adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

 XUDAFƏRİN – MİLLİ BİRLİK SİMVOLU - MEHMAN CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
151854 | 2020-10-08 13:11

Tələbəlik dövründə qrup yoldaşlarım Əlyar və rəhmətlik Tehranın dəvətiylə onlara, bu günlərdə erməni işğalından azad olunmuş Füzulinin Mollaməhərrənli və Cəbrayılın Mahmudlu kəndlərinə qonaq getmişdim. Hər iki rayon İranla sərhəd zonasında yerləşdiyi üçün o vaxtlar başqa bölgələrin sakinləri üçün oralara gediş-gəliş qadağan idi, bundan ötrü xüsusi dövlət qurumlarından icazə almaq lazım idi. Bu da çox qəliz məsləydi, ən sadə yolu ezamiyyə vərəqsiydi ki, onu almağa da tələbənin əli çatmırdı. Bir sözlə, Sovet hökuməti öz matah sərhəddini təkcə üçqat tikanlı məftillərlə qorumurdu, onun 50-60 kilometrliyinə belə yaxın düşmək qeyri-mümkün idi.

Mən də bu yandan qonaq getmək təklifini qəbul eləmək üçün “mütləq Xudafərin körpüsünü görməliyəm”- deyə çox ağır şərt qoymuşdum. Tehran boyun oldu, dedi bir qohumum var bu məsələni həll edər. Həmin qohum məni həm Mahmudlu stansiyasında hərbçilərin əlindən almalı, həm də səhəri gün Xudafərinə aparmalıydı. Dəmiryolu stansiyasında qohum görünmədi və əsgərlər məni əks tərəfdən gələn qatara mindirib geriyə, Bakıya qaytarmaq üçün vağzalın komendantına təhvil verdilər. O vaxt bir qohumum  və yerlim Cəbrayılın polis (o vaxt milis) rəisiydi. Çox xahiş-minnətdən sonra komendant rəislə əlaqə yaratmağa imkan verdi və onun zəmanətiylə pasport məlumatlarımı götürüb məni buraxdı.

Sonradan məlum oldu ki, Tehranın vağzalda bizi başsız qoymuş qohumu yalançı-filan deyilmiş, indi unutduğum hansısa səbəbdən qatar ayağına gecikmişdi. Özü də pərt idi. “Eybi yox, dedim, Xudafərinə aparıb, günahını yuyarsan”. “Asan məsələdir, narahat olma” – dedi.

Yox, o  qoçaq oğlan-zad deyildi, bizi hansısa gizli yollarla, partizansayağı aparmayacaqdı. Açığı, heç biz özümüz də bu cür yollarla geməyə ərdəmi çatan cayıllardan deyildik. Qohum  hər işin çəmini bilən zəmanə adamıydı. Səhəri gün bizi öz maşınına oturdub, maneəsiz-filansız bütün postlardan keçirdərək düz Xüdafərinin kənarına gətirdi. Rus əsgərləri maşınını bir dəfə də yoxlamadılar, nömrəyə baxan kimi eləcə əllərinin işarəsiylə “buyur” dedilər. Mənzil başındasa onu komandirin özü gözləyirdi.

Maşının yük yerindəki dolu zənbilin birini birbaşa komandirin xidməti UAZ-na qoydu, ikincisini isə boşaldıb elə körpünün ayağındaca yerdən sərdiyi qəzetlərin üstünə düzdü. Cənublular elə bu cür “qəzet-süfrələrə” görə o vaxtlar bizə “süfrəsi qəzetdən köpəyuşağı” deyirdilər. Süfrənin üstü boşaldıqca, qəzetlərin yarısı islanıb əridiyinə, yarısı da salfet kimi istifadə olunduğuna görə öz funksional əhəmiyyətini itirdikcə bizim vətənpərvərlik hisslərimiz coşub daşır, komandirinsə sifətinin sərt cizgilərinə məsum ifadələr qonurdu. Bir azdan necə cuşə gəldisə hətta dil-boğaza qoymadan söylədiyimiz Araz nisgilli şeirlərə çəpik də çalmağa başladı. Təbii ki, mənasını anlamadan.

