adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İçimdəki şükranlığın ünvanı - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
373 | 2022-09-29 12:00

Ustadım Şahmar Əkbərzadə ilə ruh söhbəti

 

Dərd, kədər, sevinc, vüsal, qayğı, xoş anlar... Bütün bu duyğular insana məxsusdur və insan da yaşından, başından asılı olmadan həyatı boyu bu duyğuları, bu hissləri az və ya çox yaşayır. Yəni hərənin bəxtində ya sevinc çox olur, ya da kədər, ya vüsal çox olur, ya ayrılıq, ya ağrı çox olur, ya da xoş anlar... Bax, bu müqayisənin içərisində bir gerçəklik də var. O da insanın bütövlüyü, sözün həqiqi mənasında bir Allah bəndəsi olaraq kamilliyidi. Əgər bu kamillik, bu bütövlük varsa, onda insan sona qədər dayanacaq, dözəcək, savaşacaq, bir sözlə, məqsədə doğru dizin-dizin də olsa gedəcəkdir...

Mən bu fikirləri bədahətən, ya da yazı yazmaq üçün bilgisayara diktə eləmirəm. Bunun bir səbəbi var. O da içimdə alışan bir qığılcımdır. O qığılcım da elə-belə, təsadüfdən alışmayıb. Kitab rəfimin önündə dayanıb layihəmə uyğun olaraq növbəti müəlliflə həmsöhbət olmaq istəyirdim. Bu dəfə ustadım, unudulmaz Şahmar Əkbərzadənin qapısını döydüm. Onun 1988-ci ildə işıq üzü görmüş və xalq şairi Bəxtiyar Vahabzadənin ön söz yazdığı «Ona yanıram ki» kitabı ilə qarşılaşdım. Zamanında, yəni kitabı ilk dəfə əldə etdiyim dövrdə demək olar ki, masamın üstündə yer tutmuş bu kitabı bəlkə də yüz dəfə oxumuşam. Ona görə də bu dəfə konkret bir şeiri axtarmadım. Elə kitabı az qala gözüyumulu açdım və oxuduğum şeir «Həyatmış demə» oldu.

Hə, doğurdan da təkcə bu dünya, bu ömür yox, təkcə bu çevrə, bu mühit yox, bütövlükdə gözümüzün görüb ruhumuzun və ürəyimizin dəyər verdiyi hər şey həyatmış. Bizim təmasda olduğumuz, bizlə təmasda olan həyat. Bu həyatın ən incə, ən işıqlı və ən çox cəlbedici bir nöqtəsi də var. Əslində mənə görə o nöqtə deyil. O bütün həyatın özüdü. Çünki o, Sevgidi!  Əgər sevgidirsə, demək yaşamdı, demək yaşatmaqdı, demək xalq şairi Bəxtiyar Vahabzadə demiş, yanmaqdı, yandırmaqdı!

Bax, elə Şahmar Əkbərzadə də yanıb yandırmaq bucağı altında mənə, sənə, hamımıza üz tutub deyir:

 

Bilməzdim sevginin zülmü var belə,

Sevilmək zülümmüş, sevmək zülümmüş.

Sevda yollarında tikanlar belə,

Saralmaz çiçəyim, solmaz gülümmüş.

 

Bəli, görün necə də kövrək, necə də səmimi və necə də pıçıltı ilə deyilib hər şey. Bu kövrəkliyi, bu səmimiyyəti, bu pıçıltını öncə duymaq lazımdı, sonra eşitmək. Elə ki, duydun, onda eşidəcəksən. Elə ki, eşitdin, onda yaşayacaqsan. Çünki duyduğun, eşitdiyin Sevgidi!.. O da səni yaşadacaq, yandıra-yandıra yaşadacaqdı! Və mən də bu yaşamın içində bir də baxıb görəcəm ki:

 

Şehli çiçək kimi gözü yoldadı

Bahar mehi kimi əsməsəm

belə.

Qəbul etməsən də peşman

olmadım –

Canım qurbanlıqdı kəsməsən

belə.

 

Ola bilsin ki, fikrimin, ifadələrimin  düzüm  sırası bir az pərakəndədi. Amma bu pərakəndəliyin içərisində də bir sevgi var. O da mənim sevgimdi və mən də ustad Şahmar Əkbərzadənin vurğuladığı, yandırıb-yaxan sevginin ocağında sadə dildə desəm, mətəsində öz sevgimin oduna isinirəm və yanıram. Bu hadisə bir cəm formasında, bir toplum halında qurbanlığın canımın olmasını diqqətə çəkir. Onu qəbul etsən də, etməsən də. O deyilmiş qurbandı və əgər qurban deyilibsə, deməli içdən gəlib, ilahidən gəlib. Axı, sevgi də ilahidən gəlir. Və bu ilahidən gələn qurbanlıq da, sevgi də biri o birisinin şərəfinədir, biri o birisinin ayağına gedir qurban olmaq üçün. Bu mənada təbii ki, ustadın fikri bir az da çəkir, haraylayır məni özünə tərəf. Mən onu dinləyə-dinləyə həm xatirələrə dalıram, yəni sevgimin izinə düşüb gedirəm, həm də məni gözləyənlərə özümü hazırlayıram. Çünki söz ustad sözüdür! Ustad isə deyib ki:

 

Məni elə yandır kimsə bilməsin,

Ağlasın göy mənə, gülsün yer mənə.

