SƏBUHİ ƏHMƏDOVUN QARDAŞININ VİDEOSUNU KİM YAYIB? - Aqil ABBAS yazır

AQİL ABBAS
956 | 2022-09-29 17:15

Deyəsən, hələ araşdırırlar, amma bir nəticə yoxdur, rastıma çıxmayıb. Altı min manat rüşvət məsələsi də araşdırılırdı, onun da hələ bir nəticəsi açıqlanmayıb. Bu da «Tərtər işi» və ya «Nərmin işi» qədər vaxt tələb edir? Hərə bir məsləhət verir, dedik bir məsləhət də biz verək, bekarçılıqdı.

Məntiq adında bir elm var. Bu elm əsas da müstəntiqlərə və elə elm sahəsində çalışan alimlərə daha çox vacibdir. Universitetdə bizə də keçirdilər. Riyaziyyat qədər çətin bir elmdir. Müəllimimiz elə «Məntiq» dərsliyini yazan Mustafa Gülüyev idi. Çox savadlı və yaxşı bir kişiydi. Tələbə kəsməyi sevməzdi. Heç kəsə də «əla» yazmazdı. Deyərdi ki, Lenin özü məntiqdən «dörd» alıb, sən Lenindən çox bilirsən. Mənə də bir ölüvay «dörd» yazmışdı ki, təqaüddən kəsilməyim.

Deməli belə. Şəhidin qardaşının üzr videosunu kim yayıb?

Səbuhi Əhmədov Daxili Qoşunların əsgəri olmayıb ki, Daxili İşlər Nazirliyi belə bir video yayıb. DİN-in yaydıqları qatı cinayətkarların etirafları, ya da kiçik qanun pozuntuları etmiş şəxslərin videolarıdı. Yəni DİN-in belə bir video yaymağa ehtiyacı yoxdur və yaymaz da.

Prokurorluq orqanlarının da belə bir video yaymağı inandırıcı deyil. Bu orqanların vəzifəsi baş verən cinayətləri araşdırmaqdı. Yəni prokurorluğun işi həm şəhidin qardaşının rüşvət söhbətini, həm də üzr videosunu kimin yaymasının təhqiqatını aparmaqdır. Onun nəyinə lazımdır ki, şəhidin qardaşını çağırsın və onun üzr videosunu çəkib yayımlasın.

Dövlət Təhlükəsizlik Xidməti də adətən video paylaşmır, çünki bu orqan gizli xildmət servisinə aiddir və apardığı əməliyyatlar da gizlidir. Apardığı əməliyyatları da nəticələnib məhkəməyə göndərəndən sonra, yaxud da əməliyyat müvəffəqiyyətlə başa çatandan sonra ictimaiyyətə müəyyən məlumatlar verilir.

 

Səbuhi Əhmədov Dövlət Sərhəd Xidmətində də qulluq eləmirdi. Ona görə də Dövlət Sərhəd Xidməti belə bir üzr videosu paylaşmağa maraqlı deyil.

Qalır Müdafiə Nazirliyi. Çünki Səbuhi Əhmədov bu nazirliyin əsgəridi. Əgər Sənan Əhmədov altı min manat rüşvət verməyi deyirsə, deməli, rüşvəti Müdafiə Nazirliyinin hansısa bir zabiti alıb. Ona görə də məntiq deyir ki, üzr videosunu da Müdafiə Nazirliyi çəkib yaya bilər. Məntiqdən başqa məşhur jurnalist Eynulla Fətullayev də Səbuhi Əhmədovun qardaşı ilə Müdafiə Nazirliyində görüşdüyünü deyib, şəkil paylaşıb və şəkildən aydın olur ki, video da Eynullanın Sənan Əhmədovla görüşdüyü otaqda çəkilib. Yəni bunu aydınlaşdırmaq o qədər çətindirmi?

Bir məşhur gürcü anektodu var. Bir gürcü Rusiyada toyuq oğurlayır. Atası oğlunu həbsdən xilas etmək üçün Rusiyanın bir güclü vəkilini tapır. Vəkil söz verir ki, qəti narahat olma, oğlunu həbsdən qurtaracam.

Məhkəmə gedir. Prokuror ittiham aktını oxuyur və söz vəkilə verilir.

Vəkil deyir:

- Heç bilirsiz Vano kimin bacısı oğludu? Onun dayısı Zurab Batumidə hesab vermək üstündə dava edib, üç nəfəri güllələmişdi. İndi deyirsiz, Vano kakoy-nibud qartımış bir toyuq oğurlayıb?

Toyuq sahibi:

- Ne oskarblyay mayu kuritsu.

Vəkil:

- Vanonun əmisi Vaxtanq Odessada bankı yarıb iki milyon pul aparmışdı. İndi belə bir adamın qardaşı oğlu kakoy-nibud qartımış bir toyuq oğurlayar?

Toyuq sahibi:

- Ne oskarblyay mayu kuritsu.

Vəkil:

- Vanonun babası İliya Yerevanda gürcülərin sağlığına ayaq üstə içmədiklərinə görə dörd dənə ermənini xəncərdən keçirmişdi. İndi belə bir kişinin nəvəsi kokoy-nibud qartımış bir toyuq oğurlasın? İnandırıcı deyil.

Toyuq sahibi:

- Ne oskarblyay mayu kuritsu.

Hakim hökm çıxarır: «Vanonun gələcək cinayətlərini nəzərə almaqla cəzasını ciddi rejimdə kalonda çəkməklə on beş il həbs cəzası verilsin».

İndi Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisinin 80 milyon manat mənimsəməyə görə həbs edirlər.

Dünən də bir polkovniki deyəsən 80 milyon manat mənimsədiyinə görə həbs etdilər.

İndi kakoy-nibud 6 min manat nədir ki, ona belə bir varlı nazirlikdə kimsə göz diksin. Məsələn, mən inanmıram. Kimsə milyonları qoyub 6 min manata niyə tamah salsın ki?! Ne ockorblyayte müdafiə nazirliyini.

 

TƏQVİM / ARXİV