Bu deyilənlər bizim istəklərimizdən doğan, qohumla komandirin dostluğu və “işgüzar əlaqələri” sayəsində gerçəkləşmiş bir həyat hekayəsidir, onu Sovet hərbçilərinin məsuliyyətsizliyinə rişxənd motivləri kimi qəbul eləmək lazım deyil. Əksinə, Sovet ordusu lazım olduğundan da çox məsuliyyətli, peşəkar, həm də qəddar bir orduydu.

 Onun ucsuz-bucaqsız sərhədləri üçqat tikanlı məftillərlə və yuxarıda da dediyimiz kimi 50-60 kmilometrlik “təhlükəsizlik zonası”yla əhatəyə alınmışdı. Bununla özünü təkcə düşmənçilik etdiyi kapitalist ölkələrindən yox, həm də sözdə dost və qardaş, əməldəsə vassal saydığı sosialist ölkələrindən də təcrid eləmişdi. Sərhədlərinin o biri üzünü də  elə özü “qoruyurdu”. Xatirələrdən söz düşmüşkən, qoy, birini də deyim. 70-ci illərin sonlarında Lvovda keçirilən gənc jurnalistlərin ümumittifaq seminarında bizi Sovet-Polşa sərhəddinə ekskursiyaya aparmışdılar. Bu qədər möhkəm mühafizə olunan sərhəddin o tayında niyə heç bir sərhədçinin və mühafizə qurğusunun omamasından təəccüblənən Sibirli bir jurnalistin sualına Lvov şəhər partiya komitəsinin bir rəsmisi açıq-aşkar ironiya ilə cavab verərək dedi ki, Polşalılar rusların onların sərhədlərini də göz bəbəyi kimi qoruduqlarından tam arxayındırlar, əlavə niyə xərc çəksinlər ki?!

Həmin tikanlı məftillər uzun illər ərzində ölkəmizin ikinci ən böyük çayı Arazı bizdən ötrü əlçatmaz yerə çevirdi. Sahilboyu kəndlərdə yaşayan insanlar əsrlər boyu baş-başa qaldıqları, gün-güzəranlarının ən yaxın yol yoldaşı olan bu çayın varlığını az qala unutdular, onu öz yaddaşlarından birdəfəlik silib atdılar. Tikanlı məftillər arxasındakı Araz özünün bütün coğrafi və sosial mahiyyətini itirərək siyasi anlam kəsb eləməyə başladı, bölünmüş bir xalqın simvoluna, millətçi düşüncənin məhək daşına çevrildi. Ölkədəki bütün antisovet ovqat onun üstünə kökləndi. Hər addımbaşı şəninə saysız şeirlər, poemalar yazıldı, məhrəm göz yaşları bulanıq suyuna qarışdı, klassik poeziyamızdan yadigar qalmış “hicran” adlı nisgil və nifrin yağışları onun başına yağdırıldı. Araz bizim başqalarıyla müqayisədə olduqca kasıb dissident düşüncəmizin ən üzüyola hədəfindən başqa bir şey olmadı, hətta birbaşa çayın qırağında yaşayan camaatın məişətində belə onun heç bir rolu qalmadı, varlığı hiss olunmadı, xəritələrdəki irili-xırdalı çaylardan  heç nəylə fərqlənmədi.

O, öz səfası, romantikası, ən əsasısa maddi resurslarıyla yalnız İmişli camaatının məişətində ilişib qaldı, həm dolanışıq, həm də əyləncə məkanı kimi yalnız onların həyatının, ruhunun bir parçası oldu. Rayonun, xüsusilə onun Arazboyu sakinlərinin çinədanında bu çayla bağlı saysız-hesabsız yaxşı və pis, maraqlı və tükürpədici xatirələr yatır. Çünki burda o, sərhəddən aralanır, yaxasını tikanlı məftillərin cəngindən qurtararaq Şoloxovun məşhur romanındakı Don çayı kimi böyür-başında yaşayan insanlarla qaynayıb qarışır, onların  acılı-şirinli günlərinin həm sevinci, həm kədəri, həm də təsəllisi olur.

