adalet.az header logo
  • Bakı -°C

Rusiya–Ukrayna müharibəsinin diplomatik həlli yoxdur - Politoloq

74 | 2025-12-31 13:45
A- A+

“Rusiya–Ukrayna müharibəsinin diplomatik yolla həlli hazırkı mərhələdə real görünmür. ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq istiqamətində irəli sürdüyü siyasi təşəbbüslər nəticə vermir. Bunun əsas səbəbi Trampın bu münaqişəni təhlükəsizlik və beynəlxalq hüquq problemi deyil, ərazi müharibəsi kimi dəyərləndirməsidir. O hesab edir ki, Ukraynanın ərazi güzəştinə getməsi Vladimir Putini müharibəni dayandırmağa vadar edəcək”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, lakin Rusiya prezidentinin əsas planı Donbasla məhdudlaşmır:

“Kreml Ukraynanın tam nəzarətə götürülməsini, bununla da Şərqi Avropada geosiyasi mövqelərini möhkəmləndirməyi və yeni təsir zonası formalaşdırmağı hədəfləyir. Bu səbəbdən aparılan danışıqlar nəticəsiz qalır. Ümumiyyətlə, Rusiya danışıqlarda səmimi maraqlı deyil; bu prosesdən yalnız vaxt qazanmaq və işğalı genişləndirmək üçün istifadə edir. Donald Tramp və Vladimir Putinin siyasi baxışlarında oxşarlıqlar mövcuddur. Hər iki lider güc yolu ilə sərhədlərin dəyişdirilməsini mümkün və legitim hesab edir. Trampın Danimarkaya məxsus Qrenlandiya ilə bağlı sərt mövqeyi bunu açıq şəkildə nümayiş etdirir. Məhz bu yanaşmaya görə Tramp Donbasın Rusiyaya verilməsini dəstəkləyir; çünki bu presedent gələcəkdə Qrenlandiya məsələsində güc siyasətinə əsas yaratmış olur. Rusiya prezidenti indiyədək bütün danışıqlar proseslərini və əldə olunmuş razılaşmaları pozub. ABŞ ilə Ukrayna razılaşdırıldığı 20 bəndlik sülh planının pozulması və Rusiyanın bunu Ukraynanın hücumu ilə əsaslandırmağa çalışması danışıqlar prosesini tam dalana dirəyib. ABŞ prezidenti Tramp isə Putinin təkliflərini real və məqbul kimi qəbul edir. Məhz bu yanaşma Ankoric görüşündə Donbasın Rusiyaya verilməsinə razılıq verilməsi ilə nəticələnmişdi”. 

M.Əsədullazadə deyib ki, 2026-cı ildə müharibənin davam etməsi gözlənilir: 

“Əgər ABŞ prezidenti D.Tramp mövcud Rusiya siyasətini dəyişməzsə, heç bir irəliləyiş əldə olunmayacaq. Müharibənin bitməsi və Rusiyanın cəbhə xəttində real məğlubiyyətə uğradılması üçün ABŞ Ukraynaya öldürücü və hücum xarakterli silahlar verməlidir.2026-cı ildə danışıqların yenidən müsbət başlanması da mümkün görünmür. Ukrayna indiyədək demək olar ki, bütün siyasi güzəştlərə gedib, yalnız ərazi güzəşti istisna olmaqla. Ərazi güzəştinə razılıq vermək isə Qərbin Rusiya qarşısında strateji məğlubiyyəti deməkdir. Bu halda Rusiya həm hərbi, həm də siyasi baxımdan qələbə əldə etmiş olacaq”.

Vasif

TƏQVİM / ARXİV