Kim nə deyir-desin Azərbaycan xalqı tarixən çox müdrik, mübariz və döyüşkən bir millət olub. Bunu biz demirik, bunu tarix təsdiq edir. Tarix təsdiq edir ki, bu millətin torpağını, yurdunu, elini-obasını əlindən almaq elə də asan bir məsələ deyil. Yəni hər bir azərbaycanlı öz torpağı uğrunda, öz Vətəni uğrunda döyüşməyə, şəhid olmağa, qalib olmağa hazırdır. Əlbəttə, bütün bunlar ona dəlalət edir ki, bizim millət nə qədər humanist, nə qədər mərhəmətli və nə qədər ürəyi yumuşaq olsa da bir qarış torpağını belə yağı düşmənə verməz.
Heç kimə sirr deyil ki, uzun müddət, daha doğrusu, otuz ildən çox ərazimizin iyirmi faizi işğal altında olub. Yəni işğalçı ermənilər öz havadarlarının köməyi ilə bu çirkin niyyətlərini zaman-zaman həyata keçiriblər. Tarixən ermənilər bizim üzümüzə gülüb, çörəyimizi yeyib, suyumuzu içib, Vətənimizin havasını udub. Hətta tülkü sifətinə girərək, bizə «kirvə» deyərək kürəyimizə bıçaq saplayıblar. Təbii ki, onların iç üzünü biz yaxşı tanımamışıq. Biz bilməmişik ki, onlar hansı yuvanın quşudur.
Sovet dönəmində isə aparılan ideoloji təbliğatlar ermənilərlə bizim qardaş olduğumuzu bildirirdi. Bu təbliğat maşını onların da havadarlarının köməyi ilə 70 ildən çox dünyaya erməni sevgisini təbliğ elədi. Daha bilmədilər ki, onlar dar gündə, çətin anlarda çörək yediyi qaba tüpürəcək və 20 faizdən artıq torpağımızı işğal edəcəklər. Onlar tək torpaqlarımızı işğal etmədilər, həm də bizim milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi və tariximizi işğal etdilər. Çünki zəbt etdikləri ərazilərdə yalandan bir qondarma abidələr düzəldir, adları dəyişir, guya bu yerlər iki yüz il bundan qabaq onlara məxsus imiş. Bax, bu ermənilərin iç üzü idi.
Bütün bunlarla bahəm Azərbaycan heç vaxt işğal altında olan torpaqlarının erməni əsarətində olması ilə barışmırdı. Çünki beynəlxalq təşkilatlardan tutmuş ermənilərin havadarlarına qədər hamısı onların sözünü deyir və bu problemi, yəni Qarabağ problemini dondurmaq istəyirdilər. Daha doğrusu, elə 30 il elə dondurmuşdular. Amma Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə və eləcə də prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində erməni yalanı dünyada ifşa olunurdu. Bununla paralel Azərbaycan öz hərbi və iqtisadi gücünü daha da artırırdı. Heç şübhəsiz ki, bu addımların gerçəkləşməsi işğal altında olan ərazilərimizin geri qaytarılmasına böyük ümid yaradırdı.
Artıq bu ümid 2020-ci ilin sentyabrın 27-də günəş kimi parladı. Yəni ermənilərin nazı ilə düz 30 il oynadıq və 30 ildən sonra onlara qarşı Azərbaycan ordusu, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks hücuma keçdi. Bu o demək idi ki, qüdrətli Azərbaycan ordusu və möhtəşəm Azərbaycan xalqı öz sözünü artıq döyüş meydanında silahla deyirdi. O silahla ki ordumuz ən müasir texnika, döyüş maşınları və yeni qurğularla təchiz edilmişdi. Üstəlik də Azərbaycan ordusunda elə bir ruh yüksəkliyi yaranmışdı ki, onun qarşısını nə ermənilərin havadarları, nə də təpədən dırnağadək silahlanmış erməni ordusu ala bilərdi.
