adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

"Beşatılan" biabırçılığı - Müharibəsi olub müharibə filmi olmayanlar - Eminquey yazır

EMİNQUEY AKİF
2303 | 2021-09-29 12:41

Mədəniyyət TV-də çox əttökən bir müharibə filmi nümayiş olundu. Yeni çəkilib. Adı da “Beşatılan”. II Qarabağ Müharibəsində 5 dostun qəhrəmanlığını “ekran əsəri”nə çeviriblər. “Ekran əsəri”!

Rəsmən biabırçılıq.

Pafos, pafos və yenə də pafos!

Ssenari - duzsuz, dadsız, mənasız, məzmunsuz!

Rejissor işi – şit!

Elə bil, müharibə günlərində minlərlə insanın yazdığı statuslardan ssenari düzəltmisən.

Baxdığım müharibə filmləri az deyil.

Qandığım bir şey var, sənət, fərq etmir sənətin hansı qoludur – kino, rəsm, ədəbiyyat, musiqi – həmişə insanların gördükləri tərəfi yox, görmədikləri tərəfi göstərməklə öz varlığını qoruyub saxlayıb. Şeir bir şəhid anasının heç kimə izah edə bilmədiyi duyğuları, kino hamının görə bilmədiyi məqamları və sairə. Bütün bunlar da həmişə bir-birilə iç-içə olub. Şeirdən musiqi doğulub, hekayədən, romandan film.

Kurs açmaq lazımdımı ki, bu adamlar anlasın müharibə filminin... mütləq atışmadan, güllədən, qandan, tankdan ibarət olmadığını?!

Ay qardaş, heç nə demirəm, gedin, polyak rejissor Peter Nasın "İnto the White"na baxın da.

Buna da pul buraxmaq lazımdı?

Dövlət dəstək durmalıdır?

O kütləvi qanı, atışmanı müharibə vaxtı gördük də. Baş da kəsdilər, göz də çıxartdılar.

Tamaşaçıya müharibənin arxa pərdəsi, içi, özəyi lazımdı. 5 dostun qəhrəmanlığını neynirəm mən? Ki, sizin bu beş dost haqqında çəkdikləriniz dış-bıdış, dadanq-dudunqdan o tərəfə keçməyəcəksə.

Beşatılan!

Beş dost!

Filan-falan…

Ad qoymaqda pərgarıq.

Amma… adın arxasında heç nə dayanmır.

"Beş qəpik" də atmaram mən o filmə.

"Xüsusi təyinatlı İbad"la hara gedə bilərsiniz siz?

Qurtarın da erməni ləhcəsi, dili üzərində Vətənpərvərlik qurmağı. Bu igidlər niyə döyüşdü? Sizin yaratdığınız sarsaq "erməni obrazı"nızı dağıtmaq üçün!

O ssenarini yazan, o filmi çəkən başa heç erməni də pul qoymaz e!

Azdırmı bizim yaxşı ssenaristlərimiz?

Ramiz Fətəliyev kimdir? Ramiz Rövşən kimdir? Çingiz Abdullayev kimdir? Orxan Fikrətoğlu kimdir? Natiq Rəsulzadə kimdir?

Azdırmı bizim görkəmli rejissorlarımız?

Elxan Cəfərov kimdir? Vaqif Mustafayev kimdir? Mehriban Ələkbərzadə kimdir? Cahangir Mehdiyev kimdir? Yavər Rzayev kimdir?

Az büdcə dalınca qaçıb keyfiyyətdən kənar ssenaristlərlə, rejissorlarla film ərsəyə gətirincə, düşün bu sənətkarların arxasınca, əziyyət çəkin, ortaya dırnaq arasında olmayan ekran əsəri qoyun da.

Bu qədər faciəsi olan xalqıq. Əlimizdəki xammal uydurma deyil, həqiqətlərdir. Xocalı faciəsinə aid samballı filmimiz varmı? Çingiz Mustafayevin çəkdiyi kadrları yenidən oynamaq və çəkmək kimin nəyinə lazımdır? Çingizin çəkdikləri elə filmdir də.

