Baş Dövlət Yol Polisi İdarəsi Lerikdə baş verən qəzanın səbəbini açıqlayıb.
İdarədən Adalet.az-a verilən məlumata görə, bu gün saat 08:40 radələrində Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrində Lerik rayonu, Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qeyd edilib ki, qəza nəticəsində P.Məmmədovun həmkəndliləri olan 6 nəfər sərnişinindən 2-si xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır:
"Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün verilən tövsiyələrə əməl etməyə çağırır".
***13:50
Bu gün saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
12:00
Lerik rayonunda ağır yol qəzası baş verib.
Adalet.az xəbər verir ki, hadisə Lerik rayonu ərazisində qeydə alınıb.
Belə ki, Lerik istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil idarəetməni itirib və dərəyə aşıb. Nəticədə sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
6 nəfər kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata görə, qəzaya düşənlər Bakıdan Lerikə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.


Bakı -°C
