MİLLƏTİN ÜZ QARALARI - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
33082 | 2021-08-19 12:49

Bu, müşahidələrimin diktəsidir

Hər bir millətin onu müxtəlif yöndə təmsil edən nümayəndələri var və ölkədən kənarda bəzən o ölkəni təmsil etmək hüquqları olmasa da, millət onlara görə tanınır.

İndi hər kəsin ildə bir dəfə də olsa ölkədən kənara çıxma imkanı var. Məsələn, xarici ölkələrdən, əsas da qonşu ölkələrdən hansina üz tutsan, orada mütləq həmyerlilərinə rast gələcəksən. Mən dəfələrlə əsasən əyləncə və alış-veriş mərkəzlərində rastlaşdığım azərbaycanlıların əksəriyyətini hay-küylü, dava-dalaşda, mədəniyyətsiz hərəkətlərdə tanımışam. Təbii ki, elmi konfranslarda, müxtəlif ədəbi məclislərdə, ölkələrarası təmsilçilikdə bunları görmək o qədərdə asan deyil, çünki onlar konkret iş ardınca gəliblər. Və onları bir toplantının iştirakçıları qədər insan görür, amma yuxarıda dediklərimi ilin bütün fəslində alverdə, əyləncədə gördükcə onların hərəkətləri, davranişları, mədəniyyətləri ilə xalqımız haqqında təsəvvür yaranır. Təbii ki, yazıda mənim aid olduğum millətdən söhbət gedir. Başqalarının problemləri özləri üçündür. Türkiyənin yəqin elə bir şəhərini tapmazsan ki, orada azərbaycanlı yaşamamış, işləməmiş olsun. Trabzon da o şəhərlərdən biridir. Burada ərəblər qədər olmasa da, çoxlu azərbaycanlı ilə hər gün rastlaşa bilərsən. Amma təəssüf ki, mənzərə heç də həmişə ürəkaçan olmur.

Tanış bir ailə ilə eyni oteldə qalırdıq. Səhərin gözü yenicə açılmış səs-küy aləmi bürüdü. Şivənlə otelə daxil olan toplumun öz hay-həşirləri azmiş kimi, kiçik yaşlı uşaqları da əlindəki topu divarlara çırpırdı. Bina sakinlərinin narazılığından sonra dəstənin içərisindəki "ağıllı"lardan biri uca səslə o birilərinə qışqıraraq, "Adam olun, bura sizin üçün Xırdalan deyil!" - dedi. Təəssüf ki, bu, orada Azərbaycan haqqında təəssürat, bizim mədəniyyətimizin bir göstəricisi idi.

Bizim uşaqlar mağazadan bir şey alıb çıxacaqmışlar. Aldıqlarına baxmaq üçün əllərindəki "selfi çubuğu"nu mağazadakı ödəniş kassasının önündəki masanın üstünə qoymalı olublar. Anında yoxa çıxan çubuğu yanındakı azərbaycanlı gəlinin əlində görən qızım, sənin olmayanı niyə götürürsən?- deyə soruşanda, bıy, elə bildim mənimkidir ey, sonra isə, bəs onda mənimki hanı deyib? - üzünə bozarınca yoldaşı olacak "öküz" isə "dostumuz bir az əvvəl burdaydı, onunku bildik deyə götürdük", söyləməklə məntiqsiz bir-birini təkzib edən yalan sözlərlə götürdüklərini vermək istəməyiblər. Demək xaricdə bu yolla "qazananlarımız" da varmış! Satıcı türk qızı işə qarışmasa, oğurladıqlarını vermək fikirləri yoxmuş. Amma başqa bir "butik"də geyinib-soyunma yerində günəş gözlüyünü unudaraq getmiş xanımdan sonra oraya girən digər xanım gözlüyü götürüb mağazanın nəzarətçisinə təhvil verdi və onu az sonra geri dönən sahibinə qaytardılar... Trabzonun məşhur "Meydan" adlanan hissəsində isə açıq-saçıq geyimi, mədəniyyətsiz davranışları və bayağı danışıqları ilə ətrafı cəlb eləmək istəyən iki "azeri kızı"nın (40-50 yaşlarında) yanında isə türkcə danışmağa məcbur olduq...

-Azz, alırsan al, almirsan cəhənnəmə alma! - tanış ləhcəli səs istər-istəməz diqqətimi cəlb etdi. 

Arvadına acıqlanan bir "azeri erkeyi" səsini başına atmışdı. Qadınsa heç bu təhqirlərin ona aidiyyəti yoxmuş kimi paltarın birini qoyub, o birinə cumurdu. Bura gəlmək üçün görünür çox təhqirlərə dözməli olmuşdu. Kişi isə onu buraya gətirməklə sanki dağı dağ üstə qoymuş kimi xoruzlanırdı.
Orada yaşayan dostumuzun danışdıqları isə daha da utancverici idi. Belə ki, polis araması zamanı əxlaqsızlıq yuvalarına basqın edilmiş və burada bir neçə millətdən olan qadınlar saxlanılmışdı. Onların arasındakı həmyerlimiz isə: "Mən azəriyəm, həm də azyaşlıyam. Məni tutuklamağa haqqınız yoxdu" deyə bağırırmış. Bütün bunlar bir neçə günün içərisində etdiyim müşahidələrin nəticəsidir.
Bu nəticələr həqiqətən həm ürək ağrıdır, həm də adamı utandırır. Hansısa niyətlə, hansısa əməllərə görə utanmalı olanların millətin adına gətirdiyi bu ləkələr düşünən, layiqli nümayəndələrini utandırır. Eyni zamanda bu, bizim əsl kimliyimizi kölgə altına salır, şərəf və ləyaqətimiz, milli təmsilçiliyimiz şübhə altına düşür.

Bu mənzərələri özüm müşahidə edəndən sonra həmin acınacaqlı duruma görə Azərbaycan, azərbaycanlılar haqqında xoşagəlməz fikirlər söyləyənlərə cavab verməkdə çətinlik çəkirdim. Gerçəyi ifadə etmək bu görünənlərin önündə həqiqətən çətin idi. Axı bizim kimliyimizi hər kəs bizim qədər bilmir. Üstəlik bizi istəməyənlər də var, həmin o görənlərin içərisində...

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV