Şuşaya qayıdışın bələdçiləri - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
892 | 2022-07-01 11:05

İndi sizə təqdim etdiyim xatirələrin izi 2020-ci il noyabr ayının 6-na gedib-çıxır. Həmin gün 44 günlük Zəfər müharibəmizin iştirakçısı və şahidi kimi Şuşaya doğru dumanın qaranlığını yarıb-gedən oğulların önündə onlar addımlayırdı. Bu adamlar Şuşanın həsrətini 30 ilə yaxın ürəklərdə daşımış, ona qovuşmaq üçün hər an döyüşə hazır olmuş və bir də yorulmaq bilmədən əllərini Allaha açıb, dualar etmişdilər. Və Allah da onların duasını eşitmiş, Ali Baş Komandanımız da 2020-ci il sentyabr ayının 27-də torpaqlarımızın işğaldan azad edilməsi üçün qətiyyətli addım ataraq özünün tarixi əmrini vermişdi...

Müharibə başlayan kimi xalqımız çağırış məntəqələrinə, hərbi hissələrə, Ali Baş Komandana müraciətlər ünvanladı. Hamı döyüşə getmək, hamı torpaqlarımızın azadlığında iştirak etmək istəyirdi. Xalq öz sərkərdəsi ilə, öz ordusu ilə birlikdə dayanmışdı. Bax, həmin o məqamda indi barəsində söhbət açacağım, əslində isə onların dediklərini sizə çatdıracağım qəhrəmanlar da tam hazırlıq vəziyyətində idilər. Çünki...

Orduxan Kərimovu qarabağlılar, şuşalılar yaxşı tanıyır.  O, Şuşada polis şöbəsinə rəhbərlik edib. Necə deyərlər, Şuşanın bütün çığırlarını, bütün giriş-çıxışlarını ovcunun içi kimi tanıyır. Məhz buna görə də döyüş ərəfəsində onu DİN-in rəhbərliyi bu döyüşlərdə bələdçi kimi iştirak etməyə dəvət etdi. Belə bir dəvəti böyük məmnuniyyətlə qəbul edən Orduxan Kərimov, həmçinin onunla birlikdə Azərbaycanın Milli Qəhrəmanı Mövsum Məmmədov, Səməd Məhərrəmov, Vüqar Xuduyev, Faiq Salahov,  İlqar Rüstəmli də onunla birlikdə Şuşaya girəcək hərbçilərimizə bələdçilik etmək üçün Şuşa rayon Polis Şöbəsinə toplaşdılar. Burda onu da vurğulayım ki, dəvət edilənlərin hamısı Birinci Qarabağ müharibəsində və yaxud da 2016-cı ilin aprel döyüşlərində iştirak etmişdilər. Həm döyüş təcrübələri, həm də Şuşanı yaxşı tanıdıqları üçün onlara etimad göstərib belə bir tapşırığın icrası üçün üzərlərinə məsuliyyət qoymuşdular.

Bu günlərdə ehtiyatda olan polis polkovniki Orduxan Kərimovla həmsöhbət olduq. O, həmin günləri özünəməxsus bir tərzdə, həm də ömrünün ən yaxşı xatirəsi kimi mənimlə bölüşdü...

- Mən özümə və Şuşaya gedənlərə bələdçilik edən dostlarıma göstərdiyi etimada görə cənab nazirimiz Vilayət Eyvazova BTİ-nin rəisi Oqtay Rəhimova qrupumuz adından təşəkkürümü bildirirəm. Məhz onların təşəbbüsü ilə Şüşaya getmək, Şuşanın bələdçisi olmaq missiyası bizə nəsib oldu. Deməli, həmin gün, yəni, noyabr ayının 6-da mənim, eləcə də bayaq adlarını qeyd etdiyim dostlarımı Şuşanı yaxşı tanıdığımıza görə Şuşa rayon Polis Şöbəsinə dəvət etdilər.  Bizə tapşırıq verildi ki, səhər sübhdən Horadiz şəhərində olaq. Biz ora gələndə qrupumuza Bakı Baş Mühafizə İdarəsindən İlham Kərimov və Cəlilabad rayon Polis Şöbəsindən Əvəz, eləcə də başqa bir təhqiqatçı da qoşulmalı idi. Lakin qrupun təşkilatçıları, yəni, rəhbərlik belə məsləhət gördü ki, əvvəlcə biz beş nəfər bələdçi kimi Şuşaya gedək. Təbii ki, rəhbərliyin qərarı qəbul olundu. Həmin vaxt Şuşa ətrafında döyüşlər gedirdi. Noyabr ayının 7-də komandanlığın tapşırığı ilə mən qrupa rəhbər təyin edildim və Horadiz şəhərindən Şuşa istiqamətinə yola düşdük...

