adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

...Gələcəyini məhv edirik, ... gələcəyi naminə... - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
4045 | 2022-05-09 13:46

Bugünlərdə sosial şəbəkələrin birində yeniyetmə bir qızın özünü hündür mərtəbəli binadan ataraq intihar etməsi xəbərini oxudum. Təbii ki, sarsıdıcı xəbər idi və intiharın səbəbi isə ondan daha sarsıdıcıydı; imtahandan aşağı qiymət alıbmış. Ən dəhşətlisi, ən sarsıdıcı olan isə budur ki, bu, oxşar səbəbdən baş vermiş ilk intihar deyil, bildiyim qədər. Təki son olsun.

Təbii ki, intihar halları, intihara cəhd dünyanın bütün ölkəlrində ola bilər və olur da. Hətta ən inkişaf etmiş ölkələrdə belə bu cür hallar olur, həm də çox. Məsələn, yaşadığım ölkədə, Niderlandda 2021 – ci ildə 1859 itihar hadisəsi qeydə alınıb. 2020 – ci ildə isə bu rəqəm bir qədər aşağı olub, 1823. Yəni intihar və intihara cəhd halları ötən müddətdə artıb ki, azalmayıb. Niderlanddakı intihar hallarının böyük hissəsi 50-60 yaş arası insanlar, xüsusən kişilər arasında, olub. Statistikaya görə 10-20 yaş qrupunda olanlar arasında təxminən 50-55 intihar halı qeydə alınıb. Səbəblər də müxtəlifdir; tənhalıq, iş yerlərində, məktəbdə, yaşıdları arasında aşağılanma, gülüş obyektinə çevrilmə və.s. (mənbələr aşağıda)

Bir də Azərbaycanın statistika idarəsinin saytında rəqəmlərlə tanış olmaq istədim. Statistika idarəsinin saytı xəbər saytına bənzəyir. Uzatmayım, bir qədər axtarsam da intiharla bağlı statistik rəqəmləri tapa bilmədim, bəlkə də var, mən düzgün axtarmamışam. Təsəvvür edin, sonradan öyrəndiyim bir dildə statistik rəqəmləri tapmaq mənim üçün asan, öz doğma dilimdə isə çətin olur. Nəticə çıxartmağı sizə, siz dəyərli oxuculara buraxıram.

Qayıdaq mövzumuza. Bir uşaq imtahandan aşağı qiymət aldığı səbəbindən niyə intihar etsin? Valideynindən qorxub? Qınaq obyekti olacağından ehtiyat edib? Bu və bu kimi sualların cavabı mənə məlum deyil. Hər halda psixikası möhkəm olan biri intihar etməz. Sözü gedən yeniyetmənin psixikasına nə təsir edib? Bunu aidiyyatı təşkilatlar araşdırmalıdırlar.

İmtahandan aşağı qiymət almaq faciədir? Deyil. Hamı mütləq yüksək qiymət, mütləq ali təhsil almalıdır? Yox, mənim fikrimcə. Kimsəyə sirr deyil ki, Azərbaycanda valideynlərin əksəriyyəti övladını yönləndirməyə çalışır, nəyin hesabına olursa olsun, ali təhsil almlarını istəyir və bir çox halda onları buna mıcbur edirlər. Daha doğrusu, ali təhsil deyil, diplom. Biz (çoxluq) diplom dalınca qaçırıq, ali təhsil deyil. Özü də nə üzrə təhsil alacağımızın da fərqi yoxdur, əsas odur ki, diplom olsun. Mənə elə gəlir ki, Azərbaycanda çox az adam sevdiyi ixtisasın, sənətin, işin dalınca gedir. Kim hara bacarırsa ora daxil olur, kim harda iş tapırsa orada da işləyir. Bu da ki, həm təhsilin, həm də işin keyfiyyətinə təsirsiz ötüşmür.

Azərbaycanda diplom bir çox adamlar üçün “tunelin sonunda görünən bir işıq” rolunu oynayır. Düşünürük ki, diplom olsun, sonra da adam tapıb işə düzəldərik və sonrası da... hamı necə, biz də elə...

