adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Sirr olmayan duyğular - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
361 | 2022-10-12 09:26

Onu sizə çatdırmaqda xalq şairi Nəriman Həsənzadənin şeirindən yararlandım    

 

Əslində hər məqamın, elə hər məclisin özünün də ovqatı olur. Həmin o məclis də, o məqam da sənin öz ovqatının içərisində rahatlamağa, şəraitə uyğunlaşdırmağa, bir sözlə, özünə tabe etməyə çalışır. Təbii ki, burda bir nüans var, o da sənin məclis, məqam adamı olub-olmamağındı. Bunu ona görə deyirəm ki, adətən məclis adamları yerindən, zamanından asılı olmayaraq, həmin o məclisin nəbzini tuta bilirlər. Amma...

Elə adamlar da var ki, (onlardan biri də mənəm – Ə.M.) məclisə uyğunlaşmaq onlar üçün çox çətin olur. Xüsusilə də tanımadıqları, münasibətləri olmadığı şəxslərin iştirak  etdiyi   məclisdə vaxt darıxdırıcı, ovqat cansıxıcı olur. Özünü məclisə yamaq hesab edirsən. Hətta o an üçün içindən bir  " artıq adamın" ağrısı gəlib keçir. Ona görə də tez durub getmək, bu məclisi tərk etmək, özünü öz rahatlığına qovuşdurmaq hissi səni tərk etmir. Amma etik qaydalar, məclisə dəvət edənə sayqı səni dayanmağa, dözməyə məcbur edir. Bax, belə məqamda cingildəyən badələrin səsi bir qıcıq yaradır. Özü də tanımadığım və bəzən də boğazdan yuxarı pafoslu nitqlər, təriflər, yumşaq desək adamın «ətini tökür». Buna da dözürsən və dözə-dözə də növbə gəlib çatır sənə. Şərəfinə badə qaldırılır, sağlıq deyilir. İnanın ki, bu məqamda (əlimi ürəyimin üstünə qoyub tam səmimi deyirəm  - Ə,M,), söylənən sözlər nə qədər içdən gəlsə də, nə qədər təbii və səmimi olsa da ovqat məclis ovqatı olmadığından o da yapışmır sənə. Bir növü yükə çevrilir, ağrıdır səni və sən də dözürsən, dinləyirsən...

Bax, bütün bu yazdıqlarımı hərə bu və ya digər formada yaşayır. Həmin o yaşanan zamanın, duyğuların içində sən öz dünyandan ayrılmadığına görə ikili bir zaman yaşayırsan. O zamanın biri sənin özünə aiddi, biri isə məclisdən qaynaqlanır. Bax, mən bu fikri diktə edərkən masamın üstündə olan xalq şairimiz Nəriman Həsənzadənin «Sirr deyil» şeirinin təsiri altındayam. Hələ 1973-cü ildə yazılmış bu qəribə şeir mənim iç dünyamı bir növü ələdi. Yadıma nələri, kimləri saldı. Xatirələrimin yuxusu qaçdı. Nəriman müəllim yazıb ki:

 

Mənim sağlığıma içdilər dünən,

Dedi arzuna çat bir nəfər, dünən,

Siz çatın, mən amma çatmayacağam,

Mən heç vaxt arzuma çatmayacağam.

 

Bəli, sağlıq deyəndə xoş diləklər səsləndirəndə heç kim qarşısındakının nələr çəkdiyini, nələr yaşadığını bilmir, görmür, onu yalnız Allah bilir və bir də sevdiyim. Çünki sağlığa badə qaldırmaq, sağlıq bağışlamaq deyil, arzudu, diləkdi. Neynəyim ki, arzu, diləklə nə sağlıq ala bilirsən, nə də olan sağlığı qoruyub saxlaya bilirsən. Çünki hər iki halda sağlığın bir sahibi var. O da Allahdı. O sağlığı Allah sevdiyinə, sevginə həsr etmək üçün verib sənə. Sənin boynuna  düşən   isə  veriləni, yəni əmanəti ünvanı üçün xərcləmək, sərf etməkdi. Ona görə də bir gerçəyi heç vaxt yaddan gərək çıxarmayasan. Unutmayasan ki, arzuya çatmağın yolu həm də sevdiyindən keçir. Onun dəstəyindən, yəni təbəssümündən, səsinə səs verməyindən, səninlə bərabər olmağından...

Bax, mən bunların   içərisində özümü arayıb-axtaranda hiss edirəm ki, hələ də o sevgini, yəni səni bir zirvə, bir ucalıq, bir dünya kimi bütünlüklə fəth edə bilməmişəm. Ona görə də:

 

Mən indi çıxıb gedəcəm,

Gedəcəm sizdən ayrılıb.

Özgələri ətrafımda –

Görəcəm bir də ayılıb...

