adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Göydən gələn pak sevgi barədə... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
662 | 2022-10-18 10:43

Həzi Həsənli ilə bir fikri bölüşdüm

 

Çox qəribədi. Hər kəs öz arşını ilə ölçür həyat gerçəkliklərin. Hər kəs də öz ölçüsünü ən ədalətli və ən dəqiq sayır və hər kəs də yeri, göyü günahkar çıxarmağa çalışır. Xüsusilə söz adamları, elə mənim özüm də əlim hər yerdən üzüləndə ümidim, inamım daşa dəyəndə özümdən, ruhumdan doğma bildiyim üstümə soyuq su atdığı anda yeri, göyü qınayıram. Yer üzünü yaşamaq üçün lazımsız, imkansız, şəraitsiz, göy üzünü əlçatmaz, ünyetməz elan edirəm. Bax, onda da ruhun sarı simi dillənir və məni çəkib aparır Sözün qapısına.

Bu dəfə də belə oldu və Sözün qapısında mən layihəmə uyğun olaraq qədim dostlarımdan, köhnə kişilərdən olan Həzi Həsənli ilə qarşılaşıram. Onun «Siz, ey sevdiklərim...» kitabını alıram əlimə. Heç bir məqsəd də, məram da öncədən içimdə qərarlaşdırmadan açıram kitabı. Və qarşılaşdığım şeirin adı «Ay Tanrım» olur. Bu, zənnimcə təsadüf deyil. Bu, mənim inancımın ünvanıdı. Belə də olmalı idi. Çünki göydə Allahımı, yer üzündə isə Tanrımı, sevdiyim qədər, güvəndiyim qədər kimsəni sevmədim və güvənmədim. Odur ki, birnəfəsə şeirin adının havasında qədim kişilərdən olan şair qardaşım Həzi Həsənlinin söz dünyasına üz tuturam. Misraları pıçıltı ilə içimdə təkrarlayıram. Sonra hava kimi ciyərlərimə çəkirəm. Həzi deyir ki:

 

Bu gözəlim yer üzündə,

Ömür sürdüm hər üzündə.

Qoşalaşmış zər üzündə

Yekəm, ay Tanrım, ay Tanrım.

 

Bu onun özü barəsindəki inamının, özünəgüvəninin diktəsidir. Bunu təbii sayıram və düşünürəm ki, bəlli olan həqiqəti, yəni yer üzündəki insanların hamısının fərqi olduğuna həm elmi əsaslarla, həm də həyat gerçəkliyi   ilə bələd olduğuma görə, Həzinin də bu dünyada yek olduğuna şübhəm yoxdur. Çünki Allah hər kəsi tək yaradıb. Riyazi yanaşma ilə ifadə eləsəm, hər kəsdən dünyada bir nüsxədi. Və onun öz təkliyini qabartması təkcə özünəvurğunluq yox, həm də özünün tək keçdiyi, yaşadığı yoldan, ömürdən danışmaqdı. Bunu da Həzi Həsənli edibdir. Mən də bax, onun bu ovqatını elə həmin an özümə köçürtdüyümdən təkliyimlə kimsənin barışmadığını, hesablaşmadığını, qəbul etmədiyini bir ağrı kimi, ürəyimin bir sızıltısı kimi dilə gətirirəm. Demək istəyirəm ki, bu halımla, bu sevgimlə sayılmadım. Heç sayılmaq nədi, ona yaxın məsafəyə də buraxılmadım. Bu da içimin ağrısını sözə çevirdi:

 

İşıq! – deyib and içdim

Saçlarına ilişdim...

Onu Allah bilmişdim...

Saymadı bəndə məni...

 

Yəqin ki, Allahın öz bəndəsini görməməsi, saymaması fikri ilə kimlərsə razılaşmayacaq. Mən də onlara qarşı aqressiv, necə deyərlər, inkar edici mövqe tutmuram. Çünki hamı kimi mən də bilirəm ki, dünyada hər şeyi Yaradan ,hər şeyin yerini də bilir, mahiyyətini də. Amma onun mələkləri, onun seçib önə çıxartdıqları bəzən bəndələrini, yəni aşiqlərini, sevənlərini görmürlər və yaxud da etinasızlıq göstərib saymırlar. Baxmayaraq ki, onlar da Allahın qarşısında bəndə qədər, hələ bəlkə də ondan bir az artıq məsuliyyət daşıyırlar. Cavabdehlik hissini yaşayırlar. Ən azından ona görə ki, sevgini verən Allahdı. Allahın verdiyinə etinasızlıq, sayqısızlıq isə heç də xoş hal deyil.

