adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Kiçik bir qığılcım...

İLQAR KAMİL
22600 | 2012-11-13 20:22
Dünən çatışmazlıqlarımızdan yazmağa başlayanda elə bilirdim ki, bizim olsa-olsa 1-2 çatışmazlığımız olar, onu da mən yazım olsun, bitsin. Yazı əsnasında yavaş-yavaş mənə çatdı ki, yox, qardaş, bu haqda geniş yazmağa Lerikdə yaşayan uzunömürlü nənələrin ömründən belə olsa çatmaz. Bundan əlavə, yazdığın yazı bir az ki, uzun oldu vəssalam. Adını oxusalar böyük şeydi. Ona görə barmaqlarıma dedim, ayaq saxlayın, çatdıq, düşün klaviaturamdan. Onsuz da sizin adınız elə əvvəldən bədnamdır. Nə deyiblər əzəldən? - harda insan barmağı varsa orda işlər "xərəbdi". Kimdi sizə qulaq asan?... Nə isə...
   
   Yenə də təkrar edim ki, sonra deməyəsiz ki, demədi: Məqsədim yandırmaq deyil, qığılcım yaratmaqdı...
   
   Yadıma gəlir, bir dəfə bundan öncə də çatışmazlıqlar haqda yazmışdım, amma o yazıda çatışmazlığı nəyiki var tərifləmişdim. Bilirsiz, ümumiyyətlə bu - ortalıqlarına çatdığım ömrümdə çatdığım qənaətim budur ki, həyat məhz bu çatışmazlıqlarına görə gözəldi. İnsan həyata nə üçün gəlib? - Çatmaq üçün əlbəttə. Elə hər şey əvvəldən çatacaqdısa bəs insan nəylə məşğul olacaqdı bu həyatda, heç düşündünüzmü?
   
   Çatışmazlıqların yaxşı tərəflərindən danışsam dəhşətə gələrsiz. Misal üçün, iddia edirəm ki, bütün texniki kəşflərə motivasiya verən çatışmazlıqlar olub. Necə? - Bu saat deyim sizə. Hamımız bilirik ki, İnsanlar əvvəllər bütün dünyanı pay-piyada gəzərdilər. Hövsələyə bir baxın e. Bircə Masallıdan Bakıya gəlib çıxmaq üçün 3 gün yol gedirmişlər. Sonra hansısa alimin hövsələsi daralır. Belə olmaz e, deyir. Və neynir? - Əlbəttə ki, ilk dəfə olaraq atarabasını icad edir. Düzdür bu minvalla yollar bir xeyli qısalır, amma axı insanın hövsələsi də qısalır. Və neynir? - misal üçün, velosiped yaradır. Sonralar istehsal etdiyi maşın da onu qane etmir, qatar da yorucu olur və ən nəhayətdə təyyarəni yaradır...
   
   Bax belə, bu da hövsələsizlik və tənbəlliyin bizə olan misilsiz faydası; İnsanın hövsələsi-səbri yetərincə olsaydı əmin olun, hələ indi də dünyanı "peşkom" gəzirdik. Sağ olsun çatışmazlıqlar!
   
   Və yaxud, baxın, guya internet nədən yarandı ki? - Əlbəttə o da çatışmazlıqdan. Təsəvvür edin, bir eşq məktubu yazırsan və onu bir çaparla 100-lərlə fərsəx səndən uzaqlarda yaşayan yarına yollayırsan. Gözləyirsən, gözləyirsən... Haradasa 6 ay sonra məktubun yara çatanda bir də baxırsan ki, vay dədə, elə qonşuluqda təzə bir yar tapmısan. Zalımın qızı qanına elə işləyib ki, o uzaqdakı yar yadına belə düşmür. Gözdən uzaq olan könüldən də uzaq olar deyirdilər, inanmırdın. Bu da sübutu!.. Bu səfərki "məni gözləmə!" başlıqlı peşmançılıq məktubu yazıb başqa bir çaparla - o sənin hələ yenicə çatmış eşq məktubunu gündə 68 dəfə oxuyan köhnə yarına yollayırsan. Hətta bəzən o qayıdan çaparla, yeni göndərdiyin çapar hansısa səhrada rastlaşıb sizin bu nakam eşqinizə görə qucaqlaşıb ağlaşırlar da...
   
   Bütün bunlardan bezikən bir hövsələsiz alim neynir? - telefonu və sonra da bir az daha hövsələsizlik edib interneti icad eləyir. Allah atasın rəhmət eləsin. İndi daha yara məktub yollamaq üçün nə ayların keçməsinə, nə də çapara - ata ehtiyac yoxdu, balaca bir siçan (mous) saniyələr ərzində bu məsələni həll eləyir.
   
   Hə. dediyim odur ki, mühüm çatışmazlığın olması deyil, mühüm bu çatışmazlığın nəyə səbəb olacağıdır. Misal üçün, qərbli gələcəkdə yarana biləcək su çatışmazlığından ehtiyatlanıb ayda su axtarışına çıxır, müsəlman isə yumurtanın üstündə "Allah" yazısı axtarışına. Siz Allah, bütün bu kainatın hər bir üzündə Allah bu qədər aydın görsənərkən onun adını hansısa kartofun, turpun, yumurtanın və s. üzərində axtarmaq absurd deyilmi?! Kimsə Allahın varlığına yumurtanın üzərində yazılan "Allah" sözünə görə inanacaqsa... nə deyim Vallah. Allah özü hidayət eləsin!
   
   Qurani-Kərimdə belə bir ayə var:
   
   "...Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda), həm də onların öz daxilində mütləq göstərəcəyik..." (Füssilət 53)
   
   Allah deyir məni üfüqlərdə axtarın, bizsə...
   
   Allah deyir məni içinizdə axtarın, bizsə...
   
   Əzizlərim, Allahı içimizdə tapmaq üçün daxilimiz aydınlaşmalıdır. Düşüncəmiz, baxışımız işıqlanmalıdır. İçimiz aydınlaşmayınca, nə qədər ki, daxili dünyamız zülmət içindədir biz Allahın özünü yox, adını axtaracağıq, o da harda? - yumurtaların üzərində...
   
   Bəli, işıq oddan yaranır. Demək, içimizi aydınlatmaq üçün qəlbimizi yandırmalıyıq. Yenə də deyirəm, mənim məqsədim yandırmaq deyil, ora kiçik bir qığılcım salmaq idi...
  • May:
  • 3

TƏQVİM / ARXİV