adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Böyük insanlar heç vaxt əyilmirlər - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1221 | 2022-12-19 12:04

Oqtay Kazımi – 90

 

...Mən onu – Oqtay Kazımini ilk dəfə 2004-cü ildə nəvəsinin kiçik toy məclisində, daha doğrusu, oğlu Elçinin balasının toyunda görmüşdüm. Və o toy da istedadlı aktyor, «Kişi sözü» filmində baş rolda çəkilmiş Əjdər Həmidov aparırdı. Elə şirin, elə gözəl məclis aparırdı ki, adam toyun necə keçməyini, başa çatmağını hiss eləmirdi. Hiss elədiyin o idi ki, bu toy çox böyük şəxsiyyətlərin və ziyalıların toplaşdığı məclisə bənzəyirdi.

...O məclisin gözəlliyi, qeyri-adiliyi heç vaxt yadımdan çıxmaz. Çünki dostum və qardaşım Elçinin oğlunun toy məclisində xalq artisti Əliabbas Qədirov, Cabir Novruzun oğlu, böyük ziyalı Mirzə Novruzov və eləcə də uzun illər dostluq və yoldaşlıq elədiyim, çörək kəsdiyim Müşfiq Cabiroğlu iştirak edirdilər. Bir xatırlatmanı da yada salım ki, Əliabbas Qədirov, Oqtay Kazımi və Cabir Novruz uzun müddət dostluq eləyiblər. Və Əliabbas Qədirov həm Müşfiq Cabiroğlunun, həm də Oqtay müəllimin oğlu və mənim dostum Elçinin qayınatası idi.

Elə anlar, elə məqamlar və elə dəqiqələr var ki, onlar insanın ömrünə qızıl hərflərlə yazılır. 2004-cü ildə keçirilən o toy məclisi də mənim yaddaşıma və ömrümə silinməz izlər qoydu. Çünki o toy məclisində mən Azərbaycanın böyük bəstəkarı, böyük ziyalı və gözəl insan, Xalq artisti Oqtay Kazımi ilə, Xalq artisti Əliabbas Qədirovla tanış oldum. Və ona da sevindim ki, bu cür şəxsiyyətlərlə ünsiyyətdə olmaq insanın ömrünə yeni rəng və yeni çalar qatır...

...O toydan bir həftə sonra elə oldu ki, dostum Elçin Kazımovla onlara getdik. Dedi ki, atam səninlə görüşmək istəyir. Mən də bu dəvəti çox böyük sevgi ilə, məhəbbətlə qarşıladım və böyük bəstəkar Oqtay Kazıminin görüşünə getdim. O qədər sakit, o qədər səmimi insan idi ki, az qala adama ürəyini verirdi. İki daşın arasında Cabir Novruzla, onun qələmə aldığı və bəstələdiyi mahnılardan ibarət yeni çapdan çıxmış «Sağlığında qiymət verin insanlara» kitabına avtoqraf yazaraq mənə hədiyyə etdi. Böyük bəstəkarın kitabda mənə yazdığı avtoqrafı bir daha xatırlamaq istəyirəm: «Səmimi və gözəl insan, jurnalistikada dəsti-xətti ilə seçilən, xalqımızın tərəqqisini sürətləndirən, oğlumun dostu, qardaşı Faiqə kitabın bəstəkarından ən xoş və səmimi arzularla Oqtay Kazımi 28.04.2004-cü il».

Bax bu imza, bu avtoqraf heç vaxt mənim yadımdan çıxmır. O kitabın tərtibçisi Hacı Firuz Əhmədli, Müşfiq Cabiroğlu idi. Redaktorları Vüqar Cabiroğlu, Elçin Oqtayoğludur və bu kitab «Cabir Novruz» Fondu hesabına çap edilmişdi. Bir sözlə, kitabdan böyük kişilərin, böyük insanların ətri, qoxusu gəlirdi. Kitabdan Cabir Novruzun, Oqtay Kazıminin gül ətrini, qoxusu hiss etmək olurdu...

...Və burda hər iki böyük şəxsiyyətin 35 mahnısı toplanıb. «Bakının qızları, «Sevgi qanadlarında», «Taleyim mənim», «Qocalır anam», «Həyat sən nə qəribəsən», «Yaşayır insan», «Nəğmələr qoş», «Məhəbbətdən yaranmışıq», «Adım gəldi bu dünyaya», «Çağırır Vətən», «Ömrümə əvəzsən», «Kaş millətdə ruh yaşasın», «Səadət axtarır dünyada insan», «Ömrümün nəğməsi», «Qürbət bayatıları», «Gəlin gələndə», «Mənim duyğularım», «Qara gözlüm», «Məhəbbət yaşa baxmır», «Səni gördüm», «Dünya necə dünyasan», «Arzular qovuşanda», «Dünya bir nəğmə idi», «Məni yad etməz», «Bulaq suyu, dağ havası», «Məhəbbət», «Sağlığında qiymət verin insanlara», «Tələsin insanlar, «Cavanlığım», «Ayrılıq olmayaydı», «Nəğməmsən Azərbaycan», «Günəşli ömrüm», «Əlvida», «Bu dünyanı», «Arzum».

