Rəqəmsallaşma qadınların təhsil, məşğulluq, sahibkarlıq və ictimai iştirak imkanlarını genişləndirməklə yanaşı, onların rəqəmsal təhlükəsizliyinin təmin olunmasını da zəruri edir. Qadınların texnologiyalardan istifadə edən tərəf kimi deyil, həm də rəqəmsal iqtisadiyyatın, innovasiyaların və informasiya mühitinin fəal iştirakçıları kimi təmsil olunması inklüziv və məsuliyyətli rəqəmsal mühitin formalaşdırılmasının əsas şərtlərindəndir.
Adalet.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunun birinci panel iclasında bildirib.
Sədaqət Qəhrəmanova qeyd edib ki, rəqəmsal imkanlardan bərabər şəkildə yararlanmaq üçün qadınlar və qızlar arasında texnologiyalara çıxış və rəqəmsal bacarıqlar sahəsində mövcud fərqlərin aradan qaldırılması vacibdir: "Qadınların rəqəmsal iqtisadiyyatda və innovasiya proseslərində fəal iştirakının təşviqi ilə yanaşı, onların onlayn mühitdə üzləşdikləri gender əsaslı zorakılıq, ayrı-seçkilik və digər risklərə qarşı müdafiəsi də diqqət mərkəzində saxlanılmalıdır. Qadınların imkanlarının genişləndirilməsi, səslərinin daha geniş auditoriyaya çatdırılması və ictimai həyatda iştirakının artırılması həm milli, həm də regional səviyyədə birgə səylər tələb edir".
S.Qəhrəmanova Azərbaycanın AQEM-ə sədrliyi dövründə qadınların davamlı inkişafda rolunun gücləndirilməsinə xüsusi diqqət yetirildiyini qeyd edib.


Bakı -°C
