adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"KÖNÜL SAZI" ÇALINMADI...

İRADƏ AYTEL
44383 | 2014-01-25 00:36
Onun barəsində ilk dəfə folklorşünas alim Sədnik Paşa Pirsultanlıdan eşitmişdim. Sədnik müəllim "Könül sazından" adlı şeirlər toplusunu mənə verərək "Aytel, bu kitabı mütləq oxu, Almaniyadan gətirmişəm", - dedi. Kitabın müəllifinin adı belə yazılmışdı - Dr.A.Baycan.
Kitabdakı şeirlər başdan-başa həsrətdən, acıdan, qürbət yarasından, ayrılıqdan bəhs etsə də, təbiət lövhələrində həyat eşqi o qədər qabarıq idi ki, müəllifin iztirabdan boylanan nikbinliyinə heyran qalırdım (Mikayıl Müşfiq poeziyasının nikbinliyi idi sanki...). Təəssüf ki, kitabı oxuyandan sonra Paşayev onu məndən aldı və öz kitabxanasına yerləşdirdi. Mən bir neçə dəfə Paşayevdən A.Baycan barədə məlumat soruşsam da, müəllimim də xəbərsiz olduğunu bildirdi.
Azərbaycanın Qazax rayonunda dünyaya gələn A.Baycanın əsil adı barədə kitabda heç nə yazılmamışdı. Onun Qazaxda doğulduğu şeirlərindən aydın olur. Şair Qazağın görməli-gəzməli yerlərini çox böyük sevgiylə qələmə alır, Dilicandan, Şinkar bulağından, Şinkar çayından söz açır.
Dr.A.Baycan 12 may 1913-cü ildə Qazax şəhərində doğulub. 1929-cu ildə Qazaxda fəaliyyət göstərən Müəllimlər Seminariyasını bitirib. 1931-ci ildə isə Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Onun mühacirətə yolu da elə bu universitetdən başlayıb. Universitetin aktiv tələbələri sırasında olan A.Baycan 1933-cü ildə doğma vətənini tərk edib. Onun hansı səbəbdən Güney Azərbaycana - oradan da Türkiyəyə getməsi barədə məlumat olmasa da, qürbətdə yazdığı şeirlərdən anlaşılır ki, o sovetin cəngindən - 1937 represiyasından qoruyub özünü. Əhməd Cavad, Mikayıl Müşfiq, Almas Yıldırım kimi açıqgözlü gənclərlə həmyaş olması, onlarla eyni əqidəyə qulluq etməsi A.Baycanı daha cəld tərpənməyə sövq edib:

Onu bölən Araz deyil, Kür deyil,
O yaşayır, ancaq yazıq hür deyil.
Sevdim özgürlüyü, azadlığı mən.
Canımı qurtardım əzilən yerdən.

1933-cü ildən qürbətə üz tutan A.Baycanın Türkiyədə böyük liderimiz Məmmədəmin Rəsulzadənin yaratdığı "Azərbaycan Kültür Dərnəyi"ində olması barədə də məlumatlar var. 1934-cü ildə o, İstanbul Universitetinin Tibb fakültəsinə daxil olmuş və 1939-cu ildə oranı bitirmişdir. Universiteti bitirəndən sonra 1942-ci ilə qədər "Gülhanə" tibb mərkəzində həkim işləmişdir.
Türkiyədə də mühacirlərimiz çətinliklərdən xali deyildi. Elə buna görə də 1942-ci ildə A.Baycan Türkiyədən Almaniyaya üz tutur. Almaniyada ixtisası üzrə çalışır, əvvəl Bern Universitetində, 1943-cü ildən isə Frinburq Universitetində. Burada o, daxili xəstəliklər üzrə elmi işçi kimi tanınır.
Sədnik Paşayevin dediyinə əsaslansaq, A.Baycanın imzası onun həkim olduğuna görə yox, doktorluq müdafisəsi etdiyinə görə Dr.A.Baycan kimi təqdim edilmişdir.
Dr.A.Baycan haqqında məlumat ilk dəfə "Könül sazından" şeirlər toplusunda (1983-cü ildə Azərbaycan Kültür Dərnəyi yayınları tərəfindən Ankaranın "Qardaş" mətbəəsində çap olunub) verilib. Kitabın müqəddiməsini isə Azərbaycan Kültür Dərnəyinin başkanı Əhməd Qaraca yazıb. Bu kitab müəllifin sayca ikinci kitabı idi.
"Könül sazından" adlı şeirlər kitabına da Paşayev ilk dəfə Almaniyada Türk İslam Birliyinin kitabxanasında rast gəlib. Həmin günə qədər Sovet Azərbaycanında adı çəkilməyən A.Baycan barəsində kimsə bilmirdi.
A.Baycanın şeirləri əsasən heca vəznində yazılıb. Qazax torpağının suyu ilə böyüyən şair, Qazax ədəbi ənənələrinə sadiq qalaraq öz şirin dili, ləhcəsi ilə qürbət ətirli şeirlərinə rəng qatmışdır.
Dövrünün yazarları ilə ədəbiyyatda yanaşı addımlayan şair, Əhməd Cavadla həm yaxın dost, əqidədaş olmuş, həm də onunla ədəbi polemikalar etmişdir. Hətta o, Əhməd Cavadın məşhur "Göy-göl" şeirinə nəzirə də yazmışdır:

