adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ŞAĞANDA ZİYARƏTÇİLƏRİNİ GÖZLƏYƏN PİR - AQİL ABBAS yazır

AQİL ABBAS
1388 | 2022-10-26 17:10

Mən dünyada çox muzeylərdə olmuşam, maraqlı və bir-birindən zəngin muzeylər. Avropada şəhərlər var ki, özü başdan-ayağa muzeydi, necə ki Buxara və Səmərqənd də, hər daşı tarix olan açıq bir muzeydi.

Xüsusilə Avropada kilsələr çox möhtəşəmdi. Məsələn, Praqada bir kilsə var, bilmirəm 200-300 iləmi tikilib, başdan-ayağa zərgər işidi. Hər daşında, hər kərpicində zərgərlik işi var. İçindəki rəsm əsərləri, heykəllər… quruyub qalırsan ki, bunu insan yaradıb?!

İstanbuldakı Topqapı da, Ayasofya da bir möcüzədi. Topqapıdakı Məhəmməd peyğəmbərə həsr olunmuş otaqmı deyək, guşəmi deyək, buranın qeyri-adi bir aurası var. 24 saat hafizlər şirin bir avazla həfifdən canlı «Quran» oxuyurlar. Hafizlərin bu şirin avazı səni özündən alır, insanda ilahi duyğu yaradır, aparır ey özü ilə. Bəxtiyar Vahabzadə dərsdə maraqlı bir fikir söyləyəndən sonra deyərdi: «Gedin bunun çortuna, görün nə görərsiz?». Hafizlərin səsi də səni özüylə götürüb aparır.

Mən sizə bir muzeydən danışacam. Nə Ayasofyadı, nə Topqapı, nə Luvr, nə Ermitaj, nə də Nizami muzeyi. Üçotaqlı bir mənzildi. Kənardan da muzeyə oxşamır. Adi yaşayış evidi. Amma bunu muzeyə çevirən Səyavuş Əlizadə adında təxminən 30 yaşlarında bir gəncdi. Həyətə girən kimi hiss edirsən ki, bu adi kənd həyəti deyil, burdakı qədim daşlar tariximizin bir parçasından xəbər verir.

Birincisi, muzeyi çox çətinliklə tapdıq. Təəssüf ki, nə küçələrdə muzeyin yerini göstərən işarə vardı, nə də muzeyin qapısında heç nə yazılmamışdı. Amma tapdıq. Şirin, gülərüz bir gənc qarşıladı bizi. Həyəti gəzdirib həyətdəki qədim daşlar haqqında və muzey haqqında məlumat verəndən sonra bizi içəri dəvət elədi. Bu kiçik üç otaqda nələr vardı? Bəlkə belə deyək, nələr yox idi? Bu gənc oğlan Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini bu üç otağa necə sığışdıra bilmişdi?! Əslində sığışdıra bilməmişdi, bir çox eksponatlar üst-üstə yığılmışdı, divarlarda yer yox idi. Tanınmış rəssamların orijinal əsərləri, hətta Səttar Bəhlulzadənin əl işi, Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin muzeyə bağışladığı, daha doğrusu, Səyavuş Əlizadəyə bağışladığı orijinal rəsm əsərləri, Şağan kəndində doğulmuş Azərbaycanın mədəniyyətinə, incəsənətinə, ictimai-siyasi həyatına töhfələr vermiş şəxslərin sənədləri, orden və medalları, aldıqları mükafatlar və sair və ilaxır, özlərinin imzaladığı kitablar, İran şahının xanımı Fərəh xanımın öz imzası ilə muzeyə hədiyyə elədiyi Xatirələr kitabı, Ömər Eldarovun hədiyyə etdiyi Ulu Öndər Heydər Əliyevin büstü və sair və ilaxır.

Söhbət zamanı məlum oldu ki, eksponatların böyük bir hissəsi bu binanı və bu həyəti böyük sevgi ilə muzeyə bağışlamış Sevda xanımın elə həyətdə yerləşən mənzilində də toplanıb.

Sevda xanım uzun illər Şağandakı 124 nömrəli məktəbin direktoru olub. Səyavuş da elə həmin məktbdə oxuyurmuş. 7-8-ci sinifdə oxuyanda muzey dünyası bu uşağı öz ağuşuna alıb. Sevda xanım ondakı həvəsi görüb məktəbdə onun muzey yaratması üçün otaqlar ayırıb və onu daha da həvəsləndirib. Təqaüdə çıxandan sonra isə həyətindəki üçotaqlı mənzili və həyətin böyük bir hissəsini Səyavuşa bağışlayıb ki, muzeyini köçürt bura. İmkanlı adamlar bu həyətin yarısına 500 min, 1 milyon pul təklif ediblər ki, alıb villa tiksinlər, amma müəllimə heç kimə satmayıb, muzey üçün bağışlayıb Səyavuşa. Budur Azərbaycan qadınının böyük ürəyi. Budur Azərbaycan müəllimi.

