adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

İndi mən dəliyəm, deyəm ki, Bakı qışa hazır deyil: Əntiqə Rəşid yazır...

Əntiqə RƏŞİD
1402 | 2024-01-15 14:03

Deyəsən , ekstasenslərin, münnəcimlərin dediyi kimi, 2024-cü il heç də xoş gəlməyib.
Gələn gündən yandıra -yandıra gedir.

Təkcə yanvar ayının ilk günlərindən başlayan (xüsusi evləri, mülkləri , bina evlərini saya salmadan) Bakıda baş verən iri yanğınları hesablamışam.
1 yanvar - Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən sexdə
3 yanvar - “Grand Həyat” yaşayış kompleksində
5 yanvar- Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli otelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında 
9 yanvar- “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın və 4 körpənin ölümü
12 yanvar - Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində 
13 yanvar- Respublika Klinik Xəstəxanasında

Yeri gəlmişkən, o yanğın qeyd edilməyən təqvim günləri də boş keçməyib, haaa....Yardımlıda 10 otaqlı ev, Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev, Ağdamda 5 otaqlı, Göyçayda 6 otaqlı və sair  ev yandı.

15 yanvar - yeni yanğın

Bu gün isə 7-ci mikrorayon ərazisində, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb. Deyilənə görə, partlayışın ardınca ərazidən qatı tüstü qalxıb. TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.Hadisə nəticəsində 3 nəfərin öldüyü, 24 nəfərin yaralandığı bildirilir.
“ Axı, paytaxtda qış gəlişi ilə niyə bu qədər yanğınlar baş versin” deyib qışı məzəmmət etmək  istəyirdim ki, qəflətən qeybdən qəzəbli bir səs gəldi: “Mənim adımı orda pis-pis hallandırma. Mən dünyanın bütün ölkələrinə təşrif aparıram. Hələ elə yerlər var ki, oranı1 ya da 2 aylığına tərk edirəm. Yenə  öz yerimə -yurduma dönürəm. Asiya tərəfə çox gedən deyiləm, amma Avropadan ayağım yığışmır. İndi bax niyə Avropada mənim gəlişimlə heç bir it damı da yanmır, amma Azərbaycanın yanvarın 1-dən yanmayan tərəfi qalmayıb?".

Zorla udqundum. Qeybani səs, elə bildi ona etiraz etmək istəyirəm , bu dəfə daha qəzəbnak danışmağa başladı:"Yadına sal, keçənlərdə, lap 2-3 il əvvəl nələriniz yandı nələriniz:"Karvan” ticarət mərkəzi”, "Binə" və "Sədərək” ticarət mərkəzləri, "Cantəpə”ticarət mərkəzi, "Moskva” ticarət mərkəzi, "AMAY”ticarət mərkəzi, "ParkPlus” ticarət mərkəzi, "AFMall” ticarət mərkəzi, "Sahil"ticarət mərkəzi, "Riyad”ticarət mərkəzi,

 

"Diqlas”ticarət mərkəzi, canım sənə desin “EvroHome” tikinti malları ticarət mərkəzi, Dərnəgüldəki taxta- şalban bazarı və sair. Niyə belə bir ticarət mərkəzləri mən getdiyim digər yerlərdə də yanmır? Avropada, Amerikada, lap elə Gürcüstanda?
Əl çəkin yaxamdan, məni gəldiyimə peşman elədiniz...2 ay da gəlib keçsəydi...”


Qeybdən gələn əsəbi səs məni necə ürkütmüşdüsə, səsim batmışdı. Qeybani səs tamamilə itəndən sonra dərindən nəfəs alıb, rahatladım! Hətta o qeybani səsin əleyhinə də danışmağa başladım: “Ay evi yıxılmış , mən nətər deyim ki, bu yanğınların kökündə mühüm obyektlərə pərçim edilən nasaz naqillərdi, köhnə yarasız naqillərə  olunmayan texniki xidmətdir? Nətər deyim ki,  qazın, elektrikin od qiymətinə olmasından, limitdən cana yığılmış əhalinin, hüquqi və fiziki şəxslərin alternativ istilik axtarışından sonra yanğınlar başlayır. Nətər deyim ki, dünyaya qaz paylayan ölkənin paytaxtında  elə yaşayış binaları var ki, bina olandan, yəni 8 ildir qaz üzünə həsrətdir?1970-ci illərin qırmızı qaz balonları işlənən binada böyük partlayış olmayıbsa, görün nə şanslı vətəndaşıq. 

Dərdimiz çox idi, bir yandan da qışın problemləri....İndi durub desəm ki, əlaqədər qurumlar "Bakının qışa hazırlıq proqramı"na  "başdangetdi” bir nəzər salıb, bizi yola veriblər, bilirsən, başıma nə həngamə gələr? Ən yaxşısı, ölkədə baş verən yanğın, evlərin, küçələrin, zirzəmilərin subasmasını yazımatım  qışın üstünə,  işim yüngül olsun!

Yadıma düşmüşkən, onu da deyim, sonra qalar ürəyimdə, ürəyimi xarab edər: Ötən ayın elə bu günləri idi. Paytaxta yağan yağış bədbəxt hadisəyə səbəb oldu. Deməli, gün ərzində yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşdı. Nəticədə ərazidə böyük gölməçə meydana gəldi.Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən ürəyi tutub və gölməçənin içərisinə yıxıldı. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmadı. Qadın ömrünü bağışladı o ərəfələrdə  "qışa hazır olduqlarını bildirən qurum rəhbərlərinə!
Zatən, “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı da, Bakı Şəhəri İcra Hakimiyyəti də, noyabr ayından bar-bar bağırır ki, Bakı qışa hazırdı. İndi mən dəliyəm, duram deyəm ki, Bakı qışa niyə hazır deyil?

 (Bu günkü partlayış və yanğından görüntülər)

TƏQVİM / ARXİV