Görəsən, Ermənistan Rusiyanın  pay verdiyi 400 ton silahı geri qaytara bildi? - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
848 | 2022-09-05 18:54

Uzaq tarix deyil, 2020 – ci ilin avqustunu xatırlayarsınız: Həmin vaxt Rusiya son bir ayda fasiləsiz olaraq Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə etdi.

 

Özü də proses Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda başladı və hərbi yüklər Ermənistana gizli şəkildə çatdırıldı . Tovuzda ağır döyüşlərin getdiyi bir vaxtda iyulun 17-də Rusiyadan Ermənistana 2 yük təyyarəsi həcmində “təcili” kodu ilə silah-sursat daşındı. Hərbi yüklərin daşındığı marşrut isə birbaşa rəsmi qeydlərdə də öz əksini tapdı. Rusiyanın Mineralnıy Vodı ərazisindən qalxan il-76 yük təyyarələri Qazaxıstan, Türkmənistan, İran ərazisindən keçməklə 2030 km məsafə qət edərək 3 saat yarımdan sonra Mehri və İrəvana çatdı. Bundan sonra isə ard-arda iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1 reys, avqustun 6-da isə 2 reys olmaqla Ermənistana 400 tondan artıq həcmdə hərbi yüklər çatdırıldı.

Bu hərbi yüklərdə Rusiyanın müasir, bahalı və real döyüş şəraitində effektiv radioelektron kəşfiyyat vasitələri olan "Krasuxa", "Avtobaza-M" və "Nebo-M" sistemlərinin olması isə Azərbaycanın narahatlığına səbəb olmaya bilməzdi.
O vaxt xalq olaraq güclü və qaniçən olan Rusiyaya hiddətimiz də yadımızdadır.


Ötən ay Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiya silahının və ordusunun gücünün tükəndiyini iddia edirdi. Bu gün Ukrayna Baş Qərargahı müharibənin 194-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı da Böyük Britaniyanın kəşfiyyat məlumatlarını təsdiq edir. Bildirilib ki, Rusiya indiyə qədər 49 800 hərbçi, 2068 ədəd tank, 4 459 ədəd zirehli döyüş maşını, 1 157 ədəd artilleriya sistemi, 294 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 156 hava hücumundan müdafiə sistemi, 236 ədəd hərbi təyyarə, 206 ədəd helikopter, 3 286 ədəd avtomobil texnikası, 867 ədəd PUA, 205 qanadlı raket, 15 gəmi/qayıq, 107 xüsusi avadanlıq itirib.
Maraqlıdır, görəsən, belə ağır bir durumda olan Rusiyaya 400 ton silah-sursat göndərə bildimi?


P.S. Rusiyanın Ermənistana göndərdiyi 400 ton silah- sursatdan açılan atəş nəticəsində Vətən müharibəsində 3 mindən çox şəhidimiz oldu....Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik! Müharibə səbəbkarlarına və erməni havadarlarına isə lənət olsun...


Əntiqə Rəşid

TƏQVİM / ARXİV