Azərbaycan müstəqillik qazandıqdan, Araz qırağındakı tikanlı məftillər “metalloma” çevriləndən sonra da biz Araza qovuşa bilmədik, işğalçının biri getməmiş digəri gəldi, yağışdan çıxıb yağmura düşdük. Düz 30 ildir ki, bu yağmurun altındayıq. Vətən torpağının bircə qarışı belə düşmən tapdağı altındadırsa onun azadlığından və müstəqilliyindən danışmaq, sadəcə, əxlaqsızlıqdır, natamamlıq kompleksidir. Milli ordumuzun on gündür başlayan zəfər yürüşünün hər bir Azərbaycan vətəndaşının qəlbində oyatdığı qürur və iftixar hissinin kökündə də elə bu kompleksdən birdəfəlik can qurtarmaq arzusu dayanır.

Müharibə fəlakətdir, dağıntıdır, insan itkisidir. Ona görə də heç bir xalq dinc həyatını ağrı-acılarla, faciə və itkilərlə dəyişmək istəməz və istəmir. Amma kölə kimi yaşamaq daha ağır fəlakətdir, axı. Yağı düşmən torpağında at oynadırsa, üstəlik, hər addımbaşı səni təhqir eləyib əsəblərinlə oynayırsa, daha bunun harası dinc həyat oldu. İnsanın mənliyi ilə oynamaq, onun mənəviyyatını, hisslərini təhqir eləmək, müqəddəs saydığı yerlərə sataşmaq və bunu hər gün təmtəraqla nümayiş etdirib onun gözünə soxmaqdırmı dinc həyat?

Şuşa bu xalqın qürur və iftixar mənbəyidir, ən ağır dağıntılara məruz qaldığı vaxtlarda belə təravəti solmayan bəzəkli gəlinidir. Ona görə də İlham ƏliyevAzərbaycan xalqı onun hisslərini Şuşayla imtahana çəkənləri heç vaxt bağışlamayacaq deyərkən yüz dəfə haqlıydı.

Bu xalqın başqa bir qürur mənbəyi Xudafərin körpüsüdür. Bu gün Araz üzərində çox körpülər var, torpaqlarımız düşməndən təmizlənəndən sonra daha yeniləri inşa ediləcək. Amma heç bir körpü bizə Xudafərini əvəz edə bilməyəcək, onun kimi milli relikviyaya çevrilməyəcək. Araz ayrılıq rəmzidirsə Xudafərin birlik simvoludur. İndi Şuşa kimi o da təkcə işğal altında deyil, həm də təhqir hədəfidir. Maddi tərəfi bir yana qalsın, ordan təyinatından asılı olmayaraq düşmən qapısına daşınan hər yük, yeni yaradılan infrastrukturlar bizə Şuşanın təhqir olunması qədər ağır və sarsıdıcı mənəvi zərbədir.

Yuxarıda Cəbrayılın Mahmudlu kəndinə gənclik səfərini əbəs yerə xatırlamadım. Azərbaycan ordusu artıq Xudafərin yolunun üstündə olan bu kəndi işğaldan azad edib və indi yəqin ki, qohumun bizi apardığı yolla minillərin birlik körpüsünə doğru inamla irəliləyir. Onun azad olunması xəbərini saatbasaat gözləyirik. Təbii dayaqlar üzərində inşa edilmiş nadir arxitektura nümunəsi olan bu körpü(lər) əsrlər boyu Azərbaycan ordularının yürüşlərinə, tacir karvanlarına vəsilə olub və yenə olacaq.

İndi Arazın o tayındakı xalqımız da həmin xalq deyil. İkiyüzillik ayrılıq, fərqli rejimlər və ideologiyalar altında yaşamağın yaratdığı mentalitet fərqləri 30 illik gediş-gəlişdən sonra tamamilə silinmək üzrədir. Erməni sevdalı hakim rejimdən fərqli olaraq bir çox ideologiyaları dişlərinə vurub tullayandan sonra milli ideologiyanın alternativsizliyini qəbul eləmiş cənublu qardaşlar bizimlə birdir və  bu birliyi hər fürsətdə əməli işləriylə nümayiş etdirməkdən çəkinmirlər.

Araz çayının yenidən xalqımızın həyatına, məişətinə daxil olacağı, Xudafərinin təkcə gediş-gəliş yolu yox, həm də bir turizm məkanına çevriləcəyi vaxta sayılı günlər qalıb. Çox keçməz müzəffər Azərbaycan ordusunun  Xudafərin, sonra da Şuşa raportu bütün arzularımızı çin edər, gözlərimizi sevinc yaşlarıyla doldurar.

TƏQVİM / ARXİV