adalet.az header logo
  • Bakı -°C

Gücü olan qaydanı qoyur -Səxavət Məmməd yazır

126 | 2026-01-26 19:15
A- A+

Bir neçə il öncəyə qədər dövlətlər — söhbət böyük dövlətlərdən gedir — bir prosesi aparmaq üçün müxtəlif oyunlar qurur, bəhanələr gətirir, onun icrası üçün milyonlarla, bəzən milyardlarla vəsait xərcləyirdi. Bunun adına da "siyasət" deyirdilər. Hazırkı dünyada, xüsusilə Trampdan sonra, bu çoxgedişli siyasətin yerini "küçə qaydaları" tutub. Ona görə də, bir müddət əvvəl siyasi proseslərə illərin təcrübəsinə və nəzəri biliklərə əsaslanan siyasətçilər, politoloqlar, ekspert və jurnalistlər dəqiq diaqnoz qoya bilirdisə, hazırkı proseslərə "küçəni" bilənlər daha dəqiq diaqnoz qoya bilir. Küçədə heç vaxt siyasət olmur; gücü olan qaydanı qoyur. Hazırkı dünyada fərqli heç nə yoxdur.

Tramp hakimiyyətə gələr-gəlməz Qrenlandiya, Panama və Kanadanı hədəf taxtasına qoydu. Venesuela ətrafında əməliyyatlar keçirdi. Öncə narkotik katerlərinə zərbələr endirməyə başladı, ardınca isə Maduronu malikanəsindən götürdü. 3-5 ölkə boş-boş bəyanat verdi. Nəticə? Heç nə! Küçənin qoçusu necə istəyir, elə də olur.

ABŞ-nin ən sevimli "çubuğu" demokratiya idi. Hara lazım idisə, ora bu çubuğu soxurdu. İnsanlar ölür, insanlar didərgin düşür, dövlətlər dağılır, parçalanırdı; kimlərsə diktator elan edilir, kimlərsə demokrat. Heç kim də buna qarşı çıxa bilmirdi. Bəziləri qorxurdu ki, bu çubuq onun da ölkəsinə soxular; bəzi toplumlar baş verənlərə göz yumur, ümid edirdi ki, bir gün o çubuq onun da ölkəsinə soxulacaq, hakimiyyətlər dəyişəcək və o, "ağ günə" çıxacaq. Tramp açıq şəkildə bəyan etdi ki, heç bir ölkəyə demokratiya transfer etməyəcək, heç bir ölkədə hakimiyyət dəyişdirmək üçün pul xərcləməyəcək. Madam ki küçədən yazıram, bir qədər də kobudlaşım: hazırda Trampın əlindəki çubuq deyil, bildiyimiz pazdır. Ya altından keçəcəksən, ya da içindən keçirəcək. Əslində, təkcə Tramp belə deyil; böyük dövlətlərin hamısı bu xətti tutub. Rusiya və Çin hələ də bu məsələdə geridə qalır. Düzdür, Putin küçədən gəlsə də, küçəni bilsə də, hələ də "oynamaqla" məşğuldur. Öncə Solovyov, Duqin kimilərin dili ilə nələrisə dedirdir, daha sonra hansısa addımlar atır. Çox keçməyəcək, onlar da Tramp kimi davranmağa başlayacaqlar. Çindən isə danışmağa dəyməz; adamlar səbrlə iş görürlər. Deyirlər, "Səbr edən dərviş muradına ərir". Ancaq səbr edən dərviş bəzən gözləməkdən gəbərir. Hansı ölkələr dünyada baş verən bu proseslərin sürətinə ayaq uydurmasa, sözün hər mənasında gəbərəcək.

ABŞ-ni digər dövlətlərdən fərqləndirən əsas amillərdən biri də ondan ibarətdir ki, bir məsələ alınmayanda bütün gücünü ona qoymur, onun üzərində baş sındırmır. "Alınmırsa, cəhənnəmə ki!" deyib, gedib digər planlarını həyata keçirir. Yoxsa Rusiya kimi dörd ildir Ukrayna bataqlığında çabalamır.

