adalet.az header logo
  • Bakı -°C

Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən DANIŞDI

75 | 2026-09-30 18:55
A- A+

İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” aviaşirkətinin göyərtəsində tərəf-müqabilinə bıçaqla hücum edən pilotun həbs olunduğunu və hazırda Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən dindirildiyini bildirib.

Adalet.az “Ynet” nəşrinə istinadən xəbər verir ki, Netanyahu İsrailin sərnişinlərin təhlükəsizliyini və ölkəyə salamat qayıtmasını təmin etmək üçün aidiyyəti qurumlarla daimi təmasda olduğunu vurğulayıb.

Baş nazir ekipaj üzvlərindən biri ilə birlikdə pilot kabinəsinə daxil olmağı bacaran və təyyarənin sistemlərini sıradan çıxarmağa çalışan hücumçunu zərərsizləşdirən israilli sərnişinlərdən biri ilə danışdığını diqqətə çatdırıb:

“Bütün sərnişinlər təhlükəsizlikdədir. Bıçaqla hücum edən pilot həbs edilib və hazırda Səudiyyə hakimiyyəti tərəfindən dindirilir. Biz vəziyyəti daim qiymətləndiririk və hadisələrin inkişafı barədə məlumat verəcəyik”.

Xatırladaq ki, Dubaydan Təl-Əvivə uçan və göyərtəsində 150-dən çox sərnişinin olduğu layner Səudiyyə Ərəbistanının qərbindəki Təbuk şəhərində təcili eniş edib. Məlumata görə, pilotlar arasında baş verən əlbəyaxa dava zamanı ikinci pilot həmkarını bıçaqlayıb. İlk olaraq münaqişə tərəflərinin ukraynalı pilot və rusiyalı gəmi kapitanı olduğu bildirilsə də, sonradan KİV pilotların Oman və BƏƏ vətəndaşları olduğunu açıqlayıb.

TƏQVİM / ARXİV