Döyüşün ilk günlərində ermənilər özlərinə çox arxayın idilər. Ən azından ona görə ki, strateji cəhətdən bütün yüksəkliklər onların əlində idi. Üstəlik də keçilməz müdafiə səddi yaratmışdılar. Bu sədd ən azı 7-8 hissədən ibarət idi və onu da nahaq yerə «Ohanyan səddi» adlandırmırdılar. Çünki Qarabağın bütün yerlərində ermənilər 30 ildə çox güclü müdafiə sistemləri, istehkamlar qurmuşdular və buna da çox arxayın idilər. Çünki bu müdafiə səddini yarmağa ən azı 2-3 ay vaxt lazım idi. Amma qüdrətli Azərbaycan ordusu bu səddi bir neçə günün içərisində darmadağın elədi. Füzulinin və Cəbrayılın ona yaxın yaşayış məntəqəsinin bir neçə günün içində azad edilməsi Azərbaycan ordusunu daha da ruhlandırdı. Əsas məsələ o idi ki, ermənilərin dediyi kimi, keçilməz sədd o qədər də möhkəm olmadı. Sadəcə olaraq, Azərbaycan ordusu, o sədd nə qədər möhkəm olsa da, əsgərlərimiz, bayaq dediyim kimi, onu yarıb keçməyi bacardı.
Ali Baş Komandan, prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın, rayonlarımızın, yaşayış məntəqələrimizin azad olunması ilə bağlı xalqa çatdırdığı xəbərlər millətimizin böyük sevincinə səbəb olur, xalq, ordu prezident ətrafında daha da sıx birləşirdi. Yüz minə yaxın əsgərimiz vardı, amma daha 200 min də könüllü insanlar döyüşə getməyə hazır idi. Bunlar hamısı prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ savaşında apardığı möhtəşəm və uğurlu siyasət idi.
Dəfələrlə Cənab Prezident öz çıxışlarında qeyd edib ki, bizim nə qədər müasir döyüş texnikamız, silahımız olsa belə əsas Azərbaycan əsgəri idi. Çünki onlar heç nədən qorxmur, döyüşür və erməniləri strateji mövqelərdən iti qovan kimi qovurdu. Bu, bir daha Azərbaycan əsgərinin mübarizliyini, döyüşkənliyini və igidliyini göstərirdi.
Çox nadir müharibələrdə qısa zaman kəsiyində işğal altında olan əraziləri azad etmək mümkündür. Azərbaycanın da 44 günlük İkinci Qarabağ savaşında keçirdiyi möhtəşəm əməliyyat bax, belə unikal əməliyyatlardan biri idi. Çünki belə bir əməliyyatın həyata keçirilməsi üçün ən inkişaf etmiş dövlətlər belə bu addımı ata bilməyiblər. Hələ də dünyanın hərb tarixində qeyri-adi əməliyyat kimi tarixə qızıl hərflərlə həkk olunmuş 44 günlük savaş dünyanın çox böyük ölkələrini təəccübləndirib. Başqa sözlə demiş olsaq, bu gün dünyada Azərbaycanın 44 günlük savaşında hərbi təcrübəsi, qeyri-adi əməliyyatları digər ölkələrin hərbçiləri tərəfindən bir məktəb olaraq öyrənilir, araşdırılır.
Tarix göstərir ki, Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlət olmaqla yanaşı, həm də hərbi cəhətdən ən güclü ölkələrdən biridir. Əhalimizin və ərazimizin az olmasına baxmayarq, Azərbaycan ordusu əksər Avropa dövlətlərindən bu gün hərbi cəhətdən daha güclüdür. Ona görə də heç bir ölkə, eləcə də qonşu dövlətlər bizimlə hədə-qorxu, hərbi yolla danışa bilməzlər. Və danışsalar çox ağır cavablarını alacaqlar!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Bakı -°C