ABŞ-nin 2026-cı il üçün strateji hədəfi Çin, İran və Şimali Koreyadır. Çinin iqtisadi gücünün artmasını ABŞ özü üçün əsas təhdid sayır. Ona görə də Sakit okean hövzəsində ABŞ-nin daha aktiv fəaliyyətinin şahidi olacağıq. İranla bağlı məsələ isə güc tətbiqindən əvvəl danışıqlardan asılı olacaq. Açıq demək lazımdır ki, ABŞ-nin İrana güc tətbiq etməsi böyük vəsait tələb edir. Trampın hazırkı siyasəti xərcləri azaltmağa hesablanıb. Bu o deməkdir ki, maksimum güc tətbiq etmədən məsələni öz xeyrinə həll etməyə çalışacaq. İranın strateji hədəfi Yaxın Şərq idi. İran özü üçün "Tehran-Dəməşq-Bağdad-Beyrut" xəttini qurmuşdu. Faktiki olaraq İran bu xətti itirib. Ən azı Dəməşq əldən çıxıb, Beyrut zəifləyib, Bağdad isə "nə ətdir, nə də balıq". Rusiya da Suriyada aktivliyini sıfıra endirib. Yalnız Tartus (hərbi dəniz) və Xmeymim (hərbi hava) bazalarını Aralıq dənizində gözü-qulağı olsun deyə saxlamaq niyyətindədir. Suriyada isə İranın yerinə Türkiyə daxil olub. Bunu iki cür şərh etmək olar: Birinci variant — İran məğlub oldu, Türkiyə qazandı. İkinci variant — İran Suriya bataqlığından canını qurtardı, Türkiyə o bataqlığa girdi. Faktiki olaraq Türkiyənin Suriyadakı aktivliyi həm iqtisadi, həm də siyasi məsuliyyət deməkdir. O zaman Türkiyə qalib sayılacaq ki, bölgədə sabitlik olacaq, qaçqın axını dayanacaq. Bu zaman isə infrastrukturun qurulması prosesi başlayacaq ki, buna kimin vəsait ayıracağı sual altındadır. Misal üçün, Tramp Qəzzanı yenidən quracağını bildirdi, ancaq yükün altına təkcə ABŞ yox, 30-dan çox ölkə girdi. Sabah Suriya üçün ABŞ belə bir addım atacaq? Qətiyyən. Gəldi, dağıtdı, getdi. Heç Ukrayna üçün də bu addımı atacağı inandırıcı deyil; indidən hər şeyi yükləyib Avropa İttifaqının üzərinə.

İrana ABŞ-nin zərbə endirib-endirməyəcəyi hər kəsə maraqlıdır. ABŞ-nin təyyarədaşıyan gəmiləri İrana zərbə endirəcək məsafəyə gəlib. Adını da qoyublar ki, "hərbi təlimlər keçiriləcək". Eynilə Rusiyanın Ukraynaya hücumundan əvvəlki ssenari. ABŞ İrana hücum edəcəksə, bunu havadan həyata keçirəcək. Yəni məsafə onu göstərir ki, ABŞ-nin quru əməliyyatı keçirmək niyyəti yoxdur. Əslində, heç o gücü də yoxdur, çünki ABŞ-nin gücü bir neçə istiqamətdə parçalanmış vəziyyətdədir: Venesuela ətrafı, Sakit okean hövzəsi və s. İran rəsmən bəyan edir ki, zərbə alacaqsa, zərbə endirəcək. İranın belə bir potensialı var? Son "12 günlük toqquşma" bizim bəzi azərbaycanlılardan başqa bütün dünyaya göstərdi ki, İranın dili qədər "diyirçəyi" (təsir gücü/silahı) də var. Son məlumatlara görə, İran Fars körfəzini minalamaq üçün hazırlıq görüb. Bundan əlavə, regiondakı ABŞ hərbi bazaları da hədəf olacaq. ABŞ İrana zərbələr endirəcəksə, bu hələ erkəndir, çünki hazırlıq prosesi yekunlaşmayıb. İranla Tramp razılıq əldə edə bilər? Mümkün variantdır. İran onsuz da itirdiyi Yaxın Şərqdən tamamilə çəkilər və Orta Asiyaya yönələr. Əslində, bu, İran üçün daha asan və daha dərindən tanıdığı coğrafiyadır. Bu zaman hətta ABŞ-nin də dəstəyini qazana bilər. Tramp hər kəslə əl sıxışır. Adam jurnalisti qətlə yetirən Səudiyyə şahzadəsini müdafiə etdi, başına pul qoyduqları, dünənə qədər terrorçu dedikləri Əbu Məhəmməd əl-Colanini "yaxşı oğlan" adlandırdı. Sabah uzlaşıb stoldan qalxanda "Ya Əli" desə də təəccüblənmərəm.

Açıq demək lazımdır ki, küçənin qoçularının savaşında zərərli çıxan küçələr olur: onun ağıllı uşaqları, küçədən keçənləri... Orada Ukrayna, burada Cənubi Qafqaz, o tərəfdə isə Sakit okeana çıxışı olanlar...

 

TƏQVİM / ARXİV