adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Şuşanı, Laçını, Ağdamı qoruya bilməmişik - Fazil Mustafa yazır

FİRUZ MUSTAFA
49065 | 2019-05-10 15:23
9 may tarixi gələn kimi bir çox patriot azərbaycanlıların Bakının qəhrəman şəhər olmamasının hələ də təəssüfünü yaşadığını müşahidə edirsən. Hətta bu gün Rusiyadan tələb edənlər də var ki, bizim dövlətimizin başkəndinə niyə Dövlət Dumasının qərarı ilə tarixi ədaləti bərpa edib "Qəhrəman şəhər" adı vermirlər? 

Təsəvvür edin ki, başqa bir dövlət bizim dövlətin paytaxtına belə bir ad verəcək və bizlər də bundan qürur duyacağıq! Bu qəhrəman şəhər anlayışı, bildiyim qədər dünya üçün SSRİ dövlətinin məhsulu olaraq baxılır. Fransızlar Parisə, yaponlar Tokioya, yaxud atom bombasının yaratdığı fəlakətdən sonra dirçələn Xirosimaya "Qəhrəman şəhər" adını verməyə gülməli baxırlar. Bir də şəhərin nə qəhrəmanlığı ola bilər ki... Şəhərin ən böyük dəyəri hansısa mədəniyyət, turizm və ya biznes komponentini özündə ifadə etməsidir. Sovet məntiqi ilə yanaşsaq, o halda "Qəhrəman şəhər" statusu almayanlar "Qorxaq şəhərlər" adlanmalıdır? Demək qəhrəman şəhər olmur. Heç qəhrəman xalq da olmur. Xatırlayırsınızsa, 1989-cu ildə biriləri uydurmuşdu ki, güya Şotlandiyada hansısa jurnal Azərbaycan xalqını dünyanın ən demokratik və azadlıqsevər xalqı elan etmişdir. İndiki vaxtlarda belə bunu təkrar edənlərlə rastlaşırsan. Bu rəy sorğusunu və ya referendumu kim keçirib, hansı səlahiyyətli jüri elan edib? Bir meydanı bir milyona qədər insanla doldurmaq doğurdanmı demokratikliyin və azadlıqsevərliyin meyarı sayıla bilər? Xalqı bu cür ucuz vasitələrlə pompalamaq özünəvurğunluqdan başqa hansı faydanı gətirir, doğrusu izahını tapa bilmirəm. Hər xalqın içində bəlli bir dövrdə onun taleyini dəyişdirən intellektual və ya hərbi qəhrəmanlar olur. İstənilən qəhrəman xalqın içində biganə və öz yaşamından başqa bir şeylə maraqlanmayan bir çoxluğun olması da reallıqdır. Ona görə də bir şəhərin mədəni mühitindən yetişmiş qəhrəmanlardan, böyük şəxsiyyətlərdən danışmaq, yaxud da bir xalqın içində yetişmiş aydınlardan, dahilərdən danışmaq daha məntiqlidir, nəinki ümumi şəkildə qəhrəman şəhərdən, qəhrəman xalqdan! İndi biz Şuşanı, Laçını, Ağdamı qoruya bilməmişiksə, bu həmin şəhərlərin qəhrəmanlığının və ya qorxaqlığının nəticəsi deyil ki? Həmin dövrdə ağıllı təşkilatlana bilməmişik, erməni qədər mobillik göstərmək qabiliyyətimiz olmayıb, bu şəhərlərimizi itirmişik. İndi zamanında fədakarlıq və ağıl ortaya qoya bilməyən bizlər öz şəxsi təhlükəsizliyimiz üçün illərdir sığındığımız Bakıya qəhrəman deyib, Şuşaya qəhrəmanlığı olmadığı üçün əsir düşüb deməliyik? Hər bir tarixi dövrdə bizim də xalqın içindən böyük aydınlar, düşüncə adamları, dövlət xadimləri, hərbi qəhrəmanlar çıxır. Sadəcə bunların ümumi faizi laqeyd kütlənin içində çox cüzi bir qismi təşkil etdiyinə görə istədiyimiz uğura imza ata bilmirik. 19-cu əsrdə Həsən bəy Zərdabinin, Axundovun sayı yüzü aşsaydı indi Azərbaycan bu qədər itkilərə məruz qalmış məmləkət olardımı? Az idi, çox az idi aydını, dövlət xadimi, sərkərdəsi, savadlı din xadimi, pedaqoqu, alimi. Hələ rus ilə müqayisədə demirəm, erməni ilə də, gürcü ilə də müqayisədə çox az idi... Sovet dövründə də bu balans qorunub saxlanıldı...İndi də diplomların, elmi titulların sayına aldanmayın, doğru mühakiməsi olanlarının sayı çox azdır, əvəzində cahili, nadanı, tənbəli, vətənşüvəni yenə də böyük çoxluğu təşkil edir. Qarabağ itkisi Xirosimadan dəhşətli faciə deyil, demək ki, xalqın doğru düşünənlərinin sayı çoxaldıqca, mütləq yenidən dirilişin yolunu biz də tapa bilərik. Biz özümüzdə, içimizdə qəhrəmanlıq, fədakarlıq ruhunu itirdiyimizə görə özümüzü Bakının və ya xalqın məchul qəhrəman adı altında kölgələndirməyə çalışırıq.

Üzümüzü doğru təhsil modelinə çevirməsək, hər bir fərdimizin özünü savadlı insan kimi yetişdirməyə ümummilli hədəf kimi baxmasını təlqin edə bilməsək Şuşa Qalasına bayraq taxa bilməyən azərbaycanlını 74 il öncə Reyxstaqa bayraq taxanlar içində axtarmaqla təsəlli tapacağıq. Halbuku həmin Reyxstaqa taxılan bayrağın bir az dəyişik formasının 1920-ci ilin 27 aprelində süngü kimi müstəqil Azərbaycanın qəlbinə sancıldığını da unutmuş kimiyik.

Fazil Mustafa, millət vəkili

TƏQVİM / ARXİV