Bunu Həzi də kifayət qədər yaşayıb bildiyindən o da həm mənim qədər, həm də məndən artıq bir şəkildə milyon ildi ki, gəldiyi yolun, kökləndiyi qiblənin ona yaşatdıqlarını hər kəsə çatdırmağın vacibliyini qərarlaşdırır. Görür ki, özü deməsə, özü bəyan etməsə, kimsə onun əvəzinə bunu deməyəcək və Tanrı da onun qarşısında təklənən bəndəsinin çəkdiklərinə yumşaq desək, səbirlə göz qoyacaq, yuxarıdan izləyəcək. Bunu bildiyindən susmur Həzi Həsənli. Yazır ki:

 

Milyon il bəklədin məni,

Qiblənə köklədin məni,

Ruhumla təklədin məni,

Təkəm, ay Tanrım, ay Tanrım.

 

Əslində ruhu ilə tək qalmaq ,mənə görə bu dünyada birmənalı şəkildə haqqa qovuşmaqdı, dərgahın qarşısında, çevrəsində olmaqdı. Bu, hər adama nəsib olmur. Amma bir gerçəklik də var ki, sən ora sevginlə, sayqınla, necə deyərlər uça-uça, yüyürə-yüyürə gedəsən, bir də var ki, ağrıdan, acıdan, həsrətdən, çəkdiklərindən baş götürüb tərki-dünya olasan. Bəndələr içində tək qalasan. Adamlar arasında yalqızlaşıb sözün birbaşa mənasında bir görünməzliyə çevriləsən. Deməli, Həzi Həsənli də ruhu ilə tək qalır  və  dinlənməyə məcbur olanda mən də ona qoşuluram. Və deyirəm ki:

 

Dizim yeri yaladı...

Əlim göyü daladı.

İçim səssiz uladı –

Saymadı bəndə məni...

 

Bəli, içimin ağrısı da, dilimin lallığı da, baxışlarımın dumanı da, xəyallarımın perikliyi də, xatirələrimin əlçatmazlığı da, bir sözlə, sevənin, sevmək üçün doğulanın, sevgi əzabına məhkum olanın nələr yaşaya biləcəyi mümkündürsə, ondan da artıq bir yaşamın içində qovrula-qovrula əlim göyün ətəyini, dizlərim yeri yalayır. Etdiyim dualar hələ ki, Allahıma doğru yol gedir... Etdiyim dualar hələ ki, sənin qapından, pəncərəndən içəri keçə bilmir. Özü də günündən, saatından, gecəsindən, gündüzündən asılı olmayaraq. Çünki mənim üçün NƏFƏS olan birinin yalnız susmağı sonuncu ümid yeridi və yalnız o ümid teli hələ ki, saxlayır məni. Eyni halın başqa bir ucunda Həzi Həsənli də öz duyğularını, öz istəklərini, öz arzularını, dualarını gecə-gündüz bilmədən içində göyərdib, içində süsləyib, düşünüb və inanıb ki, onun paklaşması mütləq Tanrının diqqətini çəkəcək. Amma sonda səbri çatmayıb. Çünki artıq o sarı simə köklənibdi. Deməli, mahnı sona kimi ifa olunmalıdı. Həzinin şeirinin bax, bu, son bəndi kimi:

 

Gecə və gündüz etmisən,

Nə etmisən, düz etmisən.

Gör necə təmiz etmisən,

Pakam, ay Tanrım, ay Tanrım.

 

Mən də onun paklığını qəbul edirəm və inanıram. Və elə o inamla da, o inacla da üz tutduğum Allahıma və Sənə təkrar öz yaşamımı pıçıldamağa çalışıram. İstəyirəm ki, nə çəkdiyimi, nədən çəkdiyimi və necə çəkdiyimi pıçıltı ilə də olsa çatdırım Allahıma və Sənə. Baxmayaraq ki, məni bəndə saymırsınız:

 

Qala ürəyim, hönkür

Gör ruhun necə çökür!..

Üstünə ələm tökür –

Saymadı bəndə məni...

 

Bəli, yer üzündə axtardıqlarımız, aradıqlarımız o zaman bizi sevindirir, bizə doğma və şirin olur ki, biz onun üçün nə axtarışlardan, nə mücadilələrdən doymuruq, yorulmuruq. Biz hərəmiz öz yerimizdə, öz dayandığımız nöqtədə yerlə, göylə təmas qurmağa çalışırıq. Mənə görə bu təmas o zaman alınır ki, onun şah dammarı, onun əsas hüceyrələri Sevgidən ibarət olur. Elə tək, yek və pak olduğunu deyən Həzi Həsənli də, bəndə sayılmayan mən də bu sevginin təkcə işığında deyil, həm də özündə mövcuduq. Bizim sevgimiz göy üzündən gəlib. Və bizi də göy üzünə aparacaqdır.

 

TƏQVİM / ARXİV