II seriya
Ötəndə qeyd etmişdik, «Kurtlar vadisi» ideoloji bir filmdir. Və «Kurtlar vadisi pusu» həqiqətən də bir pusu (tələ): milliyyətçilər üçün, Atatürkçülər üçün, ulusçular üçün bir pusu. Türkiyəni ABŞ-ın və Avropanın işğalından xilas etməyə qeyrət göstərənlər üçün bir pusu. Nə yazıq ki, artıq bütün Türkiyə bu pusunun içində. Türkiyəmizi bu pusudan kim xilas edəcək? Bu sual açıq qalır. Və mənim heç bu suala cavab axtarmaq fikrim də yoxdu.
Mən sadəcə olaraq bu filmin son bir ildə (bir az da çox) Türkiyədə baş verən olaylara nə qədər dəxli olduğunu həm Türkiyədəki oxucularıma, həm də «Kurtlar vadisi»nin xəstəsi olan özümüzünkülərə çatdırmaq istəyirəm. Əslində bunu görmək üçün nə yazıçı olmaq lazımdır, nə də alim. Filmi də, Türkiyədə baş verən hadisələri bir az dərindən izləmək kifayətdir ki, bu filmin sifariş olduğunu görəsən. Nə film bitənə oxşayır, nə də «Ergenekon soruşdurması».
Əslində film öz işini görüb qurtarıb. Çox güman ki, tezliklə nöqtə qoyulacaq, sadəcə olaraq hələ bir az para üçün filmi mənasız yerə uzadırlar və həm də Azərbaycanı ora qatmaq lazım idi axı.
Filmin adına diqqət edin: «Kurtlar vadisi». Qurd türklərin xilaskarı, inancı, türkləri ölüm vadisindən Tanrı işığının köməyi ilə çıxarıb bütün dünyaya sahib edən və min illərdi türkləri qoruyan bir Tanrı mələyi.
Bəs «Ergenekon» nədi? Türklərin doğulduğu yurdun – «vadi»nin adı, müqəddəs bir məkan. Kəsəsi, «Kurtlar vadisi» - yəni «Ergenekon». Bu adların üst-üstə düşməsini təsadüfmü sayırsınız?! Şəhid qanları ilə yoğrulmuş bir müqəddəs məkanın adının «mütəşəkkil cinayətkar dəstəyə» verilməsini təsadüfmü sayırsınız?! Belə bir mütəşəkkil cinayətkar dəstə həqiqətən varmı? Deyəsən, bunu nə savçılar bilir, nə də yarğıclar. Bunun nə qədər həqiqət olduğunu təkcə «Kurtlar vadisi» filminin sifarişçiləri bilir.
Qısaca «Ergenekon» soruşdurması ilə bağlı.
Hazırda qaçıb Kanadada yaşayan Tuncay Güney adlı beynəlxalq dərəcəli bir dələduzdan işgəncə yolu ilə alınmış bir ifadənin, bir də mənasız telefon danışıqlarının əsasında Türkiyənin say-seçmə, saytal oğulları aylardır sorğusuz-sualsız həbsxana künclərinə atılır. 80 yaşında bir qadın, 81 yaşında bir jurnalist, PKK ilə savaşda iki qılçasını itirmiş, köməksiz hərəkət edə bilməyən bir albay…
… Bu albay Türkiyə uğrunda şərəflə vuruşduğuna görə cümhurbaşkanı tərəfindən dövlət medalı ilə təltif olunmuşdu…
… və sair və ilaxır dövlət çevrilişi edəcəkmiş. Nə isə, bunu buraxaq savçıların və yarğıcların «Kurtlar vadisi»nin sifarişçilərinin əlində olan səlahiyyətlərinə.
Oranı-buranı qazıb bir qədər silah-sursat tapırlar. 20-30 əl qumbarası, bir az da tüfəng, 7-8 dənə də artıq istifadəyə yararsız qumbaraatan. Tapılan tüfənglərin sayı
bilirsiniz nə qədərdi?! 45 ədəd! Bu 45 tüfənglə yaşları 70-i keçmiş professorlar, yazıçılar, jurnalistlər, aydın qadınlar Türkiyədə dövlət çevrilişi yapacaqlarmış.
