adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7

SUS elində kimin günü xoş keçir... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
3094 | 2022-11-06 10:45

Kimin günü... Çətin sualdı. Nekrasova cavab tapmaq mümkün olmadı. Xalqın sevgisini qazana bildi, amma. Amma sevgi kimin qarnını doyura bilib ki?

İstədim o poemanın qəhrəmanları kimi düşüm yollara və xoşbəxt insanları aşkar edim... Bizim eldə xoşbəxtlər kimlərdi?

Əvvəlcə kütləvi sahələri müəyyən edək də. İctimai varlıqdı insan... Belə deyirlər də. Yəni nə iləsə məşğul olan, ya da çörəyinin hardan gəldiyi bəlli olan. Kütləvi? Kimdir bu kütləvilər?

Fikirləşdim... Əsgərlər ola bilər – çoxluq onlardı. Hər halda bizdə belədi. Od-alov altında, təpik altında, bəlli bir yerdə evi-eşiyi olmayan... Hər gün ölümlə üz-üzə... Əsgərin günü hardan xoş keçəcək ki?.. Uzaqlaşaq əsgər adından. Baxaq görək kimi tapırıq... Əsgərlər çoxluqda indi torpağın altında yatır. Yəni yatmaq vaxtı deyilsə də göndəriblər də ora. Yatmağa yəni... Məzarlığa... Məzarlıq deyəndə mollalar yada düşür... Ruhani yoxa ha, onların ruha nə dəxli? Bizim məmləkətdə adı ruhani olanlar zaman-zaman müxtəlif yerləri zəbt edib oturublar və sürgünlərdən tutmuş edama qədər yol gediblər. İndi də kef elədikləri söylənilməz – ya qəbir üstündə müştəriyə görə dava edirlər, ya ağlaşan adamlara tamaşa edirlər, ya da can verən insanlara dini ritualları icra edirlər. Onlara xoşgünlü demək olarmı? Qəpik-quruş uğrunda savaşırlar...

Həəə. Deməli, mollalarımız da xoşbəxt deyil. Bəlkə müəllimlərə deyək???

Müəllim... Böyük səslənir – öyrətmək. Kimi öyrədir? Hansı dildə öyrədir? Dilimizin adı hələ də bəlli olmayıb, bu uğurda da mübarizə gedir. Neçə əsrdi dəyişə-dəyişə gedir. Neçə əsrdi nə qədər imperiyaların tapdağı altında qalıb məmləkət... Onun müəllimi kimə lazımdı??? Oxumayan şagirdləri oxutmağa çalışır nə müqalibində? Yenə qəpik-quruş... Xəstələnir əldən düşür. Bu zaman yeni kütlə gəlir göz önünə. Yeni gəlir deyəndə çoxdan gəlib eee. Sadəcə mən indi dedim. Həkim!!!

Həkim də mürəkkəb məsələdi. Ömrü boyu oxuyur, ömrü boyu öyrənir və nəticədə nə olur? Xəstələrlə üzbəüz qalır. Qarğış, söyüş alır. Xoşbəxtdirmi??? Hələ əvvəllər dədələri kisəylə pul verib oxutdururdular ki, həkim olsun övladları... Günləri xoş oldu??? Qətiyyən – hamı öz peşəsinin gətirdiyi ağrı-əzabı yaxşı bilir. Qazancı nə olur??? Qazanc xoş gün verirmi? Deyəcəksiniz ki, əlbəttə!!! O qədər zəngin və qaragün adam var ki... VAR!!!

Müşahidələrim deyir ki, xoşbəxt adamları ancaq reklamda görmək olur. Fərqi yoxdu nə reklamıdı – dərmanmı, bankmı, mebelmi... Ancaq reklamda imitasiya olunur... Və zatən yaşadığımız pandemiya da reklam üçün yaradılıb...

Reklama çox baxın. Reklamlar da başqa kütlənin əlində – KİV-lərin. KİV-lər kimin əlində? Məlum məsələ – zaman-zaman xozeyinlər fərqli olub. Əli Həsənov idi bir vaxtlar – xoş günlü idi? Tam dəqiq cavabım olmayacaq. Özündən də soruşa bilmərəm, həm də səmimi cavab alacağıma güman yoxdu. İndi də Hikmətli bəydi... Ona da əlim çatmır soruşam. Onun da səmimi olduğuna inanmıram. Moşu Göyəzənlinin gününə düşdüm vallah. Kimdi xoşgünlü? Danışa bilənlər? Susmayanlar? Ya Sus elində yaşamayanlar?

Gün ərzində iki tərəfin TV-nə baxıram. Yəni onların dilini bilirəm də. Türkiyədə seriallar gözəl çəkilir. Hərdən yaxşı filmlər də olur. Rusiyada da eynən...

Amma Rusiya müxtəlif güc strukturlarının sifarişi ilə də çox film çəkir. Məsələn, eyni gündə həm FSB, həm Müdafiə Nazirliyi, həm Daxili İşlər orqanları haqqında filmlər verilir. Hamısında da bir-birinə ilişirlər. Yəni rəqabət məsələsi olduğundan hər tərəf öz xeyrinə çalışır... Əslində bu, çoxdan var – xatırlayın. Mесто встречи изменить нельзя ... Və ya Семнадцать мгновений весны... Bu iki təşkilatın davası idi. Şelokovun və Andropovun... Amma nəticədə tamaşaçı qazanmışdı, rejissor-aktyor heyəti qazanmışdı. Dövlət qazanmışdı...