Diplomun olarsa məmləkətdə iş tapmaq şansın ola bilər, tanışlıqla və digər başqa vasitələrlə olsa da. Diplomun olmasa isə... Bu nöqtələr nəyi ifadə etdiyini təxmin etdiyinizi düşünürəm. Nə qədər də dilomlu işsizlər olduğunu da hamımız bilirik. Diplom demişkən, söhbət ancaq ali təhsil aldığını təsdiq edən diplomdan, yəni universitet diplomundan gedir. Məmləkətdə institutlar da ləğv olunub, hamısı universitet olub, sanki problem elə bundaymış. Texnikum diplomu ilə harasa işə düzəlmə şansın çox aşağıdır. Texniki peşə məktəblərinin durumu necədir? Peşə məktəblərində peşə öyrədilir? Belə məktəblərin doplomları ilə iş tapmaq olur? Mənim bildiyim qədər, yox, yaxud da, çox nadir halda.

... Hər bir valideyn övladının gələcəyini yaxşı görmək istəyir və biz valideynlər də, çox vaxt, nəyin yaxşı, nəyin pis olduğunu bizim daha yaxşı bildiyimizi düşünürük. Buna görə də övladlarımıza seçim etmək şansı vermək istəmirik. Övladlarımız özlərini çox vaxt təzyiq altında hiss edirlər. Bəzən övladlarımızı dinləmək belə istəmirik. Övladlarımızın gələcəyi ilə bağlı narahatlığımız, bizim onların gələcəyi ilə bağlı hər şeyi daha yaxşı bildiyimizi düşünməyimiz ən böyük problemlərimizdən biridir, məncə. Amma bunun, valideynlərin bu cür düşünməsinin da öz səbəb(lər)i var... Valideynlər isə, məncə, övladları ilə həm də dostluq münasibəti qurmağı bacarmalı və onları dinləməlidirlər. Buna bütün uşaqların ehtiyacı olduğunu düşünürəm.

Sizə yaşadığım ölkədən, Niderlanddan bəhs edəcəm, çox qısa. Burada gənclərin mütləq ali təhsil alması kimi bir istəyi yoxdur. Məcburiyyətdən, valideyn basqısından söhbət gedə bilməz. Niderlandda universitetlər də var, bizim anlayışımızla desək, institutlar da, tenikumlar da, peşə məktəbləri də. Ən önəmlisi odur ki, bunların hər birinində təshil aldıqdan sonra iş tapmaq şansın yetərincədir. Doğrudur, əmək haqqları təhsilinin dərəcəsindən çox aslıdır, bu da ki, təbiidir. Bir sözlə, əlindən iş gəlirsə, bu üzrə təhsilin varsa, böyük ehtimalla işin da olacaqdır. İş tapa bilməsən də dövlət səni ortada buraxmayacaq, yaşadığın bələdiyyədən sosial yardım soruşa bilərsən. Bir sözlə, heç bir valideynin övladının gələcəkdə işsiz, kobud desək, ac qalacağı ilə bağlı qayğısı yoxdur. Hesab edirəm ki, Azərbaycanda həll edilməsi vacib məsələlərin başında gələnlərdən biri də bu olmalıdır; kimsə övladının gələcəyi ilə bağlı narahatlıq keçirməməlidir. Sirr deyil ki, etdiyimiz bir çox yaramazlıqları, dövlətin əmlakını dağıtmaqdan tutmuş rüşvətə kimi, hamısını “övladımızın gələcəyi üçün” edir, yığdığımız haram pullarla övladımıza gələcək qurmağa çalışırıq. Necə deyərlər, övladlarımızın gələcəyini düşünmək adı altında dövlətin, əslində isə övladımızın gələcəyini məhv edirik. Biz hamımız isə dövlətimizin övladıyıq. Odur ki, Dövlət Baba, övladlarına sahib çıx. Sahib çıx ki, onlar da sənə sahib çıxa bilsinlər.

 

Vüqar Abbasov.

Niderland.

[email protected]

 

Mənbələr:

https://www.cbs.nl/nl-nl/nieuws/2022/17/1-859-zelfdodingen-in-2021-36-meer-dan-in-2020#:~:text=Meer%20dan%20twee%20keer%20zoveel,5%20per%20100%20duizend%20inwoners).

 

https://www.stat.gov.az/

 

 

 

TƏQVİM / ARXİV