 

Əslində heç getmək istəmədiyim, heç ayağımın üz tutmaq istəmədiyi yerlər, ünvanlar o qədərdi ki. Belə götürəndə dünya böyükdü, amma Nəriman müəllimin təbirincə desəm, mənim arzum hara, getmək istədiyim yer hara, getməyə məhkum olduğum yer hara... Bax, ürəyimə ox kim sancılan da, kürəyimdən vurulan zərbə də bu suallardan qaynaqlanır, bu yaşamdan qidalanır. Bütünlüklə, arzumun, istəyimin ətəyinə çatmayan əlimin sızıltısını, göynərtisini yaşayıram. Və yenə də üz tuturam böyük şairimiz Nəriman Həsənzadəyə:

 

Mənim arzum hara, daha mən hara,

Xatirə söyləsəm...bu bir yığındır.

Mən arzuma çatsam bədbəxt olaram,

Bəlkə xoşbəxtliyim, çatmamağımdır.

 

Həqiqətən böyük məntiqdi. Özü də həyatın hər üzünü göstərən məntiq.! Çünki mənim xoşbəxt olacağım an da, yer də mənim xoşbəxt olmağımı qəbul etməyənin özündən, varlığından keçir. O, bir fərd olaraq, bir varlıq olaraq məntiqli bir sual qoyur ortaya. Sual da belədi:

Sənin xoşbəxtliyinə görə mən niyə öz xoşbəxtliyimdən imtina etməliyəm?

Bəli, sual da gerçəkdi, haqlıdı, sual verən də. Amma cavab da gerçəkdi, cavab eşidən də. Burda bircə yol qalıb. O da Allahın iradəsinə söykənib bəxt deyiləni yaşamaq, özü də sevə-sevə. Əvvəlkindən də, həmişəkindən də çox sevə –sevə yaşamaq. Hara getməyindən, harda olmağından asılı olmayaraq. Küsmədən, bezmədən, yorulmadan SEVMƏK!

Bax, onda bu misralar mənim dilimdə yenə təkrarlanacaq:

 

Bu getmək heç gəzmək deyil,

Küsmək nə də bezmək deyil.

Dözməyim də – dözmək deyil,

Eləcə dözmək sayılıb.

 

Doğrudu, fikirlərimə şərik çıxmayan da olacaq. Yazdıqlarımı pafoslu bir çıxış kimi də qiymətləndirən olacaq. Bunu qəbul edirəm və təbii sayıram. Ona görə ki, hər kəs öz baxış bucağı ilə, öz sevgisi ilə, öz ürəyi ilə, öz əxlaqı ilə və nəhayət öz ruhu ilə mövcuddu bu yer üzündə. Və deməli hər kəsin də sevgisi özü kimidi, özünə layiqdi. Ona görə də kimin nə deyəcəyi, kimin susacağı önəmli deyil. Önəmli odur ki:

 

Kim isə, bəlkə də burda susacaq,

nə deyim,

yox, o da müqəssir deyil...

Xoşbəxt olmaq ilə – arzuya çatmaq

mən sizi bilmirəm, məncə bir deyil.

Bu da sirr deyil.

 

Bəli, bu misralar indiki anımda məni divara söykəyib üzümə oxunan ittiham kimidir. Gerçəkliyin ittihamı. Orda hər şey deyilir. Susmaq da, danışmaq da, indi heç nəyi dəyişmir. Çünki mənim xoşbəxtliyim sənin  xoşbəxtliyin deyil... Bu da bütün mənalarda sənin halal haqqındı. Çünki sən öz xoşbəxtliyinin uğrunda, öz inacının və inamının uğrunda israrlısan. Və bu da sənin öz həyat kredondu. Mən isə öz günahını özü çəkməyə məhkum edilmiş bir bəndə. Və bu günah özünün cizgilərini heç harda axtarmayacaq, hardan gəldiyinin izinə düşməyə vaxt sərf etməyəcək. Çünki bu günahın adı da SEVGİDİ! Və o sevgi üçün bütün cəzaları çəkməyə hazıram. Bu kənardan necə görünür, görünsün, birmənalı qərarımdı:

 

Günah gəzməyin izimdə

Hər şey yazılıb üzümdə.

Qalmışam dərya üzündə –

Kənardan üzmək sayılıb.

 

Hə, Allah ömür versin, xalq şairimiz, gözəl poetik duyğuların müəllifi Nəriman Həsənzadəyə. Onun «Sirr deyil» şeirinin təsiri ilə bilgisayara diktə etdiyim bu yazımda mən də öz hislərimin sirr olmadığını ifadə etməyə çalışdım. Necə alındı bilmirəm, amma ürəyim və ruhum bir balaca sirkələndi. Sanki onların üzünə bir damcı şeh düşdü.

TƏQVİM / ARXİV