adalet.az header logo
  • Bakı -°C

“Öhdəsinə düşənləri icra etməməklə Moskva durumu daha da gərginləşdirir...”

183 | 2025-12-25 12:21
A- A+

“2024-cü il, dekabr ayının 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğradı. Qısa müddət sonra təyyarəyə kənar müdaxilə, hücum edildiyi üzə çıxdı. Pilotlar cəsarət və peşəkarlıq nümayiş etdirsələr də özləri və 23-ü Azərbaycan vətəndaşı olmaqla 38 nəfər həyatını itirib”. 

Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib. 

O, bildirib ki, Rusiya bununla bağlı müxtəlif siyasi manipulyasiyalar edərək hadisəni tarixin arxivinə göndərmək istəyəsə də Azərbaycan dövləti buna imkan verməyib, hadisənin obyektiv araşdırılmasını tələb edib:

“Eyni zamanda hadisədə həlak olan, zərər çəkən insanların ailələrinə kampensasiya verilməsi, cinayətkarların məsuliyyətə cəlb edilməsi tələb olunur. Ancaq təəssüf ki, Rusiyanın imperiyalist siyasəti və hegemonluq nümayişi törədilən hadisənin layiqli hüquqi, siyasi qiymətini almasına mane olur. Bu hegemonluq hətta ölkələr arasındakı münasibətlərin soyumasına gətirsə də Rusiya hikkəsindən əl çəkmir”. 

Onun sözlərinə görə, siyasi mülahizələr, indiyədək aparılan araşdırmalar göstərir ki, təyyarə qəsdən vurulub: 

“Enişə də qəsdən icazə verilməyib. Qarakənd səmasında 1992-ci ildə də helikopter vurularaq Azərbaycanın dövlət rəsmiləri şəhid edilmişdi. Rusiyanın təyyarə vurmaq vərdişinin çoxdan olması məlumdur. Ancaq bu hadisədən artıq bir il keçməsinə baxmayaraq sözü gedən məsələlərdə öhdəsinə düşənləri icra etməməklə Moskva durumu daha da gərginləşdirir. Hesab edirəm ki, təyyarənin vurulub insanlarımızın həlak edilməsi təhdid xarakteri daşıyır və bu səbəblə də hadisəni qəza olaraq qəbul edib təzminat ödəmək istəmirlər. Çünki qəsdən, planlı şəkildə, hücum xarakterli fəaliyyət nəticəsində həyata keçirilibsə artıq burada əmr verilib deməkdir. Əmrin icrasına görə də qarşı tərəfə təzminat ödəməyi, üzr istəyib, əmri icra edənləri məsuliyyətə almaq istəmirlər. Bu təbii ki, təəssüf doğrudur. Bir dövlətin hansısa marağa görə qonşu ölkənin sərnişin təyyarəsini vurması əslində həmin dövlətin siyasi diplomatiyasının tənəzzülünü göstərir ki, siyasət yolu ilə həll etməyə qadir olmadığı məsələləri günahsız insanları öldürməklə həyata keçirməyi qəsd edir. Həmçinin hegemonluq xüsusiyyətlərini təyyarə vurub kütləvi insan tələfatı yaratmaqla sübut etmək istəyirlər. Hər halda buna qarşılıq Azərbaycan tərəfi öz səbrli və müdrik addımlarını atır”. 

T.İrfan deyib ki, regionda artıq balans Türkiyənin xeyrinə dəyişir, Azərbaycanın güclü və hadisələrə birbaşa təsir qüvvəsi olan tərəfdaşları, müttəfiqləri çoxalır:

“Həmçinin Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh prosesinə daxil olması Rusiyanın mövqeyini kifayət qədər zəiflədir. İqtisadi, ticari, hərbi, kommunikasiya və sair məsələlərdə Azərbaycan üçün daha geniş üfüqlər açılır. Bölgədə siyasi balansın dəyişməsi və dövlətin uzaqgörən siyasəti Rusiyanın bu hadisə ilə bağlı gec-tez ram olması ilə nəticələnəcək. Azərbaycanın nüvə Pakistanı və güclü Türkiyə kimi müttəfiqləri var. Orta Asiyanın Turana doğru addımları, sülhdən doğulan yeni layilər, iqtisadi, ticari əlaqələr Cənubi Qafqazda Azərbaycanı liderə çevirəcək. Rusiyanın bu məsələdə geri çəkilməsi, hüquqi prinsipləri yerinə yetirib təzminat ödəməsi labüddür. Eyni zamanda bütün səbəbkarların məsuliyyət daşıması ilə bağlı müvafiq addımların atılması vacibdir”.

Vasif

  • Noyabr:
  • 28

TƏQVİM / ARXİV