adalet.az header logo
  • Bakı -°C

Rənglərin danışdığı gün - Beynəlxalq Rəssamlar Günü

89 | 2025-12-08 13:26
A- A+

Rəsm də sözə bənzəyir. Söz ifadə olunur, təsəvvür yaradır, mücərrəddir.. Rəsm isə konkretdir. Toxuna bilirik, görə bilirik. Bəlkə də ən çətin peşələrdən biri rəssamlıqdır. Çünki rənglərin ahəngini birləşdirib həyatı əks etdirən bir tablo yaratmaq heç də asan iş deyil. Bir rəssam bir əsər üçün günlərlə, bəzən də aylarla zaman sərf edir. Deyərdim ki, rəssamlıq insanla “danışan” peşədir. 

İncəsənəti sevənlər bilir ki, 8 dekabr - Beynəlxalq Rəssamlar Günü kimi qeyd olunur. Əlbəttə, bu günə rəssamların bayramı da deyə bilərik.

Bu əlamətdar günlə bağlı bir neçə gənc rəssam arzu- istəklərini Adalet.az-a söyləyib:

Gənc rəssam Aynurə Mustafazadə seçdiyi peşənin özəlliyini daha çox ön plana çəkib:

“Yaradıcı insanların arzusu tükənmir ki… Çəkmək istədiklərimiz hər zaman olub və olacaq. Həmin əsərlər eskiz halında toplanırlar. Sonra zamanı gəldikcə kətana köçürlər. (gülür)  Mənim üçün bu peşənin özəlliyi odur ki, rəssamlar tək görüləni deyil, görülməyəni də rənglərlə ifadə edə bilirlər. Məhz bu səbəbdən rəssamlıq sənətini çox sevirəm.  İncəsənətin bütün növləri kübarlıq, zəhmət və səbr tələb edir. Rəssamlıq sənəti isə bu məqamda xüsusi diqqət çəkir. Hər bir detala diqqət etmək, gözlə görüləni səbrlə çəkmək, gözlə görülməyəni xəyal edib tabloya köçürmək rəssamın peşəsinə olan məhəbbətidir”.

Daha çox milli mövzularla bağlı rəsm çəkməyi sevən rəssam Nigar Cavadova isə etmək istədiyi yenilikləri dilə gətirib:

“Bir gənc rəssam kimi yaradıcılığımda ən çox milli mövzulara yer verirəm. Mən həm xalqımıza məxsus rəngləri və ənənələri, həm də köhnə Azərbaycan kinolarının unudulmaz personajlarını çəkməyi çox sevirəm. Çünki düşünürəm ki, bu obrazlar həm mədəni yaddaşımızın bir parçasıdır, həm də insanlarımız üçün xüsusi nostalji hislər yaradır. Hazırda yaratmaq istədiyim əsərlərdən biri milli ənənələrimizi Avropa incəsənətinin üslubu ilə birləşdirməkdir. Artıq bu mövzuda müəyyən işlər görməyə başlamışam”.

Fırçanı “danışdırmağı” bacaran daha bir gənc rəssam Nuray Allahverdiyeva isə rəssamlığı özünü ifadə vasitəsi adlandırır: 

“Rəssamlıq mənim üçün təkcə peşə deyil, həm də özümü ifadə formamdı. Bütün fikirlərimi fırça ilə ifadə edirəm. Bu həm də bir mənəvi istirahətdir. Fırçanı əlimə aldığım an dünya susur, mən danışmağa başlayıram. Rəssamlıq mənə həyatı öz rənglərimlə yaratmaq imkanı verir. Hər əsərə daxilimdən bir parça əlavə edirəm - bəlkə də bu peşəni mənə xüsusi edən budur. Üzərində çalışdığım bütün rəsmlərə diqqət edirəm. Çünki peşəmi çox sevirəm. Rəssamlıq mənim üçün həyatı hər rəngdə sevmək deməkdir.Demək olar ki, çəkmək istəyib, ancaq çəkə bilmədiyim heç bir rəsm yoxdur”.

Əntiqə Kərimzadə


 

  • Dekabr:
  • 5

TƏQVİM / ARXİV