Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlər qadağan olunur. Bu, Milli Məclisin Aqrar siyasət, iqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanunda təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, elektron siqaterlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.
Mövzuyla bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, 10 ildən çoxdur Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul olunub və ölkəmiz beynəlxalq tütün konvensiyalarına qoşulub:
“Qanun qəbul olunandan sonra burda bir neçə dəfə dəyişiklik olub və bu dəyişiklik isə tütünün məhdudlaşdırılması ilə bağlı idi. Tütün yeganə məhsuldur ki, bütün dünya buna yox deyir. Tütün məişət narkomaniyasıdır. Bizim təşkilat dörd daha təhlükəli siqaret istehsal edən firmanın bağlanmasına nail olub. Siqaretin bütün növləri zərərlidir. Lakin qanun qəbul olunsa da, sərtləşdirilsə də çox təəssüf ki, tələbləri yerinə yetirilmir. Siqaretlərin tək-tək, sağlamlıq və təhsil müəssisələri yaxınlığında satışı qadağan olunsa da satılır. Bunlar hamısı onu göstərir ki, Azərbaycanda tütünə meyillilik böyükdür. Qardaş Türkiyədə qadınlar kütləvi sürətdə siqaret çəkirlər və bu sürətlə Azərbaycana da keçir. Bütün bu vəziyyətdə Azərbaycanda bazara “Glo” adlı elektron siqaret, qəlyan daxil oldu. Bütün bunlar hamısı insanlar üçün zərərlidir. Düşünürəm ki, bunlara qadağa qoyulmalıdır”.
Ekspert bildirib ki, ölkədə külli-miqdarda qaçaqmal siqaret və elektron siqaret var:
“2017-ci ildə beynəlxalq bir təşkilatın apardığı araşdırmaya görə Azərbaycan büdcəsi qaçaqmal siqaretdən 20 milyon dollar zərər çəkib. Azərbaycan bazarında qaçaqmal siqaretlər bu gün də var. Bu siqaretlər mənşəyi bilinmədiyi üçün təhlükəli hesab olunur. Eləcə də elektron siqaretlər var. Azad İstehlakçılar Birliyi qaçaqmal siqaretlərin qarşısını almaq üçün müəyyən təbliğatlar aparır”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