Yol boyu gördüklərimiz, şahidi  olduqlarımız bizi dəhşətə gətirirdi. Düşmən işğal altında olmuş Füzulini, onun kəndlərini elə bir vəziyyətə salmışdı ki, sanki bu yerlər yüzilliklərin xarabalıqları idi. Hətta qəbiristanlıqlar da dağıdılmışdı. Bizi Hadrut qəsəbəsində DİN-in nümayəndəsi təlimatlandırdıqdan sonra qarşımıza konkret tapşırıq qoyuldu. Bildirildi ki, Şuşa ətrafında döyüşlər gedir. Bizim üzərimizə düşən vəzifə ordumuzun Şuşaya itkisiz və  vaxtında daxil olmasına kömək etməkdir. Bunun üçün biz şəhərə düşmənin gözləmədiyi yerlərdən daxil olub, orda əsgərlərimizin mövqe tutmasına köməklik göstərməliyik. Qeyd etdiyim kimi, noyabr ayının 7-də günorta Kirs dağının ətəyindən Zarıslı kəndinin üst tərəfində artıq yerləşmiş daxili qoşunlarımız və xüsusi təyinatlılarımız şəhərə girmək üçün tam hazır idilər. Necə deyərlər, həmin mövqelərdən Şuşaya bir nəfəslik yol qalırdı. Hava dumanlı olduğundan biz Şuşaya tərəf nisbətən sərbəst getmək imkanı qazanmışdıq. Amma qəflətən duman çəkildi, belə bir gözlənilməzlik Mahir və Orduxan üçün müəyyən çaşqınlıq yaratdı. Çünki onların gözlərinin qarşısında Şuşa dayanmışdı. Onlar şəhərlə göz-gözə baxırdılar. Özlərinin də dediyi kimi, durduqları yerdən baxanda Daşaltı ayaqlarının altında qalırdı. 

Yeri gəlmişkən, xatırladım ki, Orduxan da, Mahir də Şuşada yaşadıqlarından, işlədiklərindən, həmçinin Birinci Qarabağ müharibəsində Şuşanın müdafiəçiləri sırasında olduqlarından bu doğma yerlərin hər qarışı onlar üçün təkcə tanış yox, həm də ömrün bir parçası idi. Ona görə də hələ müharibədən əvvəl - 1982-1990-cı illərdə Şuşa milisinə rəhbərlik etmiş Orduxan Kərimov da özünü bir anlıq həmin o şuşalı günlərdə hiss etdi. Və özündən asılı olmadan kiminləsə danışırmış kimi dedi:

- Biz gəlmişik, Şuşa! Mən gəlmişəm, Şuşa! 

