FÜZULİ OLMASAYDI... ( İkinci  yazı) - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1394 | 2023-03-15 10:46

ƏVVƏLİ BURADA

Oxuyub başa çıxdığım bir  kitabdan ayrıla bilmirəm. Bu kitab barəsində ilk yazımı ötən həftə yazmışdım.Orada kitabın mahiyyətinə bacardığım kimi işıq salmağa çalışmışdım və  vurğulamışdım ki, kitabdakı 6 bölümün hər biri barəsində ağlımdan keçən, ürəyimə  hopan duyğuları sözə çevirməyə çalışacam. Elə arxada qalan həftənin, xüsusilə    həyatıma ağır təsir  biganəlik  yükü altından çıxış yolu kimi "Mənim   Füzulim"ə üz tutdum...

Bu bölümün adı "Tifl həm cövlan edər, amma ağacdan atı var..."

Misraya fikir verin. Onda   akademik Kamal Abdullanın Füzuli qəsidəsindən götürdüyü bu misranın nəyə   istinad nöqtəsi olduğunu yavaş-yavaş   duymağa, anlamağa başlayacaqsınız. Ona görə yavaş-yavaş deyirəm ki, bu misranın  tutumu, həcmi və bir də onun insanın  duyğularına olan təsiri o qədər böyükdür ki, onu dərhal həzm etmək, dərhal  özününküləşdirmək mümkün deyil. Bunun üçün mütləq Füzulinin bir zərrəsinə   çevrilməlisən. Onda, hörmətli Kamal müəllimin dediyi kimi, öncə özünü   xatırlayacaqsan, öz xatirələrinə baş vuracaqsan... Və bir də baxıb görəcəksənki, uşaqlığın düz orta göbəyində dayanmısan. Tozlu-torpaqlı yolda qarğı at   çapırsan. Necə deyərlər, Araz aşığındandı, Kür də topuğundan, dünya   da  vecinə   deyil. Ona görə ki, sən qarğı atı yəhərləyib çapırsan, dünyan pak, nurlu uşaq  dünyası, sevincin bu qarğı atın gedib   çata bilməyəcəyi zamanları ötüb keçib... Və sən bir xoşbəxt uşaqsan! Elə bu   yerdə də Füzulini özünlə üzbəüz dayanmış görəcəksən. O da öz  atının   belindədi. Amma səndən bir zaman kəsiyi arxadadı. Çünki o, təkcə mindiyin   qarğı  atı deyil, həm də akademik KamalAbdullanın dediyi kimi, öz doğumunu, öz dünyaya gəlişini də xatırlayır. Burda mənim  dilimin ucuna bir söz də gəlir. Demək istəyirəmki, hörmətli Kamal müəllimin məni köklədiyi duyğular qulağıma pıçıldayırki, Füzuli göbəyimin kəsildiyini də hiss edir.

Bax, elə sözün qatlarına varmaqda, onun nöqtə-vergülündən tutmuş səsdən hərfə, yazılışa köçən hər anına da  burdan baxmaq lazımdı. Elə ki, baxmağı bacardın, onda Füzuliylə doğuşundan üzü bugünə qədər yol-yoldaşı olacaqsan. Və üstəlik, duyacaqsan ki, Füzuli səni özü il   gətirdiyi kimi, sən  tıncıxıb   nəfəs dərəndə bir də gəldiyi yerə dönüb baş çəkə bilir.Çünki onun dünyası göyün o biri üzüylə yer arasındadır. O, getdiyi yerdə   sözünün işığını paylayır və yenidən gəldiyi yerə qayıdır ki, ora da işıqsız   qalmasın...

Esseni oxuduqca  məndə belə bir haldan-hala düşmə  məqamı yaranır. Elə bilirəm ki,oxuduqlarım məni bütünlüklə özümdən alıb harasa götürür. O götürüldüyüm yerin mənzərəsini  də görürəm, mənə tanış gəlir, məni cəlb edir. Amma məni həm də qorxudur. Çünki   o yerdə hər şey, hər kəs azaddır Füzulinin özü kimi. Ona görə də Kamal müəllimin  bir oxucu kimi mənə aşıladığı Füzuli sözünün alt qatında mən o azadlığı   yaşamağa, onunla qol-boyun olmağa başlayıram. Məhz həmin bu məqamda da Füzuli  kimi olmasa da, Füzulini anlamağa  çalışan birisi kimi mən də uşaqlığımın, yeniyetmə illərimin azadlığını təkrar   bu günümə qaytarıram. Çünki həmin zaman kəsiyində qayğısızlıq, sərbəstlik, hətta  bir az hər şeyə, hər kəsə münasibət bildirmək, özünü buludların qoynunda hiss   etmək kimi bir eyforik ömür yaşamışam. Əgər  bu mənim həyatımda indi bir xatirədirsə, onda Məhəmməd adlı bir uşağın gəlibFüzuli kimi bir şair olana qədər nələrdən keçdiyinin özü mənə görə möcüzə bir   ömür yaşamaqdır.

Zamanını, daha doğrusu, həmin o uşaqlıq və gənclik illərini,dostlarını, yaxın ətrafını elə həmin o qayğısızlığın qoynunda buraxıb gələn Məhəmməd - Füzuli yüksəkliyindən  onlara üz tutanda, akademik Kamal Abdullanın təbirincə desək, bir zamanın   şad-xürrəmliyi, azad yaşamı bizə  bir  həsəd yaşadır. Bütün bunlar da, yəni həsəd,həsrət, azadlıq, bir sözlə, həyatın gerçək üzü bütün dünyanın dərdlərinə könül   verən, qol açan bir şairi ucaldır. Onun böyüklüyünü, əyilməzliyini tarixiləşdirir.Gerçək olan sözün özündə də ifadəsini tapır.

Və mən  Məcnundan artıq aşiqliyi olanFüzulinin dünyalarca dərdi çəkmək gücünə qadir olduğuna bütün varlığımla   artıq  birmənalı  inanıram. Və bir də akademik Kamal Abdullanın bu essesinin işığında görürəm ki,Füzulinin təəssüfünün özü də hardasa bir tərənnümdü, bir səmimi etirafdı.Yaşamın Füzuli kimi, Füzuli  adlı  etirafı!..

Bəli, bir tiflin cövlan etməsi ,   bir uşağın əylənməsi Füzuli baxışı altında, Füzuli ruhu fonunda öz adi məcrasından bir ali mərtəbəyə yüksəlir. Bu, yerlə göy arasında öz sözünü   işığa çevirən Füzuli hikmətidir, Füzuli qüdrətidir. Ona sonsuz sayğılar!Akademik Kamal Abdullaya isə məni Füzulidərslərinə yönəltdiyi üçün təşəkkür edirəm.

TƏQVİM / ARXİV