Təbii ki, imperiyalarla müqayisə etmək fikrindən çox uzağam... Amma müharibə haqqında olar da... Yoxsa o da siyasi məsələdir??? Yəni mədəniyyət işlərinə baxan nazirlik nə fikirləşir???

Yenə gəldim susmaq məsələsinə. Hamının ağzını yummaq üçün təşkilatlar var da. Polis və ya lap böyüyü... Qara maskalılar. Deməli, onlardı xoşbəxt??? Polisin biri bizim evdə var. Desəm ki, xoşgünlüdü yalan olacaq. İçindən xəbərim olmamış deyil. Qara maskalılar necə? Onlar xoşgünlüdü? İnanım ki belədi? Deməli, maskaların sayı artsa millət yaxşı yaşayacaq? Pandemiya sayılmayacaq maska sayının artması? Həmin say da nəzarətə başlayacaq da.

Bu yaşa çatmışam – hələ görməmişəm yaxşı nəyisə düzgün ünvanına çatdırsınlar. Amma ola bilər də nəyəsə "pis" deyərsən – üstünə beşini də qoyub yollayacaqlar sahibinə. Ya da birbaşa özləri deyəcək... Kiməsə yaxşı deyib ona niyə dividend gətirsinlər ki? Hazır öz işini həll edər də ....

Çatdı yəqin nə deyirəm. Açıq deyə bilmirəm də. Xoş şey deyil axı... SUS!!!

İnsan cəmiyyəti heç vaxt (ən ağır repressiya dövründə də) bir fikirli, bir düşüncəli olmayıb. Hətta dəmirqapı SSRİ-də də anekdot, ya samizdat şəklində də öz fikrini bildirib... Siyasət lazımdı... Diplomatiya... Görən səfirlər xoşbəxtdi??? Onların da başı Qarabağ söhbətinə qarışıb...

Siyasət... Saç sancağı üstə qırğın düşüb bacıların arasına. Fərəh Saranın sancağını taxıb başına, Sara ağlayır. Mən də sakitləşdirirəm guya – Sara, sən gözəlsən, neynirsən sancağı? Bax Fərəh necə kifirdi, ona lazımdı sancaq. Fərəh bir-iki dəfə dedi - yox mən də qəşəngəm. Gördü mən fikir vermirəm. Çıxartdı sancağı başından taxdı kuklasına. Dedi - gör necə yaraşır kuklaya?

Bu, siyasətdi!!! Heyif, heyif belə balaca ölkədə doğuldu bu uşaqlar... Sus elində!!!

Baxıram xəbərlərdə... Məmləkətdə belədi – sata bilirsənsə alacaqsan. Fərqi yoxdu – 18 yaşlı əsgəri, dövlətin maraqlarını, öz ləyaqətini... Vəzifəni, iş yerini, qəzet səhifələrini. Prinsip budur – sat... al...

Bu dövlət, bu dövlətin bayrağı uğrunda döyüşən bir ailədə böyümüşük. Kimsəyə təzim etmədən – amma bu gün dövlətin parası ilə "Qapalı Səhmdar Cəmiyyət"i quranlar xalqa və dövlətin başında duranlara hücum edir!!! Dövləti qorumalıyıq , bu da bizim borcumuzdur!!! Bu borc ancaq bizimdi??? Neçə ildi qalıb boynumuzda? Genetik borclar!!! Oğurluq, quldurluq, riyakarlıq da genetik borcdu. Görürsüz necə uğurla yiyə dura bilirlər, susa bilirlər və xoşgünlü olurlar.

Amma ...

İnsan nə zombi deyil, nə də cəza dəstəsi deyil. Və əlini başına aparıb "sluşi" dayanmır. İnsanı tərbiyə eləməyin yolları var. Və bu da döyülməklə olmur. Bunu bəşəriyyət neçə min ildi düşünür.

Təbii, düşüncə varsa... O da kimə lazımdı??? Yazdıqlarımı oxuyan yoxdu zatən. Ancaq özlərinə lazım olanları oxuyurlar. Elə ediblər ki, online da oxuyan olmur. Zövq xətrinə yəni... Bir qrup xoşbəxt edib...

Kütləvi olan kim qaldı??? Pensiyaçılar... Yazıqlar... Gördüm necə qocalır insanlar bizim məmləkətdə... Gənclər... Çoxlu idarələr açıblar... İntihar da kütləvi olub gənclər arasında... Qaçqınlar... Futbol komandası deyil ki, onların hamısı...

Mühacirlər... Əlbəttə yox... Müxalifət.... Yox vallah... hamıya partiya yaratmayıblar...

Ha istədim susam... alınmadı...Sus elində vətəndaşlıq ala bilmirəm... Ha Sus elində, ha Rus elində.

  • Fevral:
  • 4

TƏQVİM / ARXİV