Şirin işgəncənə heyfin gəlməsin

Oğrun baxa-baxa zülüm ver mənə.

 

Görün, sevgi nə boydadı? Görün, ürəkdəki, ruhdakı, iç dünyasındakı ocağın, alovun atəşi haralara gedib çatır? Görün, sevgi naminə özünü hazır tutmaq nə deməkdir? Bax, bütün bu verdiyim sualların cavabı da, yozumu da, elə deyimi və dinlənilməsi də ustad Şahmar Əkbərzadənin misralarında var. o misraları sevgi ilə, duya-duya oxumaq yetər ki, anlayasan, hiss edəsən ki, şair nə deyir, nə ismarıc edir. Əgər duydun və anladınsa, nə sevginə, nə də sənə zaval olmayacaq. Çünki verilən şirin işgəncələr ürəyi göynətsə də, sındırmayacaq, süründürməyəcək, əksinə, onu şərəfləndirəcək, onu dəyərləndirəcək və mən də o şərəfdən, o dəyərdən çıxış edərək sənə deyirəm, daha doğrusu, yazıram:

 

Tanrı dərgahında yerim

qaranlıq

Ömür qismətimə düşüb

viranlıq.

Mənim çəkdiyimi duysan bir

anlıq –

Dönərəm keçmişdən, səsləsən

belə.

 

Bu da mənim sevgimin yaratdığı assosasiyadı. Mənim sevgimin pıçıltısı, harayı və hardasa həm də fəryadıdı. Onu təbii ki, Allah eşidir, Sən duyur və eşidirsən, mən isə yaşayıram. Bu sırada, Allah, Sən və mən cərgəsində bir düz xətt var. O xəttin də adı Sevgidir. Bizi bir-birimizə bağlayan, bizi bir-birimizə yaşadan sevgi! Başlanğıc Allahdı. Biz də sevgimizlə ona biət edənlər, ona sığınanlarıq. Yaşamımız da ordadı, xilasımız da. Demək bütün bu söylədiklərimin şah damarı olan sevgi əvvəldə dediyim kimi, əslində isə ustad Şahmar Əkbərzadənin dediyi kimi HƏYATDI. O həyatın sevgi olan dadı, tamı, şirəsi şair dilində, şair yozumunda sevgi dolu şeirə çevrilir. Həmin şeir  də oxucu qapısını döyür. O qapının arxasındakı sevgi dolu, sevgi işartılı varlıqdırsa, açır qollarını. Əks halda o qapının arxasındakı itirir, şeir yox!!! Çünki şeirin yolu yerdən üzü Tanrıyadı. Əzaba, zülmə biganəliyə baxmayaraq, bunu da ustad Şahmar Əkbərzadə özünəməxsus şəkildə deyib:

 

Zülüm ver, zülmün də məhəbbətinmiş,

Xoşbəxtlik bəxş edən qışa qış demə.

Verdiyin işgəncə səadətimmiş,

Çəkdiyim sitəmlər həyatmış demə!

 

Hər bir misrasının arxasında öz böyüklüyü və böyük sevgisi dayanan ustad bu üç bəndlik şeirdə mənə yaşadığım sevginin bütün cizgilərini anbaan xatırlatdı, yaşatdı. Ya mən ötən anların bütün çalarlarını içimdən təkrar keçirdib səninlə yanaşı addımladığım, gəzib dolaşdığım, birgə olduğum, həsrətini çəkdiyim, təkliyini yaşadığım bir ömrün bədii sənədli filmini izlədim. Onun bədii tərəfi sənin təbəssümün, külək dağıdan saçların, sənin yerişin, duruşun, baxışın idi. Sənədli tərəfi isə o bədiiliyi qeyri-adi edən SEVGİ! Mən də həm tamaşaçı, həm izləyici, həm iştirakçı, həm şahid, həm aşiq, həm də bütün mənalarda sevgi fədaisi kimi o filmdə sənin yanında dayanmışdım və yavaşca pıçıldayırdım:

 

Bir sənə qalıbdı ümid, inamım

Gözünü gözümə sanc ki,

inanım.

Mən ki, səninkiyəm, daha nə

danım –

Bitərəm daş üstə

bəsləsən belə.

 

Bəli, bu mənim unudulmaz, hər misrası yaddaşlara və ədəbiyyatmıza hopmuş və möhürlənmiş ustadım Şahmar Əkbərzadə ilə növbəti görüşdə etdiyim söhbət idi. Bu söhbət necə alındı, necə yazıldı, onu hər ikimizin ruhu, hər ikimizin sevgisi, bir də təbii ki, Allah bilir. Mən həmin sevgi ilə Allahımın qarşısında baş əyərək şükürlər edirəm. O şükranlığın ünvanı ədəbiyyatımızda, həyatımızda Şahmar Əkbərzadə varlığı, Şahmar Əkbərzadə poeziyası, Şahmar Əkbərzadə bütövlüyü, Şahmar Əkbərzadə sevgisi və bir də mənim sevgimdir!

 

TƏQVİM / ARXİV