30 illik tarixi var müharibəmizin.

Ta bu ölkə yenidən doğulandan qan-qada içindəyik.

Hər döyüşçünün öz döyüş yolu, həyat hekayəsi var. Hər faciəmizin görünməyən tərəfləri var. Məğlubiyyət də yaşamışıq, qələbə də. Azdırmı?

“Beşatılan” barədə xüsusi bir şey yazmaq istəmirəm. Mən kino tənqidçisi deyiləm. Filmi tənqid edənlər çox güman ki olacaq. Bu işi yaxşı bacaran Sevda Sultanova var.

Yuxarıda qeyd etdiyim polyak əsilli Peter Nasın çəkdiyi müharibə filminə bir abzaslıq diqqət çəkmək istəyirəm.

Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

İkinci dünya müharibəsi zamanı 1940-cı ilin 27 aprel tarixində Luftvaffe pilotu Hornst Şkops idarə etdiyi Heinkel He 111 tipli bombardımançı təyyarəsi ilə Norveçin daxili bölgələrindən olan Qrontil yaxınlarında vurulur. Alman təyyarəsi, ingilis pilotun idarə etdiyi Blackburn Skua markalı təyyarə tərəfindən vulur. Alman təyyarəsində olan dörd pilotdan bir nəfəri həlak olsada, digər üç nəfər yaxınlıqda yerləşən ovçu komasına sıxınır. Vurulmuş ingilis təyyarəsinin iki pilotuda almanların qaldığı ovçu komasını tapır və buraya gəlirlər.

Alman əsgərlər ilk öncə ingilisləri ovçu komasına qəbul etməsələr də, sonradan onların komanının kiçik bir bölməsində yaşamalarına icazə verirlər. Filmdəki hadisələr sərt Norveç qışının qarşısında bir-birinə düşmən olan iki təyyarəçi qrupun arasındakı münasibətlərdən, fədəkarlıqlardan və zaman-zaman dostluqdan söhbət açılır.

Müharibə filmidir, atışma yoxdur, kütləvi səhnələr yoxdur, pafos yoxdur. Müharibə var, əsgərlər, zabitlər var, koma var. Yəni pərdəarxası məqamlar.

Yaxşı, heç olmasa, ermənilərə üz tutun.

2004-cü ildə Kanada Milli Film Şurası tərəfindən fransız dilində hazırlanan “My son Shall be Armenian” (Mənim oğlum erməni olacaq) filminə baxın.

2016-cı ildə çəkilən “The Promise” filmini izləyin.

2017-ci ildə çəkilən “Armenia, my love” filmini izləyin.

Bilmirəm neçə il qabaq, köşə yazımda belə bir abzasım vardı, o abzasla da yazımı bitirmək istəyirəm.

Allahaqqı, biz özümüz dünya boyda dərdik. “Fəryad”ımızdan mələklər diksinər, danışmağa bəs qədər “Yarımçıq xatirələr”imiz var, “Atılmamış güllələr”imiz qayıdıb özümüzə dəyir, “Arxada qalmış gələcəy”ə baxıb köks ötürürük və gözlərimiz “Dolu”, “Haray”ımız ağrılı, “Yaddaş”ımız qan içində deyirik ki, bu “Dönüş” düşmənə xeyirli olmayacaq, “Girov” götürülmüş intiqam hissimizi azad edib, “Son nəfəsədək” döyüşüb, “Canavar balası”nın boğazını üzüb “Biz qayıdacağıq”.

Qayıtdıq...

Qaldı film çəkməyimiz. 

Ağrılarından film düzəldə bilməyən, “Köhnə tüfəng”ə, “Pianoçu”ya, “Apokalipsis”ə, “Cəsur ürəy”ə baxıb kədərlənən məsum xalqım…

 

 

TƏQVİM / ARXİV