“Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu gün mətbuata bəyanatlarla çıxış ediblər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq dövlətlərinə yönəlib”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, xarici ticarət dövriyyəsinin dördə biri ittifaqa üzv olan İtaliyanın payına düşür:
“İllik 25.2 milyard kub metrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir.Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən 10 ölkənin Avropa İttifaqının üzvləri olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin güclənməsi anlamına gəlir. Azərbaycan son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib.Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı yalnız Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır.Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq”.
Onun sözlərinə görə, Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2027-ci ildən sonra Avropa İttifaqına ixrac edilə bilər:
“Bu o deməkdir ki, növbəti mərhələdə Azərbaycan yalnız ənənəvi resursları deyil, həmçinin innovativ enerji məhsulları ilə də Avropaya bazarına daxil olacaq.Azərbaycan həmçinin Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır. Regional nəqliyyat dəhlizlərinin genişlənməsi və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi ölkə üzərindən daşınan yüklərin həcmini artıracaq. Avropa Şərqə Naxçıvan vasitəsi ilə daha asan çıxış imkanları əldə edəcək. Bütövlükdə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri və müzakirə edilən məsələlər Azərbaycanın geo-siyasi mövqeyinin daha da gücləndiyini təsdiq edir. Regiondakı yeni düzən əməkdaşlıq üçün mühim imkanlar yaratmaqdadır”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
