adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MüHARiBƏNiN NÖVBƏTi MƏRHƏLƏSi...

11148 | 2007-06-28 04:30
Bir neçə gün öncə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbul Sammiti başa çatdı. Məlum olduğu kimi, bu beynəlxalq əhəmiyyətli tədbirdə iştirakçı dövlətlər ən yüksək səviyyədə - prezidentlər səviyyəsində təmsil olunurdular. Amma bəzi ölkələr xarici işlər nazirləri ilə Sammitə qatılmışdılar. Prosesləri izələyənlər çox yaxşı bilirlər ki, Azərbaycan prezidenti toplantıda nitq söylədi, hətta Ermənistan xarici işlər naziri Vardan Oskanyanın təxribat xarakterli çıxışından sonra növbəti dəfə sərt çıxış etməyi lazım bildi.
   
   Aparılan müşahidələr onu deməyə əsas verir ki, ermənilər həmişə beynəlxalq tədbirlərdə özlərinə məxsus formada həm tədbir iştirakçılarını, həm də beynəlxalq ictimai rəyi çaşdırmağa yönələn təxribat xarakterli çıxışlardan yararlanmağa çalışıblar. Onlar bu dəfə də bu hiylədən istifadə etməyə cəhd etsələr də, gözləmədikləri halla - Azərbaycan prezidentinin təkrar, özü də daha sərt cavabı ilə üzləşdilər. Bu haqda mətbuat kifayət qədər söz açdığına görə onların üzərində dayanmağa lüzüm yoxdur. Amma məsələnin bəzi məqamlarına diqqət çəkmək yəqin yerinə düşər.
   
   QDİƏT-in işinin yekunları barədə mətbuat konfransı keçirən Vardan Oskanyan Robert Köçəryanın Sammitə niyə qatılmadığı ilə bağlı sualı cavablandırarkən bildirib ki, R.Köçəryan Türkiyə ilə Ermənistanın diplomatik münasibətləri olmadığı üçün bu ölkəyə gəlməyib və tədbirə qatılmayıb. Lakin erməni naziri ona aydınlıq gətirməyib ki, əgər diplomatik münasibətlərin olmaması beynəlxalq tədbirdə iştirakı əngəlləyirsə onda xarici siyasət idarəsinin rəhbəri hansı diplomatik meyarlara görə tədbirə gəlir, orada çıxış edir, Türkiyə rəsmiləri ilə görüşlər keçirir?
   
   Erməni diplomatı jurnalistlərə həyasızcasına bəyan edir ki, onun ölkəsi baş nazir Rəcəb Tayyib Ərdoğanın tarixin araşdırılması üçün komissiyaların yaradılması təklifini rədd edib, ancaq Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını, sərhədlərin açılmasını istəyir. Hətta o, Ankaranın bu dəfə də sərhədlərin açılması üçün onların qarşısında işğal edilmiş Azərbaycan torpaqlarından çıxması şərtini qulaqardına vurur. Regionda militarist siyasət yeridən Yerevan uzun illərdir türklərin onları "blokada" da saxladığı haqda beynəlxalq təşkilatlara müraciətlər edirlər. Beynəlxalq hüquq normalarından dəm vururlar.
   
   Belə çıxır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunsa da beynəlxalq iqtisadi layihələrdə Ermənistanın da iştirakını təmin etməlidir, Türkiyə sərhədlərini açmalıdır, ermənilərlə iqtisadi əlaqələr qurmalıdır... Bir sözlə, həm Azərbaycan, həm də Türkiyə Ermənistanın inkişaf etməsi, güclənməsi üçün bacardıqlarını etməlidir. Ermənilər isə öz ərazi və "genosid" iddialarını sürdürməlidir. Qəribədir ki, böyük dövlətlər də, beynəlxalq təşkilatlar da eyni tələblə çıxış edirlər.
   