Bu mahnıların hər biri çox möhtəşəm və yaddaqalan, tarixə düşən musiqilərdir. Həm sözlərinə görə, həm də bəstələrinə görə. Oqtay müəllimin mahnısı var ki, düz 60 ildi, 70 ildi oxunur, yenə öz təravətin, gözəlliyin, şirinliyin itirmir. Çünki Oqtay müəllimin bəstələdiyi musiqilər Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, keçmişini, bugününü əks etdirir. Onun mahnılarını kimlər ifa etməyib? Dahi türk müğənniləri Zəki Müren, Azərbaycanın böyük sənət adamları, Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, Eldar Axundov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zaur Rzayev və başqaları. Yəni böyük bəstəkarın hər bir mahnısı, hər bir bəstəsi musiqi aləmində sözün həqiqi mənasında hadisəyə çevrilib, millətin yaddaşında və ömründə möhtəşəm izlər qoyub.

Oqtay Kazıminin dekabrın 27-də 90 yaşı tamam olacaq. O aramızda olmasa da, Allahın dərgahına qovuşsa da, hər an, hər dəqiqə öz mahnıları ilə yaşayır. İstər-istəməz Oqtay müəllimin tərcümeyi-halı yadıma düşür: «Oqtay Məmməd oğlu Kazımi 27 dekabr 1932-ci ildə Astarada anadan olub. Orta məktəbi Astarada bitirən O.Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə qəbul olub. Və Hacı Xanməmmədovun sinifində təhsil alıb. Musiqi məktəbində oxuyarkən, «Bəxtəvər uşaqlar» adlı ilk mahnısını bəstələyib. O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub və Cövdət Hacıyevin sinifində təhsil alıb. 1966 və 1967-ci illərdə Sumqayıt Musiqi Texnikumunda müəllim, sonra dərs hissə müdiri kimi fəaliyyət göstərib. Sumqayıtda çalışdığı illərdə O.Kazımi «Ekspiriment» estrada orkestrini yaradıb. Sonralar bəstəkar Filormoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq çalğı alətləri fakültəsində dərs deyib. Oqtay müəllim uzun illər «Dan ulduzu» ansamblının repertuarında xüsusi yer tutub. O.Kazıminin yaradıcılığı Dövlət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, Əməkdar incəsənət xadimi (1992), Azərbaycan Respublikasının xalq artisti (2006) adlarına və Prezident təqaüdünə layiq görülüb. O.Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir».

Oqtay müəllim dünyasını dəyişəndən sonra da mən onun oğlu Elçin Kazımovla və rəhmətlik Müşfiq Cabir oğlu ilə dostluğumu davam etdirmişəm. Onların sevincli günlərində yanlarında olmuşam. Dostum Müşfiq isə qəfil dünyasını dəyişəndə heç özümə gələ bilmədim. Çünki Müşfiqin özündən əvvəl iki qardaşı da Allahın dərgahına qovuşmuşdu. Amma nə yaxşı ki, Cabir Novruzun ocağını yandıran, yolunu davam etdirən və eləcə də Oqtay Kazıminin ömrünü yaşadan övladları, nəvələri var. Elçin Kazımov kimi vətənpərvər, millətini və xalqını sevən bir oğul o ocağın şərəfi və namusu, davamçısıdır.

Oqtay Kazımi ilə bağlı çox böyük adamların, çox böyük ziyalıların ürək sözləri və xatirələri var. Onların hamısı çox yadda qalan və şirin xatirələrdir. Xalq şairi Cabir Novruzun ilə Oqtay müəllimlə bağlı ürək sözlərini heç vaxt unutmaq olmur. Çünki onlar 50 ildən çox dostluq ediblər, çörək kəsiblər və ömrürlərinin sonuna qədər bu çörəyə sadiq qalıblar. Cabir Novruz xatirələrində yazır: «Oqtay Kazımi. Bu bəstəkar çox heyrətamiz, çox qeyri-adi istedada malik insandır. Bir sənətkarın ki, mahnılarını türk dünyasının böyük müğənniləri Rəşid Behbudov, Zeynəb Xanlarova, Zəki Müren, Şövkət Ələkbərova, Nəşə Qaraböcək, Yalçın Rzazadə oxuyur, bir şəxsin ki, mahnılarını bütün Azərbaycan müğənniləri oxuya, rus müğənniləri, Avropa müğənniləri oxuya, bu bəstəkara ölüm yoxdur. Mən 50 ilə yaxındır ki, onunla dostam. Hələ bir dəfə görməmişəm Oqtay müəllim özündən danışsın, şöhrət dalınca qaçsın, öz adı üçün, öz musiqisi üçün kiminsə qarşısında əyilsin. Çünki böyük insanlar heç vaxt əyilmirlər. Onlar sənət qarşısında əyilirlər, onlar ilahi musiqi qarşısında əyilirlər. Oqtay Kazımi bizim belə böyük sənətkarlarımızdandır».

Əlbəttə, böyük sənətkarlar, istedadlı adamlar heç vaxt ölmürlər və yaddan çıxmırlar. Düzdü, Oqtay müəllimin dekabrın 27-də 90 yaşı tamam olacaq. Çünki Oqtay müəllim kimi böyük sənətkarlar həmişə yaşayır və yaşayacaq. İndən sonra neçə yüz illər keçsə də, Oqtay müəllimin Qızıl fondda olan mahnıları səslənəcək və onu gələcək nəsilə sevdirəcəkdir. Çünki Oqtay Kazıminin mahnıları əbədiyaşar və ölməz mahnılardı. O mahnılar olana qədər Oqtay müəllim də yaşayacaq və bu xalq, bu millət tərəfindən seviləcək...

 

TƏQVİM / ARXİV