O, qeyri-ixtiyari səsləndirdiyi bu sözlərin ardınca Şuşada şəhid olan dostlarını da, yaxınlarını da gözünün önünə gətirdi. Özündən asılı olmadan gözləri yaşardı... Bu arada düşmənin minomyot və artilleriyası işə düşdü. Güllələrdən yayınmaq üçün özlərini yaxınlıqdakı fermaya çatdırdılar. Burda gecənin düşməsini gözləmək lazım idi. Yolun yorğunluğunu çıxarmaq, bir az dincəlmək də pis olmazdı. Amma Şuşa ilə nəfəs-nəfəsə olduqları üçün heç birinin gözünə yuxu getmirdi. Nəhayət, daxili qoşunlar və xüsusi təyinatlılar irəli atılmaq üçün hərəkətə gəldilər. Həmin xüsusi təyinatlıların arasında Səbuhi adlı cavan bir oğlan da var idi. Ermənilər ordumuzun Şuşaya yaxınlaşdığını sanki hiss etmişdilər. Ona görə hər tərəfi aramsız atəşə tutub, elə bil mərmilərlə şumlamağa çalışırdılar. Bu vaxt xüsusi təyinatlılarla birlikdə gələn "Kamaz”ın sürücüsü yaralandı. Biz Sığnaq kəndinə daxil olanda komandan bildirdi ki, Orduxan Kərimov, Zəfər Əliyev və sürücü yolu tam bələdləmək üçün Şuşaya girib-çıxmalıdılar. Bu, təhlükəsizlik üçün, yəni, düşmənin həmin yerlərdə mövqeləri olub-olmamasını dəqiqləşdirmək üçün lazım idi. Noyabrın 8-də gecə Orduxan Kərimov 1992-ci il may ayının 8-də tərk etdiyi şəhərə daxil oldu. Artıq Şuşada olan qrup onlara verilmiş tapşırığa uyğun olaraq ratsiya ilə xüsusi təyinatlıların Şuşadakı kilsədəki alt qatında olduqlarını komandanlığa bildirdilər. Orduxan Kərimovun evi də  elə kilsənin yanında olduğundan o, bir anlıq evinə doğru getmək istədi. Amma verilmiş əmri pozmaq olmazdı. Ona görə də xüsusi təyinatlılarla görüşəndən sonra məruzə edildi ki, şəhərə girmək üçün yollar, cığırlar təmizlənib. Öz evinin beş addımlığında dayanan Orduxan görüşdüyü xüsusi təyinatlılara da, onunla birlikdə Şuşaya daxil olanlara da deyirdi ki, tezliklə sizi bu 32 mənzilli binadakı evimə qonaq aparacağam. Elə bu vaxt ona yaxınlaşan hərbçi dedi:

- Cənab polkovnik. Məni tanımadınız? Mənəm, Səbuhi. Dünən gecə sizi qaranlıqda gördüm, səsinizdən tanıdım. 

Orduxan Kərimov da onu tanıdı. Qollarını açıb qucaqlayaraq, mən də səni tanıdım, - dedi. Əhd etmişdim. Artıq arzuma çatmışam. Şuşa şəhər İcra Hakimiyyətinin binasına bayrağı özüm sancacağam! - deyən Səbuhi sevincindən yerə-göyə sığmırdı. 

Şəhərdə döyüş gedirdi. Demək olar ki, erməni tör-töküntüləri, necə gəldi, pərakəndə şəkildə güllə yağdırmaqla xilas olmağa çalışırdılar. Xüsusi təyinatlılarımız və daxili qoşunun nümayəndələri onlara göz açmağa imkan vermirdi. Bu səhnəni soydaşlarımız televiziya yayımlarında yəqin ki, izləyiblər. Görüblər ki, ən ağır döyüşlər şəhər qalasının ətrafında "Kolxozstroy”, tar fabriki,  "Əjdaha bulağı” yaxınlığında gedib. Bax, elə həmin o döyüşlər gedən vaxtı şəhərə bələdçi kimi daxil olmuş qrup öz gəldikləri yola müəyyən işarələr qoymaqla geri qayıtdı. Çünki onları gözləyirdilər. Və işarələri də yolların açıq və təhlükəsiz olduğunu  göstərmək üçün qoyurdular. Orduxan Kərimov qrup üzvlərinə təkrar-təkrar bildirirdi ki, elə etmək lazımdır ki, bizim qoyduğumuz işarələri düşmən görsə, heç nə anlamasın. Gecənin qaranlığında onlar şəhərdən çıxdılar. Artıq saatın əqrəbləri gecə saat 3-ü göstərirdi. Bu vaxt şəhərə girəcək orduya rəhbərlik edən generalın maşınında Orduxan Kərimov əyləşmişdi. Digərləri isə başqa maşınlarda yer tutaraq Şuşaya doğru hərəkətə başladılar. Hərəkət edən maşınların işıqları söndürülmüşdü. Necə deyərlər, təhlükəsizlik, düşmən diqqətini çəkməmək üçün edilən bu hərəkət böyük risk idi. Ona görə ki, yollar bərbad gündə, qaranlıq, duman da ki bir yandan. Belə bir vəziyyətdə qəzalar da baş verə bilərdi. Bir tərəfdən də ki ermənilər dayanmadan atəş açırdılar. Necə deyərlər, gələn səsləri, eşidilən hər hansı bir səsi də  düşmən atəşə tuturdu.  Bu vaxt yaxınlıqda pulemyot səsi eşidildi. Bir-birinə baxan Orduxan və Mahir- ikisi də eyni anda dedi:

