adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

QOç

VAHİD ƏLİFOĞLU
64513 | 2009-06-20 01:48

   
   ... Örüşü yaradan onu bütün ot yeyən heyvanlar üçün yaradıb. Amma bu o demək deyil ki, eşşək atla qoşa otlamalıdı...
   
   
   
   ... Allahverdi təpənin döşünə elə dirsəklənmişdi ki, elə bil evdə, yorğan-döşəkdə dincəlirdi. Burunun üstünə endirdiyi kepkanın altından mürgüləyə-mürgüləyə baxırdı düzənliyə. Otları bozarmaqda olan ucsuz-bucaqsız çölün sakitliyi, ilin bu vədəsinə qətiyyən uyğun gəlməyən ilıq payız havası onun rabitəsiz, nizamsız düşüncələrinə doğma, mehirli bir sığal çəkməkdə idi. Artıq dağların başına tərəf əyilmiş günəşin batmağa tələsdiyini hiss etdikcə daxilində bir narahatçılıq, bir nigarançılıq yaranmağa başlamışdı. Ona elə gəlirdi ki, son günlər səhər gec açılır, axşam tez düşür.
   
   ... Qısa arayış: Allahverdi hündür, arıq, təxminən 70-75 yaşında bir kişidi. Nadir hallarda dəlləyə müraciət etdiyindən onu saqqalsız demək olar ki, görən olmayıb. On beş ilə yaxındır ki, rəsmi dillə desək məcburi köçkündür. Köçkünlüyün ilk günündən bu düzənlikdə məskunlaşıb. Bu on beş ildə kənddən özü demişkən "lüt" çıxsa da hazırda bir sürü qoyuna, beş-on baş mal-qaraya, iki ata malikdir. Oğul, qız atasıdı, nəvələri var. İki ildi duldu. İçki içmir, siqaret çəkmir. Sağlamdı, canından şikayəti yoxdur.
   
   ... Köçkünlüyün on üçüncü ili arvadı fani dünyaya əlvida deyib qovuşdu haq dünyasına. Yaxşı deyiblər ki, oğul da özü üçün, qız da. İlk həftələr çay-çörəyini hazırlayanlar, paltarını yuyanlar, uşaq kimi nazını çəkənlər yavaş-yavaş seyrəldilər və nəhayət yox oldular. Tək-tənha qaldığı damın altına özünə "qulaq yoldaşı" gətirmək ideyası necə deyərlər get-gedə aktuallaşdı. Bu ideyanı açıb ortaya qoymağa, dilə gətirməyə hələ ki, cəsarəti çatmırdı. Qulağı səsdə, qəlbi səksəkədə gözləyirdi. Umduğu ünvanlar susurdular, hələ ki... İki il keçdi...
   
   Axır ki, bu iki ildə intizarla, ümidlə gözlədiyi an çatdı... Xəstə tələsər, armud vaxtında yetişər, deyiblər... Bir gün, bəlkə də ömrünün ən gözəl günündə bacısı (Yenə də bacı. Qardaşa qurban olar, bacılar -V.Ə) üzünü ona tutub müqəddiməsiz, hazırlıqsız dedi:
   
   - Qardaş, olan oldu, keçən keçdi. ?lənlə ölmək olmaz. Görünür qismət beləymiş... Gəl, razılıq ver, səni evləndirim. Arvad yeri də eləmişəm...
   
   Təklif Allahverdi üçün nə qədər məqbul, əlverişli olsa da özünü xırdaca naza qoydu:
   
   - Nə deyim, bacı. Sən bilən məsləhətdi. Qoy bir iki gün də fikirləşim... Bir də ki, gərək Gülnisədən də halallıq alım...
   
   Qısa arayış: Gülnisə Allahverdinin keçmiş arvadıdı. Hazırda kənd qəbristanlığında əbədi uyuyur və əlavə məlumat verməyə ehtiyac görmürük.
   