   Bundan başqa, faktlar var ki, işğal olunmuş Azərbaycan ərazilərində erməni əhalisi göstərilən sayda deyil. Əksər yaşayış məntəqələrimizdə heç kim yaşamır. Bunu hətta gizli yolla həmin ərazilərə gedib-gələnlər də təsdiqləyirlər. Və Yerevan bu reallığı ört-basdır etmək üçün bütün vasitələrə əl atmağa çalışır. Separatçı rejimi "respublika" kimi təqdim etməyə cəhdlər edir.
   
   Çoxlarının yaxşı yadındadır, bir müddət öncə Bakı beynəlxalq təşkilatlara müraciət etmişdi ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində süni köçürmə siyasəti həyata keçirir. O zaman əcnəbi diplomatlardan ibarət bir fakt araşdırıcı qrup da yaradıldı və regiona göndərildi. Sonradan Bakının da onlara təqdim etdiyi real faktlara baxmayaraq, komissiya çox əndirəbadi bir rəy hazırladı və məsələ qapandı.
   
   Erməni başbilənləri indi narahatçılıq keçirirlər ki, işğal altında olan yaşayış məntəqələrinin sakinsiz olması gələcək proseslər zamanı onların əleyhinə işləyə bilər. Məsələ ilə bağlı Yerevanda bəzi millətçi təşkilatların nümayəndələrinin qapalı görüşü keçirilib. Orada bu məsələ və son dövrlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi müzakirəyə çıxarılıb. Ötən il hazırlanmış yeni Ermənistan strategiyasına bu məsələnin də daxil edilməsi nəzərdə tutulub.
   
   APA-nın məlumatına görə, Daşnaksütyun partiyasının siyasət üzrə direktoru Kiro Manoyan Ermənistan rəhbərliyini Dağlıq Qarabağ ətrafında olan rayonlarda erməniləri məskunlaşdırmağa çağırıb. O, işğal olunmuş torpaqlarda erməni əhalisinin yerləşdirilməsi üçün heç bir maliyyə probleminin olmayacağını söyləyib. Onlar istəyirlər ki, hakimiyyət bu işlə çox ciddi məşğul olsun. Çünki siyasilər çox yaxşı bilirlər ki, adıçəkilən proses onların gözlədiyi kimi getmir.
   
   Bir sıra güzəştlər, kompensasiyalar verilsə də, erməni ailələri Azərbaycanın işğal altında olan yerlərinə köçməyə o qədər də həvəs göstərmirlər. Onlar artıq illər öncə erməni ideoloqlarının verdikləri vədlərin özünü doğrultmadığının fərqindədirlər. Və illər ötdükcə heç bir ölkənin, hətta Ermənistanın belə müstəqil kimi göstərilən "respublika"nı tanımaması, Bakının qətiyyətli mövqeyi, iqtisadi inkişafı, neft pullarının artması... ermənilərin bu siyasətinə ciddi əngəllər yaradır. Amma bununla belə o da söylənməlidir ki, Yerevan işğal edilmiş Azərbaycan ərazilərində süni köçürmə aparmaqdadır. Bununla bağlı çoxlu sayda faktlar da vardır.
   
   Sadaladığımız və sadalamadığımız faktlar göstərir ki, ermənilər Azərbaycan dövlətinin, xalqının əsəbləri ilə oynamaqdadır. Və onlar unudurlar ki, hələ müharibə bitməyib. Ermənilər məhz bunu və digər məsələləri unutduqlarına görə prezident Sammitdə bunu onlara sərt şəkildə xatırlatdı. "Müharibə hələ bitməyib ki, onu qazanan olsun. Bu müharibənin sadəcə birinci mərhələsi başa çatıb. İndiki vəziyyət uzun sürə bilməz. Biz torpaqlarımızın işğal altında qalmasına imkan verməyəcəyik. Bu məsələdə qəti qərarımız var: Qarabağ işğal olunub. ...Onlar bu əraziləri dərhal tərk etməlidir". İndi qalır yalnız hərəkətə keçmək... ə
   
   

TƏQVİM / ARXİV