- Bizimkilərdir! 

Saat dörd radələrində ay işığı görünməyə başladı. Bu vaxt meşədən çıxan karvan surəti daha da artırdı və Topxanaya doğru yaxınlaşdı. Özündən asılı olmadan Orduxan Kərimov generala dedi:

- Cənab general. Əla oldu. Əsas yeri keçdik. Bu döngəni və enişi keçməklə biz Daşaltı çayına düşəndə artıq hava alatoran olacaq.  Ermənilərin bizi aydın görməməsi üçün surəti bir az artırmalıyıq. Bacardıqca kəndə tez çatmalıyıq ki, itki verməyək.

Bu vaxt düşmənin PUAları göründü. Generalın əmri ilə karvan surətini bir az da artırdı. Kəndin kandarında düşmən maşınlarımızdan birini vurdu, birini də gecə meşəyə çatanda vurmuşdular. Amma artıq onlar bizə heç nə edə bilməyəcəkdilər. Çünki şəhərə girmişdik. Artıq Şuşada idik. Bir saat ərzində şəhərin beş nöqtəsində postlar qoyuldu. Birinci post Şuşanın aşağı girişində, ikinci Gəncə qapısında, üçüncü bürcdə, dördüncü  Qırxpilləkən tərəfdə, beşinci isə Üçmıxda quruldu. Postlar qurulandan sonra rəhbərliyə tapşırığın yerinə yetirilməsi məruzə olundu. 

Noyabrın 9-u bütün günü Şuşaya Xan kəndi, Kərkicahan, Daşkənd və Laçın istiqamətindən artilleriya, qrad, minomyot və digər silahlar susmadan şəhərə mərmilər yağdırmağı da davam etdirdi. Lakin ordumuz, xüsusilə, daxili qoşunlarımız və xüsusi təyinatlılarımız şəhəri erməni işğalçılarından azad etmişdi, bayrağımız Şuşada dalğalanırdı. İndi burdan bizi kimsə çıxara bilməzdi. 

Bəli, həmin məqamları xatırlayan Orduxan Kərimov onu da vurğuladı ki, həyatımın ən gözəl və ailəmin nəslinin tarixinə yazılacaq anlarını mən həmin gecə yaşadım. Mən Şuşaya qayıtdım. Şuşanın bələdçisi oldum. Bir də ona sevindim ki, qrupumuzda tələfat olmadı, əksinə, göstərdiyimiz xidmətə görə daxili  işlər nazirliyinin rəhbəri qrupumuza təşəkkürünü bildirib, bizə geri qayıtmağı tapşırdı. Hə, bir də bu xidmətimizə görə Ali Baş Komandanımızın əmri ilə Orduxan Kərimova «Vətən uğrunda», Səməd Məhərrəmov, Mahir Əliyev, Faiq Salahov və Vüqar Xudiyevə «İgidliyə görə» medalları verildi. Bunun özü də Şuşaya qayıdışımızın  həyatımızdakı ən gözəl nişanəsidi...

Bəli, Şuşaya qayıdışa bələdçilik etmiş qrupa rəhbərlik etmiş istefada olan polkovnik Orduxan Kərimovun xatirə söhbəti məni də məhz Şuşanın azad edildiyi günə çəkib-apardı. Çünki bu xatirələr hər birimizin ömründə Şuşanın qayıdışı ilə yaşayır.

TƏQVİM / ARXİV