Kalininqrad böhranı

MEHMAN CAVADOĞLU
861 | 2022-06-25 17:55

Ukrayna müharibəsiylə özünü çıxılmaz dalana dirəmiş Rusiya daha bir keçmiş “qardaş” sovet respublikasıyla ciddi qarşıdurma ərəfəsindədir. Düzdür, “böyük qardaş” hazırda Ermənistan istisna olmaqla öz “kiçik qardaşlarının”, demək olar ki, hamısıyla tam və ya nisbi düşmənçilik münasibətlərində olduğu üçün burda qeyri-adi bir şey yoxdur. Lukaşenkonun indiki aşırı Putin sevgisinə gəlincə, bu onun son prezident seçkilərindən sonra üzləşdiyi ağır durumla bağlıdır. Total seçki saxtakarlığı və bu saxtakarlığa etiraz edənlərə qarşı həyata keçirdiyi təqib və represiyalar səbəbindən qərbin ağır təpkiləri, sanksiyaları və total təcrid siyasətiylə üzləşməsi onu Kremlin zorən müttəfiqinə, bir az da dəqiq desək, vassalına çevirib. Bir vaxtlar od püskürən ağzından indi köpük tökülən Batkanın bu gün fəxr elədiyi yeganə şey KTMT üzvləri arasında yalnız Belarusun Rusiyanın yanında olmasıdır. O həmin sözləri tez-tez dilinə gətirir və nə yazıq ki, bununla təkcə şəxsi sədaqətini gözə soxmaq yox, həm də öz hərbi müttəfiqlərini baqaja qoymaq məqsədi güdür.

Bu dəfə Kremlin hədəfinə və qəzəbinə Litva tuş gəlib. Onun Rusiya ilə Kalininqrad arasında yükdaşımalara qoyduğu bəzi qadağalar Moskvada top-tüfənglə qarşılandı. Hazırda ölkədəki bütün rəsmi və hökumətyönlü (artıq başqası qalmayıb) informasiya vasitələrinin, rəsmi və hökumətyönlü şəxslərin və ekspertlərin (artıq başqası qalmayıb) bu ölkəyə qarşı apardığı şantaj və hədə-qorxu kampaniyası öz əndazəsini aşıb.

Xatırladaq ki, Kalininqrad vilayəti Potstam konfransının qərarıyla Rusiyaya verilmiş Almaniya ərazisidir. Həmin ərazinin keçmiş SSRİ ilə yeganə quru sərhəddi Litvadan keçirdi. Litva öz müstəqilliyini əldə etdikdən sonra vilayətin Rusiya ilə birbaşa quru yol əlaqəsi kəsilir və o, yarımekslav əraziyə çevrilir. Ona görə yarımekslav ki, Baltik dənizi vasitəsilə birbaşa əlaqə mövcuddur.

Avropa Birliyinim üzvü olan Litvanın sözü gedən qərarı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi çoxsaylı sanksiya paketləriylə bağlıdır. Bu qərara görə Litva öz ərazisindən keçən dəmiryolu vastəsilə Kalininqrada daşınan bir çox yüklərə qadağalar tətbiq edib. Bu qadağalar yalnız sanksiyaların təsir dairəsinə düşən strateji yükləri, məsələn, metal, sement və başqa tikinti materiallarını əhatə eləyir və zəruri tələbat mallarına aid deyil.

Təbii ki, Litvanın bütün digər sovet resbublikaları kimi Rusiyaya qarşı hər hansı sərt addım atması, necə deyərlər, qaşınmayan yerdən qan çıxarmaq kimi bir şeydir. Ölkənin xarici işlər nazirliyinin rəsmi izahatında da bu addımın məhz AB-nin sanksiya siyasəti zəminində atıldığını və heç də Litvanın şəxsi təşəbbüsünün məhsulu olmadığı bildirilir və əlavə edilir ki, sanksiyaya düşməyən malların daşınması bu gün də davam edir.

Bu cür izahatlar isə Rusiyanı qane eləmir. Əslində, yuxarıda da dediyimiz kimi Kalininqradla dəniz yolu vasitəsiylə birbaşa əlaqə olduğu üçün o qədər də çıxılmaz situasiya yaranmayıb. Sadəcə, Baltik ölkələrinə qarşı növbəti aqressiv kampaniyaya şərait yaranıb və belə bir fürsəti dəyərləndirməmək eqoist əxlaqın əsiri olan bir ölkənin ad-sanına və imicinə ağır zərbə vurar.