Göy-gölüm gözəldir yaradılışdan,
Ayırmadım onu Aydan, Ulduzdan,
Dözməz ayrılığa ürəkdə vicdan,
Qoy olsun ellərə tamaşa Göy-göl.

Burada söhbət, əlbəttə, Demokratik Azərbaycanın ay-ulduzlu bayrağından gedir. "Bir kərə yüksələn bayraq bir daha enməz" şüarına sadiq qalan əqidə adamları vicdan ağrısıyla bayrağı xatırlasalar da, bu bayrağın ellərə tamaşa olacağına da inanırdılar:

Qurtulmaq istədi bu gözəl yurdum,
Çardan ayrılaraq bir Dövlət qurdum,
Yeni Qızıl Çara sən qarşı durdun,
Yetmədi qüvvətin savaşa, Göy-göl.

Burada isə şair çarla savaşa girən müsavatçıları nəzərdə tutur. O, Göy-gölə xitabən, əhməd cavadlara, rəsulzadələrə... ən qədim yurdlarımızın belə çarın əliylə əzildiyini deyərək, Gəncənin adının başa yazılmasını, ölkəmizin öz keçmişinə qovuşaraq hür olmasını arzulayır:

Diksindirdi səni Kirovun adı,
Görmək istəmədin yurdunda yadı,
Sildilər, qalmadı Gəncənin adı,
Gəncənin adını yaz başa Göy-Göl.

Dr.A.Baycan qürbətdə ömür sürsə də, Azərbaycan siyasi durumu, ədəbiyyatı ilə daim maraqlanmış, oxumuş, Azərbaycanla nəfəs almışdır. Bunu biz şairin S.Vurğuna, M.Dilbaziyə, A.Zamanova, N.Xəzriyə xitabən yazdığı şeirlərində görürük. Mirvari Dilbazidən soruşur:

Bizim dağlar yenə əski dağlarmı,
Sular axıb, çaylar daşıb çağlarmı?
Bənövşələr boyun büküb ağlarmı?
Doğrumu sözlərin, qandırma məni.

Mənim üçün ən sual doğuran məqam budur ki, qərib şair Dilbaziylə məktublaşırdımı? Lakin bu mümkün deyildi. Sovet dönəmində Almaniyada yaşayan siyasi mühacirlə məktublaşmaq birbaşa cinayət hesab edilirdi. Bəlkə də A.Baycan Dilbazinin şeirlərindən təsirlənərək içindəki pıçıltıları elə misralara söyləməklə təsəlli tapırmış. Şeirin davamı daha kədərlidir:

Sevdiyim dumanlı yaşıl dağların,
Silinməz izləri keçmiş çağların,
Düşsəm ayağına bizim Qazağın,
Qoy öpüm doyunca, qaldırma məni.

Əlvan çiçəklidi dağların yazı,
Ondan ayrı inlər könlümün sazı,
Özlədim dağları, a dağlar qızı,
Qoy çıxım dağlara, qaytarma məni.

Dünyanın ən gözəl bir yerindəyəm,
Bağlıdır yurduma yenə ürəyim.
Sorsalar gerçəkmi, bunu söyləyim -
Yanıram, gəl su tök, yandırma məni.

Dünyanın ən gözəl yerində olan şair yenə də Vətən deyib sızlayır...

Mən aşıqəm, adsız yandım,
Yanan odlar mənsiz olmaz.
Vətən, səni hər an andım,
Vallah, könlüm sənsiz olmaz.

Kərəm körpüsündən keçsəm,
Qayalarda qartal seçsəm,
Dilicandan bir su içsəm,
Yanan könlüm cansız olmaz.

"Eloğlü" qoşmasında şair üzünü vətən oğluna, el oğluna tutaraq yenə də sızıltılarla yurdundan söz açır:

Dilican yoluna yolun düşəndə,
Dağlarda dolanıb yurda enəndə,
Məni də yad eylə, qalmışam gendə,
Ayrılıq yamandı, canım Eloğlu.

