adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

MƏN NECƏ TƏRBİYƏSİZ OLDUM? - Emin Piri yazır

Emin Piri
330 | 2021-12-24 12:01

Müharibə yeni başlayıb. Abşeronda yerləşən hissələrdən birində iki günlük çöl təlimindəyik. Bəxtdən ardıcıl yağış yağır. Axşamüstü zabitləri topladılar; hazırlaşın, gecə Füzuli istiqamətinə çıxışdı. Silahları əsgərlərə paylayın, əşyaları yığdırın və.s. Hər ehtimala silahlar paylansa da mərmilər Füzuliyə çatana kimi verilmir. Ordasa düzü güllə baxımdan bolluq idi. Həm düşmən atıb qaçdığı güllə, mərmilər, həm də öz ordumuzun bizə verdiyi. İlk olaraq dörd maqazin, yəni 120 güllə ilə təmin olundu, sonrasa əlavə sursatlar da.

 

Nə isə, çıxışdan öncə Abşerondakı həmin hərbi hissənin yeməkxanasına getdim. Kimsənin oturmadığı qırmızı lentlə bir növ hasara alınmış masalardan birində əyləşdim. Bir neçə saniyə keçmədi ki, qolunda qırmızı lentli, növbətçi əsgər yaxınlaşdı; bura türklərçündü. Buradan qalxın. Mən də türkəm də;-deyirəm.( Bunu harasa yozmayın. Prezident dediyi kimi türkiyəli hərbiçilər həmişə burda olub təlim və birgə hazırlıq, qardaşlarına mənəvi dəstək və.s üçün. Döyüş bölgəsində isə hər hansı türkiyəli ilə rastlaşmamışam.)
Heç nə vecimə olmaz, oturduğum masadan qaldırılmaq qüruruma daha çox toxunar. Zabit gəlir. Bir neçə saata Füzuliyə çıxırıq-deyirəm, burda oturmağı haqq etmirik?

 

Gülümsəyir, əsgərə biz tapşırmışıq, sağ-salamat qayıdın-deyir və gülümsəyərək uzaqlaşır.
Bir dəqiqə keçmir, mayor Xəlilov, kapitan Hüseynov gəlir. Söhbətləşirik. Sabah nə olacaq?
Mayor Xəlilov  incəsənət izləyən adamdı. Xüsusən rəssamlıq sahəsini. Getdiyi sərgilərdən danışır. Qonorar söhbətlərimə gülür, qayıt, özünə düzəməlli iş tap-deyir.
 

Şeirlərindən söylə deyir, onsuz da bir neçə saata çıxırıq. Bilmək olmaz hansımız sağ qaldıq deyərək çiynimə gülərək yumruq ilişdirir. Sərbəst vəzndə iki şeirimi deyirəm, "heca yoxdu?"-söyləyir. "Belə" şeirimi deyirəm. Hə, bu yaxşıdı. Bu sərbəstdə nə görmüsünüz- münasibətini göstərir. 


Səndən narahatam Piriyev, bu qədər mədəni olma. Müharibədə nə edəssən?

 

Bir az kobud ol. Sözlərini sərtləşdir, qəddar ol...

 

Üzüntü halında başıçı aşağı sallayıram.

 

...Dekabr. Müharibə bitib. Cəbrayılda toplanış yerindəyik. Məni, söhbətlərimi, sözlərimi eşidən, izləyən

 

Xəlilov çağırır.

 

-Piriyev, müharibəyə gələndə səndən mədənisi yox idi. İndisə səndən tərbiyəsizi yoxdu...

TƏQVİM / ARXİV