Bu baxından, Rusiya XİN-in “cavab diplomatik yox, “praktik” olacaq” açıqlamasının, xüsusilə burdakı “praktik” kəlməsinin arxasında hansı müəmmalı məqamların gizləndiyi çox maraqlıdır. Putinin mətbuat katibi D. Peskov da eyni isterik ritorikayla danışıb və bunu bütün normaların tapdanması kimi qiymətləndirərək çox sərt tədbirlərin görüləcəyini istisna etməyib.

Düzdür, Litvaya qarşı birbaşa hərbi müdaxilə nəzəri cəhətdən mümkünsüz görünür. Təkcə ona görə yox ki, Putinin “ruslarla eyni mənşəli xalq” sevimli arqumenti (o, Kremlin Ukrayna üzərində hakimiyyətini bərqərar eləmək üçün iki il əvvəl yazdığı xüsusi “elmi-nəzəri” məqaləsində bu arqumentdən çox geniş istifadə eləmişdi) Ukraynadan fərqli olaraq Litvaya münasibətdə keçərli deyil, həm də ona görə ki, bu ölkə NATO-nun üzvüdür və “Vaşinqton müqaviləsi” nin 5-ci maddəsinə əsasən alyansda üzvlərin kollektiv müdafiə prinsipi hökm sürür.

Hərçənd, bütün siyasi, iqtisadi, hərbi və s. və i.a. gücünə görə Rusiyanı qat-qat qabaqlayan kollektiv Qərb bu ölkədən sözün həqiqi mənasında çox qorxur. Onun aqressiv xislətindən, antihumanist mahiyyətindən qorxur. Ukrayna müharibəsindəki davranışları da bunun bariz nümunəsidir. Anqlosaks ölkələrini çıxmaq şərtilə Avropanın, xüsusilə onun iki aparıcı ölkəsi olan Almaniya və Fransanın Ukraynaya münasibətdəki tərəddüdlərinin Litva və digər Baltik ölkələrinə münasibətdə də təkrarlanmayacağına zəmanət yoxdur. Putinin ötəri bir nüvə silahı hədə-qorxusu mövqelərin yüz səksən dərəcə dəyişməsi üçün yetərlidir. Qərbin vaxtilə Qorbaçovun Bakıda, Tbilisidə, Riqada və elə həmin o Vilnüsün özündə törətdiyi qətliamlara münasibəti çox da uzaq tarixin söhbəti deyil. O vaxt SSRİ-nin qəzəbləndirilməsindən və dağılmasından qorxanlar indi eyni mövqeyi Rusiyaya münasibətdə sərgiləyirlər.

Ancaq Rusiya XİN-in “praktik cavab” ifadəsinin altında Litvaya müdaxilə yox, təmiz başqa niyyət gizlənə bilər. Yalnız Polşa və Litvayla quru sərhəddə malik olan Kalininqrad vilayətini Belarusla ayıran yüz km. uzunluğunda bir ərazi var. Polşayla Litvanın sərhəddində yerləşən həmin ərazi hipotetik olaraq Suvalki dəhlizi adlanır. Ona görə hipotetik ki, məsələn, ərazi hal-hazırda ermənilərin istifadə elədiyi Laçın dəhlizi, nə vaxtsa bizim istifadə etdiyimiz və çox güman ki, yaxın illərdə yenidən istifadə edəcəyimiz Qərbi Zəngəzur dəhlizi kimi yol infrastrukturlarına malik deyil, sadəcə, quru ərazidir. Düzdür, bəzi məlumatlara görə NATO uzun müddətdir ki, Rusiyanın bu ərazini işğal edərək daha etibarlı müttəfiqi olan Belarus vasitəsilə Kalininqrada dəhliz açacağından bərk narahatdır və həmin ərazinin müdafiəsi üçün xeyli tədbirlər də görüb. Amma təəssüf ki, bu tədbirlərin atom hədəsi şüarlarıyla hücuma keçən rus ordusunun qarşısını almaq üçün yetərli olub-olmayacağını bilən bir kimsə yoxdur. Həmin ərazinin Rusiyanın nəzarətinə keçməsi isə hər üç Baltik ölkəsini həm NATO-dan, həm də AB-dən tam təcrid olunmuş vəziyyətə salacaq.

Düzdür, Ukrayna cəbhəsində tam fiaskoya uğramış Kremlin hazırda ikinci belə bir avantüraya əl atacağı o qədər də real görünmür. Amma islanmışın yağışdan nə qorxusu?! Odur ki, klassikin sözləriylə desək, ağılla dərk olunmayan bir ölkədən istənilən sürprizlər gözləmək mümkündür.

M. Cavadoğlu

 

 

 

TƏQVİM / ARXİV