   ... Allahverdinin bacısı uşaq deyildi. Belə xeyirxah, lazımlı işlərin uzun illər təşkilatçı və təbliğatçısı olmuşdu. Göydə aldı ki, qardaşı srağagündən razıdı və söhbətə belə bir yekun vurdu:
   
   - Qardaş, nə qədər istəyirsən fikirləş. Kiminən istəyirsən halallaş. Mən gedirəm. ?ç gündən sonra gəlin qulluğunda olacaq...
   
   ... Allahverdi oxuduğu duanın son sözlərini pıçıldayıb sağ əlini çəkdi üzünə və gözlərini açdı. Qara mərmər daşdan xanım-xatın, başı şallı gözəl bir qadın baxırdı. Bir xeyli şəklin sir-sifətinə tamaşa edib asta, xırıltılı səslə dedi:
   
   -Bağışla, arvad, bağışla. Yanında üzü qarayam. Vallah, bacım əl çəkmir. Neyniyim axı?..
   
   Susdu. Əlinin arxası ilə gözlərini ovxaladı. Guya doluxsundu. Çevrilib getmək istədi.
   
   - Get, Allahverdi, get. Get, evlən. Halal xoşun olsun. Təzə bardağın suyu sərin olar... Allahverdi diksindi. Fikrini cəmləyib şəklə baxdı. Səs başdaşından deyil, sinə daşından gəlirdi. Daşın üstünə qızılı hərflərlə yazılmışdı:
   
   "Səni heç vaxt unutmayan Allahverdidən yadigar"...
   
   ... Arası kəsilməyən cır maşın siqnalı Allahverdini "çəkdi" bayıra. Nuh əyyamından qalma "Jiquli" dayanmışdı iki addımlıqda. Əlləri siqnalın üstündə olan Həsənin başı qabaq qapının pəncərəsindən çıxmışdı çölə, sifəti çiçək açmışdı, elə bil...
   
   Qısa arayış: Həsən 50-55 yaşında, dolu bədənli, qırmızı yanaq bir kişidi. Allahverdinin bacısının əridi, yəni yeznəsidi. Təsvir etdiyimiz düzənliyin digər tərəfində yaşayır. Xeyli mal-qarası, qoyun sürüsü var. Zarafatcıl, yeyib-içən, bir sözlə dünyanın beş günlük olduğuna inananmış kefkom bir adamdı...
   
   ... Allahverdinin nəzərləri binanın o başına sataşdı. Oğlanları, gəlinləri, nəvələri cərgə ilə dayanıb sanki maraqlı bir tamaşaya baxırdılar...
   
   ... Həsən axır ki, siqnaldan əlini çəkib dedi:
   
   - Xanımını qəbul elə a bəy. Xoşbəxt olun... Bir əmlik səndən...
   
   Allahverdinin nə dinmək, nə də Həsənə cavab vermək halı yox idi. Donub qalmışdı. Görünür, gözlənilməyən sevincin təsiri elə-belə olur. Bircə o yadında qaldı ki, maşının arxa qapısından iki arvad düşdü. Bacısını tanıdı. O biri də ki...
   
   ... Allahverdi evə dönməyə tələsmirdi. Məqsədsiz, mənasız yerə tövlədə hərlənirdi. Siqaret qutusu boşalmaq üzrə idi...
   
   ... Gəlin yüngülvari yır-yığış edib yaxınlaşdı pəncərəyə. Pərdənin arasından boylandı bayıra. Hər tərəf qərq olmuşdu zülmətə. Baxmaqdan yoruldu, qayıdıb paltarını soyunmadan uzandı təzəcə səliqəyə saldığı çarpayıya...
   
   Qısa arayış: Gəlin olardı 35-40 yaşında. İki dəfə ərdə olub, müxtəlif səbəblərdən ayrılmışdı. Yaxınlıqdakı kənddən idi...
   
   ... Həmişə olduğu kimi bu dəfə də sürünün arası ilə dolanıb qoyunları bir-bir gözdən keçirtdi. Qeyri-adi, yeni nəsə gözünə dəymədi. Qoyunların tərpənişi, hərəkəti xoşuna gəlmədi. Bir-ikisini tutub belini, yelinini əlləşdirdi... Sonra dikəlib ağır-ağır sürünün içindən çıxdı kənara. Oğlu atın cilovundan yapışıb dayanmışdı talvarın altında.
   
   - Min atı, get Həsəni çağır bura...
   
   ... Yarım saatdan sonra Həsən Allahverdinin hüzurundaydı. Uzun-uzadı müzakirlərə, məsləhətləşmələrə ara verib, Həsən, yaxınlaşdı burnunu divara söykəyib tövşəyən qoça. Qoç heç qımzanmadı da. Həsən qoçun başını qaldırıb dodaqlarını araladı. Qoçun yeyilib kötüklənmiş damağında bir dənə də diş yox idi. Həsən qoçun bulanıq gözlərinə, aşağı sallanmış çənəsinə xeyli tamaşa edib dedi:
   
   - Heç dağa-daşa düşmə, qağa. Qoyunlarda günah yoxdu. Qoç qocalıb, əldən düşüb. Bu qoçdan quzu gözləmə... Kəs...
   
   ... Allahverdi qeyri-ixtiyari əlini ağzına apardı. Barmaqlarını içəri "yoğrulmuş" dodaqlarına və batıq ovurdlarına toxundurdu. Gecə keçənə qədər tövlədə girlənib, cavan arvadının yataqda gözlədiyi yadına düşdü. Buynuzu hələ də Həsənin əlində olan qoçla özündə bir oxşarlıq tapdı. Bu gözlənilməz tapıntı onu hədsiz ağrıtsa da bir təhər özünü cəmləyib əlacsız-əlacsız soruşdu:
   
   - Bunu kəsdim, bəs sonra nə olsun?
   
   - Nə olacaq? Sabah öz qoçumu gətirərəm, beş-on günlüyə qatarsan sürüyə. Bunun da ətindən beş-on kilo verərsən yeznənə, vəssəlam...
   
   ... Düzənliyin dərinliyində, xeyli uzaqda ferma binasının alçaq, amma uzun ağ divarı görünürdü. Fermada yaşayanların ara-bir divarın önündən ora-bura gedib-gəlməsi bir mənzərə yaradırdı.
   
   Elə bil ağ pərdənin üstündə ağ-qara rəngdə kino göstərilirdi. Bayaqdan fikri, xəyalı yüz yerə dolanan Allahverdinin də nəzərləri o divarda, o divarın önündə hərəkət edən qaraltılarda idi...
   
   ... Qaraltının biri bir az əvvəl di vardan aralanmışdı. Böyüyə-böyüyə yaxınlaşdı. Allahverdi irəli dartınıb əlini qoydu kepkanın dimdiyinə...
   
   ... Oğlu yamacın ortasına qədər dırmaşıb, atasına iki-üç addım qalmış dayandı, başını qaldırmadan,salamsız-kəlamsız bir başa dedi:
   
   - Həsən qoçu gətirib...
   
   Allahverdi dinməz-söyləməz yeridi ata tərəfə. Oğlan əlindəki ağacı çiyninə qoyub sürünü yığdı fermaya sarı...
   
   ... Həsən gətirdiyi qoçun buynuzuna bağladığı kəndiri açıb onu buraxdı sürünün içinə.
   
   ... Allahverdi öz qoçunun buynuzundan tutub çəkə-çəkə gətirdi Həsənin yanına. Həsən cəld qoçu yıxdı yerə və bıçağı cibindən çıxartdı... Qoçun müqavimət göstərməyə, ayağa qalxmağa həvəsi, istəyi də yox idi. Dərhal təslim oldu. Sanki bu sonluğu çoxdan gözləyirdi...
   
   ... Allahverdi qoçun sönməkdə olan gözlərindən, çalada göllənən qanından gözünü çəkib boylandı evə tərəf. Təzə gəlin qapının çərçivəsinə söykənib maraqla, ehtirasla baxırdı təzə gələn qoça.
   
   ... Təzə qoç sürünü döşdəyib sıxışdırırdı "ağzıbirə". Deyəsən, elə qoyunların da könlü həmin yerə idi...
   
   

TƏQVİM / ARXİV