Sənəm dərəsinin bənövşəsinə,
Axar sularına, quşlar səsinə,
Yanan aşiqlərin yar həvəsinə,
Vuruldum, amandı, canım Eloğlu.

Avropanın hər yerini dolaşdım,
Yüksək dağlarını durmadan aşdım,
Bu gözəl yerlərə baxdıqca çaşdım,
Yenə gözüm Qazaxdadı, Eloğlu.

Murğuz dağı xəyalından çıxmayan şair İsveçrənin cənnət qoynunda yenə də Qazağı xatırlayır:

Xəyal kimi göründü,
Gözümə Murğuz dağı.
Günəş dağlara döndü,
Boyadı yamacları.

Gəzdi gözüm hər yanı,
Bu, bir xəyal olsa da.
Gəzdi eli-obanı,
Gözüm yaşla dolsa da.

Demokratik, hür Azərbaycanın nakam ömrü o zamanın əqidə adamlarını necə sarsıtmışdısa, Baycan da eləcə üzülmüşdü. Lakin onun içində bir ümid göyərirdi. O, əmin idi ki, çiçəkli may yenidən gələcək. O əmin idi ki, gələcək nəsillər müstəqilliyinə qovuşacaq:

Mən görməsəm, gənclər görsün gülərüzlü Mayısı,
Nə mutludur, gözləyənlər umud dolu yarını.
Dalğalansın endirilmiş Ay-ulduzlu bayrağım!

Baycan hələ oz zamanlar Azərbaycanın parçalanmasını parça-parça ürəyinin ağrısı ilə sətirlərə köçürüb, türk dünyasına mesaj göndərirdi:

Karvansaray, Dilican,
Yurdumun bir parçası.
İndi orda Hayıstan
Onun deyil orası.

Bu gün A.Baycan haqqında heç bir məlumat yoxdur. Əslində həyatda olub-olmadığını da bilmirəm. Yəqin ki, qürbətdə bir gününü üç günün əzabı ilə yaşayan qəribimiz çoxdan dünyasını dəyişib. Bircə onu bilmək istərdim ki, A.Baycan doxsanıncı illərdən xəbər tutdumu? Gözünün bəbəyi Azərbaycanın çiçəkli Mayısa qovuşduğundan, bundan sonra ən gözəl rayonların ard-arda satıldığından xəbəri oldumu? Keşkə tez öləydi... keşkə xəbərsiz olaydı bütün bunlardan...

***

O, Qafqaza sülh arzulayır, Qafqaz xalqlarını bir-birindən ayırmır, Azərbaycanı İsveçrə kimi müstəqil, abad görmək istəyir:

İsveçrə kimi olsa
Sevdiyim Azərbaycan,
Bütün Qafqaz qurtulsa
Yaşaram yüz il, inan!

O, Azərbaycana daim xain əlini uzadan, dilimizin düşməni farsdan gileylidir:

Bir yanda qonşumuz fars,
Dilimizə düşməndir.
Dinməz Kür, dinməz Araz,
İran yenə İrandır.

Eloğlumuzun doğma torpağında sevdiyi olsa da, onunla ayrılır:

Alınçanın dibində,
Gözüm qaldı gözündə.
Sevdim səni o gündən
Bilirsənmi özün də.

O, Türkiyədə olduğu müddətdə də şəxsi həyatı barədə düşünmür. Kitabdakı şeirlərindən belə anlaşılır ki, Almanıyada Aişə adlı bir türk qızına vurulur və qəlbini ona açır. Lakin həmin qız Baycana "əcəmisən sən" deyərək, rədd cavabı verir. Bu cavabdan sarsılan şair şeirlərinin gözü ilə qan ağlayır.
Kitabda Baycanın ailə qurub-qurmaması barədə məlumat verilmir. Bəlkə də qürbətdə yaşayan həmyerlimiz ömrünü tənha başa vurub. Əgər ailə qurmuş olsaydı, bu barədə şeirlərində heç olmasa bir işartı duyulardı.
Barəsində "Töhfə" qəzetində (aprel-2004) Sədnik Paşa Pirsultanlı məlumat verdi. O zaman biz ümid edirdik ki, A.Baycana diqqət yönələcək və onun Qazaxdakı soy-kökü ilə tanış olacağıq. Təəssüflər olsun ki, bir xəbər çıxmadı. Aradan on il keçməsinə baxmayaraq, mən yenə də qürbətdəki qəribimizdən soraq gözləyirəm.

Yürü, ey yollar yolçusu,
Könlün ümidlərlə dolu.
Ümidlə yaşamaq doğru,
Yetər, əl çək ah çəkməkdən!

Özü belə söyləyirdi...

İradə Aytel
  • May:
  • 3

TƏQVİM / ARXİV