adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

FUTBOL OLMAYAN ÖLKƏDƏ HAMI FUTBOL PROFESSORU OLUB - Aqil ABBAS yazır

AQİL ABBAS
473 | 2023-02-27 16:33

Tofiq Bəhramov stadionunda «Qarabağ» UEFA Kuboku uğrunda hansısa bir xarici komandanı qəbul edirdi. Xüsusi qonaqlar üçün ayrılmış bölmədə oturub oyunu izləyirdik. Burda əyləşənlərin də demək olar ki, hamısı keçmiş futbolçular, məşqçilər və sair və ilaxır idi. «Neftçi»nin «Neftçi» vaxtında ulduzlardan biri olmuş Füzuli Cavadovla yanaşı əyləşmişdik. Vaqif Cavadovun da Vaqif Cavadov vaxtı idi. «Qarabağ»ın gözünün işıqlarından biri idi. Bölmədə oturanlar futbolçulara, xüsusilə də Vaqif Cavadova çox nöqsan tuturdular: topu özündə çox saxlayır, vaxtında zərbə vurmur, Qurban Qurbanov filan oyunçunu əvəzləməlidi, taktikanı düzgün qurmayıb. Axırda Füzuli Cavadov dözmədi, qalxdı ayağa, üzünü hamıya tutub dedi:

- Burda hamı futbol professoru imiş ki…

Və gedib başqa bölmədə azarkeşlərlə bir yerdə oturdu.

Onun əsəbi halda dediyi bu sözləri heç vaxt unutmuram.

Bir rus siyasətçisinin də məşhur bir deyimini xatırlayıram: «Bu ölkədə hamı siyasəti, polis işini və futbolu çox gözəl bilir».

İndi bizdə də hamı futbol professorudu, siyasətçidi, amma siyasi partiyalar 5 min üzv tapa bilmirlər, qeydiyyatdan keçmək üçün.

Üç gündür baxıram bütün futbol «professorları» düşüb Qurban Qurbanovun üstünə, «Qarabağ»ı sağdan da söyürlər, soldan da, hamı da məsləhət verir, istefaya çağıranlar da var. Hətta utanmadan yazırlar ki, Qurban oyunu satıb və sairə… Kiminsə sifarişi ilə trollar tökülüb sosial şəbəkələrə.

Adı misli olub, misilsiz Azərbaycan top-top çempionatında (bəli, top-top çempionatı, uşaq vaxtı oynayırdıq ey, məktəbdə, məhlədə) az-çox futbol mədəniyyəti olan və Avropa futbol çempionatında Azərbaycanın üzünü ağardan Qurban Qurbanovu və «Qarabağ»ı ruhdan salmaq üçün bütün güclərini qoyublar ortaya.

Məqsəd birdir: «Qarabağ» komandasını necə dağıtmaq olar və Qurbanı bu komandadan necə uzaqlaşdırmaq olar ki, «Qarabağ» da düşsün «Səbail»in gününə.

«Gent»lə oyunda «Qarabağ» 120 dəqiqə dirəniş göstərdi və lotereyada bəxti gətirmədi. Necə xalqımızın «Poz-qazan»da bəxti gətirmədiyi kimi. Bu futboldu, qələbəsi də var, məğlubiyyəti də. Əsl azarkeş komandası uduzanda yanında olar. Mən inanmıram ki, Qurbana futbol dərsi keçənlər «Qarabağ»ın əsl azarkeşləridi. Bəlkə onların içində «Qarabağ»ın uduzması üçün nəzir deyənlər də olub.

Bütün bu cəhdlər Lobanovski kimi soyuqqanlı Qurban Qurbanovu hövsələdən çıxarmaq üçündü. Amma mən Xocanı yaxşı tanıyıram, onu təbdən çıxarmaq mümkün deyil, amma ruhdan salmaq mümkündü.

Azərbaycanın top-top çempionatına futbol mədəniyyəti gətirən Qurban Xoca, inanıram ki, belə şeylərə fikir verməyəcəksiz. Sizə və köhlən atlarınıza uğurlar arzulayıram. Yaxşı ki varsınız, Avropada üzümüzü ağ edirsiniz və edəcəksiniz də.

Baxıram, son zamanlar «Sabah»ın baş məşqçisi komandasına top-top yox, futbol oynadan Murad Musayevin də üstünə düşüblər. Hamı Qurban Qurbanov kimi soyuqqanlı ola bilməz. İndi Murad Musayev bir az emosionaldı, o da keçib gedər, futboldu da, adam özündən çıxır.

Bizə Qurban Qurbanov, Murad Musayev yox, bizə Foqts lazımdı, De Byazi lazımdı.

Nə isə. Sifarişlə işləyən trollar, Allah sizə insaf verməsin, çunki Allahın sizdən xəbəri yoxdur.

TƏQVİM / ARXİV