adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ç

293723 | 2007-08-29 01:35
Çörəyin əhali üçün nə demək olduğunu xatırlatmağa yəqin ki, o qədər də ehtiyac yoxdur. "Çörək bol olarsa, basılmaz Vətən!" deyən böyük şairimiz Səməd Vurğunun sözlərində həqiqət var. Əslində çörək vətəndir, torpaqdır, bir qədər də dəqiq desək, həyat mənbəyidir. Atalarımız "Allah heç kəsi çörəklə imtahana çəkməsin" hikmətini elə-belə yaratmayıb.İnsanlar çörəklə imtahana çəkiləndə əllərini qaldırıb Tanrıya yalvarıblar ki, onlara çörək, ruzi göndərsin.
   
   İstənilən ölkədə dövlət həmişə çörəyin qiymətini normal vəziyyətdə saxlamağa çalışır. Ən çox da iqtisadi cəhətdən o qədər güclü olmayan dövlətlərdə bu məsələ bir qədər çox əhəmiyyət daşıyır. Son vaxtlar görürük ki, bizdə də bəzi işbazlar, səlahiyyət sahibləri şəxsi mənfəətləri naminə əhalini çörəklə imtahana çəkmək istəyirlər. Hələ bir müddət bundan əvvəl bəzi mətbuat orqanlarında çörəyin qiymətinin qaldırılacağı barədə məlumatlar yazılsa da dövlət məmurları əhalini əmin edirdi ki, yaxın vaxtlarda belə bir şey gözlənilmir.
   
   Çox keçmədən deyilənlər doğru çıxdı. Cəmi bir neçə ay bundan əvvəl 20 qəpiyə olan çörəyi mağazalarda indi 30 qəpiyə satırlar. 30 qəpiklik çörəklər isə 40 qəpik olub.
   
   Təəssüf ki, çörəyin qiymətinin qaldırılmasına baxmayaraq, çəkisi də əhəmiyyətli dərəcədə aşağı düşüb. Ailəsində 5 nəfər olan insanlar əgər əvvəllər gündə 2 çörəklə kifayətlənirdisə, indi 5 çörək almağa məcburdur. Beləliklə, ailə gündə 1 manat 50 qəpik çörəyə xərcləməyə məcburdur. Belə çıxır ki, ayda cəmi yüz otuz manat maaş alan ailə başçısı qazancının çox böyük bir hissəsini ancaq çörəyə xərcləməlidir. Kommunal xərclərin kifayət qədər yüksək, maaşların isə normal vəziyyətdə olmadığı bir məmləkətdə çörəyin qiymətinin vaxtaşırı qaldırılması ailələr üçün böyük problemlər yaradır.
   
   Heç kəsə sirr deyil ki, ölkədə istehsal olunan çörəyin böyük bir qismini kasıblar istehlak edir. Bahalı ərzaqa, meyvə-tərəvəzə həftələrlə, aylarla həsrət qalan həmin adamların qida rasionunun əsasını quru çörək təşkil edir. İndi bunu da camaata çox görürlər. Qiymətlərin qaldırılması, çəkisinin azaldılması təkcə problemin bir tərəfidir.

TƏQVİM / ARXİV