Qayıdaq filmə. Əslində elə bayaqdan filmdən danışıram.
Əvvəla «Kurtlar vadisi»nin özülündə nə durur? Film nəyi ifşa etmək istəyir? «Dərin dövlət»i.
Dünyanın qüdrətli, böyük dövlətlərinin əslində üzdə olan məmurlar deyil, Dərin dövlət tərəfindən idarə edildiyi heç kimə sirr deyil. Dərin dövlətlərin idarə elədiyi belə dövlətlər barmaqla sayılası qədərdi: ABŞ, Rusiya, İsrail, Almaniya, Yaponiya, İngiltərə, bir az da İtaliya.
Dərin dövlətlər öz ölkələrinin uzunmüddətli strategiyasını və xarici siyasətini yönləndirir. Məsələn, Boris Yeltsinin Rusiyanı uçuruma apardığını görən Dərin dövlət onun arağını, soğanını, çörəyini və kənizlərini verib göndərdi balıq tutmağa. Onun yerinə Rusiyanı uçurumdan çıxara biləcək (və o bunu bacardı) Putini gətirdi, yolunu da çör-çöpdən, lotu generallardan təmizlədi.
Obamanı da hakimiyyətə Dərin dövlət gətirib, yoxsa kim idi srağagünəcən heç qonşusunun tanımadığı bir şəxs ABŞ-a prezident seçiləydi. Və ondan Yusif Sərrac kimi istifadə edəcəklər. Buşun da, başqalarının da buraxdıqları səhvləri onun çiyninə qoyub göndərəcəklər Keniyadakı qardaşının yanına.
Bu Dərin dövlətlər təkcə öz ölkələrinin deyil, həm də öz ölkələrinin xeyirləri üçün başqa dövlətlərin də strategiyasını, xarici siyasətini müəyyənləşdirirlər. Məsələn, Şevardnadzenin hətta maaşını belə ABŞ-dan alan Saakaşvili ilə əvəzlənməsi. Və ya Rusiyadan qopub müstəqil siyasət yürütmək istəyən Ter-Petrosyanın 3 günün içində istefaya göndərilib yerinə Köçəryanın gətirilməsi. Belə misalların sayını artırmaq olar.
İnsanların Dərin dövlət haqqında bilgiləri çox deyil, elə mənim də. Sadəcə olaraq mən həm «Tarixi-Nadir»i, həm də Yunus Oğuzun «Nadir şah» romanını sonacan oxumuşam.
Gələk Türkiyəyə.
Ağlım kəsəndən eşidirəm ki, Türkiyədə də Dərin dövlət var. Buna heç uşaq vaxtı inanmamışam, onda ki indi ola. Amma Türkiyədə Dərin dövlət olsaydı buna çox sevinərdim. İnanmamışam və indi də ona görə inanmıram ki, Türkiyədə Dərin dövlət olsaydı canımdan artıq sevdiyim bu məmləkət indiki duruma düşməzdi, ABŞ-ın və Avropanın işğalı altında yaşamazdı, ən azı ermənilərin qabağından qaçmazdı.
Türkiyədə «Kurtlar vadisi»nin görüntüsünü yaratmaq istədiyi, millətə sırımaq istədiyi heç bir Dərin dövlət yoxdur.
Əvvəllər bu işi az-çox qüdrətli Türk ordusu görürdü. Ordu heç vaxt siyasətə qarışmasa da, siyasətçilər ölkəni uçuruma aparanda ordu həmin Dərin dövlət rolunu az-çox oynayıb və Türkiyəni xilas edib. Bu məsələyə qayıdacağıq.
Bəli, «Kurtlar vadisi» Türkiyədə olmayan Dərin dövləti Türk xalqına qəşəngcə sırıyıb.
13.02.2014