Və budur Azərbaycanın gələcəyi olan Səyavuş kimi gənclər.

Səyavuşun atası hərbçidir, istefada olan polkovnikdir. Anası isə orta məktəbdə müəllimədir. Böyük arzuları var. Gələcəkdə muzey üçün yeni binanın layihəsini də çəkdirib, həyət də böyükdür, imkan var yeni muzey tikməyə. Amma təəssüf ki, o buna pul tapa bilməz. 600-700 manata işləyən bir gəncdir. Və elə də imkanlı ailədən deyil. Özü və dostları muzeydə təmənnasız çalışırlar.

Yadıma iki muzey düşdü. Kəlbəcərdə Şamil Əsgərovun qurduğu muzey, bir də Ağdamda Yusif Əhmədovun qurduğu muzey. Məmməd Araz deyirdi ki, Şamil Əsgərov Kəlbəcərdə o muzeyi dişiylə-dırnağıyla qurmuşdu, kəndbəkənd gəzib pulla ala bildiyini cibinin puluyla, pulla ala bilmədiyini yalvarıb-yaxarıb alıb yığırdı muzeyə. O daşları, hərəsində bir tarix yatan saxsı qabları, kasaları, xəncər və qılıncları, qədim fərşləri, gəbələri, palazları…

Ağdamda Yusif Əhmədov da muzeyi belə yaratmışdı. Hər ikisi erməni vandalizminin qurbanı oldu. Deyəsən, Şamil Əsgərovun oğlu Bərzani yenidən muzeyi yaratmaq üçün gecəsini gündüzünə qatıb.

Bu gənc Səyavuş Əlizadə də bu eksponatları 10 ildən çoxdur birbəbir yığır.

Mədəniyyət Nazirliyi muzeyi balansına götürmür. Şərt qoyur ki, muzeyi balansına götürmək üçün həm bina, həm də həyət nazirliyə bağışlanmalıdır. Görünür, qanun belədir, sözümüz yox.

Mən də Ağcabədinin doğulduğum Bayat kəndində 1988-ci ildə Füzuli adına kitabxana tikdirəndə uzun müddət Mədəniyyət Nazirliyi balansına götürmədi, məcbur olub işçilərin maaşını ya mən öz cibimdən, ya da rayon rəhbərliyi öz cibindən ödəyirdi. Nəhayət, 1994-cü ildə hörmətli Polad Bülbüloğlu kitabxananı nazirliyin balansına götürdü və işçilər üçün də ştat açdı.

Yəqin ki, bir gün Mədəniyyət Nazirliyi Sevda xanımla, Səyavuşla ümumi razılığa gələrlər, amma ona qədər Qeyri-Hökumət Təşkilatlarına Dəstək Fondu bu muzey üçün pul ayıra bilər. Həm eksponat almağa, həm də burda çalışanlara əmək haqqı verməyə.

Nə bilmək olar, bəlkə Azərbaycanda da ürəkli bir iş adamı tapılar, Səyavuş Əlizadənin çəkdirdiyi layihəni tikdirər. Vallah, bir gün tapılar beləsi.

Gedin və Şağandakı Sevda Abdullayeva adına «Xəzər muzeyi»ni ziyarət edin. Görün papaq altında necə gənclərimiz var.

Və sonda. Niyə yazının adını «Pir» qoydum? Bizim millət pirləri ziyarət etməyi, nəzir-niyaz verməyi xoşlayır. Əslində muzeylər də pirdi. Pirlərdə müqəddəs adamların məzarları varsa, muzeylərdə də müqəddəs bildiyimiz tarixi şəxsiyyətlərin xatirələri var, onlara aid əşyalar var, sənədlər var, eksponatlar var və sair və ilaxır. Şəhərimizdə belə pirlər çoxdur – Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Bülbülün, Mirzə Cəlilin, Cəfər Cabbarlının, dahi Nizaminin və bütövlükdə İçəri şəhər. Sayım, yoxsa bəsdi? Görəsən, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Nizaminin pirini ziyarət edənlər çoxdur, yoxsa Quba yolundakı «Beşbarmaq» pirini? Nə isə…

TƏQVİM / ARXİV