ürəyimdəki ağrı,
Əllərimə sığışmır...
Ağrının əl-ayağı –
Ürəyimdən yığışmır...
Gördünüzmü, göy üzünə günah daşıyan quşlarla ürəyimdəki ağrılar arasında bir gözəgörünməyən bağlılıq var. Orda da günahlar qayıdır təkrar yerinə, burda da əllərim ağrını sıxıb saxlaya bilmir, daha da artıb çoxalır. Bax onda adamın umudu da, gümanı da qarışır bir-birinə. Özünü oda, közə vurmaq, çarpışmaq bir işə yaramır. Çünki kədər səndən güclüdü. Ona görə ki, qədər belə yazılıb. Bax onda təkrar yenə göy üzü ilə həmsöhbət olmağa, yenə kədərlə dil tapmağa çalışırsan. Bu anın özündə də Dəyanətin pıçıltısı, daha doğrusu, poetik fikri ortaya çıxır, özünü göstərir. Və deyir ki:
Yanan umudların işığında
ürəyimə düşən kədər
bir daha geri qayıtmaz
üzümə söyləmədiyin
sözlərin acığına.
Biz bu dünyada bəzən istəkdən, bəzən sevgidən, bəzən məcburiyyətdən, bəzən də acıqdan müəyyən addımlar atırıq, müəyyən sözləri dilə gətiririk. Bütün hallarda yaranan, eşidilən söz olur. Onun mayası nə olur-olsun, artıq dilə gətirilibdisə, deməli ünvanı da var. Hətta heç vaxt söyləmədiyin, yalnız Allahın bildiyi, yalnız Allahın xəbərdar olduğu həmin o sözlər kimə görəsə, ya ən xoşbəxt, ya da ən talesiz sözlərdi. Çünki o sözlərin yuvası ürəkdi, həm sevən, həm də ağrıyan ürək! Sevgidən qaynaqlanan sözlər sevən ürəyin, talesiz sözlər isə ağrıyan, küskün ürəyin pıçıltısıdı. Deməli, inamın, inancın olanda, o söz ümid verir, adamın içində bir işartı kimi közərir. Sanki saçaqlanır, sanki artıq çoxalır. Bax belə bir anı yaşadığımdan mən də yazmışam ki:
Saçaqlanır anbaan
Münbitdi düşdüyü yer...
Sağalmasına inan
Və ona sən ümid ver!
Gördüyünüz kimi, ümidli söz, işıqlı söz ürəyə həm təsəllidi, həm də onun yaşamasına əl uzadan, şərait yaradan, qolundan tutandı. Bu da böyük mənada sözün gücüdü, sözün qüdrətidi. Həmin sözün də sahibi kimliyindən asılı olmayaraq içindəki sevgini, ağrı-acını, həsrəti, nifrəti necə yaşayıbdırsa və yaşayırsa, o cür də söz qoyur ortaya. Şeirinin əvvəlki bəndlərində mənim söylədiyim fikrin alt qatlarına işıq salan Dəyanət Osmanlı şeirinin sonunda yazır ki:
Heç vaxt söyləmədiyin,
o talesiz sözlər
əbədi uyğuya qalar
təzə başdaşında,
əziz yazıda,
gün vurub solduran bir bayatıda.
Yəqin ki, talesiz sözlərin yozumunu indi Dəyanətin hara aparıb çıxartdığı siz də başa düşdünüz, gördünüz. Bu başdaşlarına yazılan sözlər Dəyanətə görə talesizdi. Amma onun fikrinin hüceyrəsində, özülündə bu adi məntiqin altı dayanır. Əslində həmin sözlər bir talesizin özünə sözü şərik etməsidi, özü ilə sözü bir taledə qovuşdurmasıdı. Deməli, sözün bəxti həmin talesizin bəxti ilə dil tapmasında gətirməyib və söz əbədi yuxuya gedən, sevdiklərindən, doğmalarından, evindən, ocağından ayrılan birinə qoşulub onun olduğu və dönməyəcəyi dünyaya üz tutubdu. Ona görə də Dəyanət özü-özünü sözlə üz-üzə gətirib onun talesizliyinə həm də bir şair kimi, bir Allah bəndəsi kimi qəlbən acıyır və pıçıldayır ki, siz əziz bəxt yazısı olsanız da, həm də solan bayatısınız. Elə bu məqamda da mən dostuma qoşulub artıq əllərimin, ovuclarımın, elə ürəyimin özünə də sıxıb saxlaya bilmədiyim ağrıya minnətçi düşürəm. Onun könlünü almaq, onu ovutmaq istəyirəm. Təbii ki, sözlə. Bu söz də talesizdi. Çünki ağrı ayağına gedib, ağrı üstünə gedib:
...Əllərimin tutumu,
İtiribdi ölçüsün...
Əlimə bax, budurmu –
Əllərinin elçisi?..
Bəli, biz – yəni Dəyanətlə mən göy üzünə daşınan günahların, o cümlədən bizim günahların ifadəçisi olan talesiz sözün uğurlu taleyini onu şeirə çevirməklə həll etdik. Bu, şairin sözə sevgisinin ən yaxşı nümunələrindən biridi. Təbii ki, mənim məntiqimlə, mənim düşüncəmlə.