adalet.az header logo
  • Bakı -°C
12 Mart 2026 12:58
76
SİYASƏT
A- A+

"Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”

Son illərdə qlobal geosiyasi mühitdə baş verən dəyişikliklər Avropa İttifaqının enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının diversifikasiyası və yeni strateji tərəfdaşlıqların qurulması məsələlərini daha da aktuallaşdırıb. Bu kontekstdə Azərbaycan regionun mühüm aktorlarından biri kimi Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Azərbaycanın strateji mövqeyi ölkəni Avropa ilə Asiya arasında təbii körpüyə çevirir. Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan həm enerji resursları, həm də nəqliyyat-kommunikasiya layihələri vasitəsilə Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropa bazarına alternativ enerji mənbələrinin çatdırılması baxımından mühüm rol oynayır. Bu layihə sayəsində Azərbaycan qazı artıq bir sıra Avropa ölkələrinin enerji balansında mühüm paya malikdir.

Bu baxımdan Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın  Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində aparılan danışıqlar tərəflərin strateji tərəfdaşlığı dərinləşdirmək niyyətini bir daha təsdiqlədi.

Səfər proqramında əsasən enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin təmin olunması məsələləri dayanırdı. Avropa üçün enerji mənbələrinin şaxələndirilməsinin strateji prioritet olaraq qaldığını nəzərə alsaq, bu prosesdə Azərbaycanın rolu getdikcə artır. Digər tərəfdən, Azərbaycan da Avropa bazarına çıxış imkanlarını genişləndirməklə öz iqtisadi potensialını daha səmərəli formada reallaşdırmaq niyyətindədir.

Antonio Koştanın Bakıya səfəri İttifaqın Cənubi Qafqaza artan marağının və Azərbaycanın regionda sabitlik və əməkdaşlıq üçün mühüm tərəfdaş kimi qəbul olunduğunun göstəricisidir. Eyni zamanda bu təmaslar tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və uzunmüddətli strateji əməkdaşlığın inkişafına xidmət edir.

Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər beynəlxalq nəqliyyat marşrutu və digər regional təşəbbüslər Azərbaycanın Avropa ilə Orta Asiya arasında logistika qovşağı rolunu gücləndirir. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı indiki şəraitdə Orta Dəhlizin əhəmiyyəti sürətlə artır və bu marşrutun əsas dayaqlarından biri məhz Azərbaycandır. Bu dəhlizin əhəmiyyəti Ukraynadakı və İrandakı müharibələr  fonunda xüsusilə artmaqdadır.

Enerji, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələləri Azərbaycan-Ai münasibətlərinin əsas istiqamətləridir. Tərəflər arasında keçirilən təmaslar isə qarşılıqlı etimadın möhkəmləndirilməsinə və uzunmüddətli strateji əməkdaşlığın inkişafına xidmət edir.
 

Könül Nurullayeva,

Millət vəkili