adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Görüş yeri dəyişmir...

FAİQ QİSMƏTOĞLU
790 | 2021-12-06 11:51

Filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafayevin xatirəsinə

 

...Elə insanlar var ki, onları heç vaxt, heç zaman yaddan çıxarmaq, unutmaq olmur. Çünki o insanlar sağlıqlarında dostlarının, qohumlarının və yaxınlarının qəlbində özlərinə əbədi məskən salıblar. Və dünyalarını dəyişəndən sonra da elə o yaxınların, qohumların, dostların xatirəsində yaşayırlar. Çünki bu cür insanlar zamanında özünün qiymətini və dəyərini verməyi bacarıblar...

...Belə böyük ziyalılardan biri də 30 ildən çox dostluq elədiyim, bir yerdə işlədiyimiz jurnalist, publisist və filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafayevdir. O Məhəmmədəli müəllim ki, təpədən-dırnağa səmimiyyətdən, şirinlikdən və sadəlikdən yoğrulmuşdu. Alim olduğuna baxmayın. O qədər sadə adam idi ki, kim nə deyirdi, ona inanırdı. Hətta balaca uşaq belə onu aldada bilərdi. Çünki o, hamıya inanırdı...

...Ölümündən 20 gün qabaq, iyul ayında onunla həmişə görüşdüyümüz yerdə – metronun «Neftçilər» stansiyasının yaxınlığındakı dairədə, daha dəqiq desək, daş saatın və ev alveri olan yerin yanında görüşürdük. Həmişə də deyərdi ki, mən ora çox öyrəşmişəm. Ən azından ona görə ki, işdən sonra bir saat, yarım saat orda gəzib, təmiz hava almasam ürəyim partlayar. Elə biz də Asif Talıboğlu, Lətif Novruzov və bu sətirlərin müəllifi gəlib onunla həmin yerdə görüşərdik. Sonra da üç qardaş gedib bir kafedə əyləşərdik, çörək kəsərdik və bir-birimizə ürəyimizi boşaldardıq. Bəzən heç ürəyimizi axıra qədər boşalda bilmirdik. Yəni, deyilməyən sözlər ürəyimizdə qalırdı. Avqust ayında dünyasını dəyişəndən sonra mən həmin yerlərə gedəndə elə bilirəm ki, yenə Məhəmmədəli müəllim qarşıma çıxacaq, yenə Lətif Novruzovla, Asif Talıboğlu ilə zarafatlaşacaq və deyəcək ki, Asif, sən Allah, o Faiqə yazdığın şeiri de, bir az gülək. Bax, hər dəfə o yerə gedəndə gözlərim onu axtarır, gözlərim dolur və qəhərlənirəm...

...Məhəmmədəli Mustafayevlə dostluğumuz uzun olub. Onun qardaşı elmlər namizədi Azər Mustafayevlə də yaxın dost olmuşuq. Füzulidə, bizim evdə dəfələrlə görüşmüşük, bir tikə çörək kəsmişik. Yəni Azər müəllimlə də bizim dostluğumuz olub. Məhəmmədəli müəllim dünyasını dəyişəndən sonra elə onun qoxusunu Azər müəllimdən alırıq. O mənə zəng edir, mən də ona. Və hər dəfə də Məhəmmədəli müəllimi xatırlayırıq. Hər qardaş bu qədər qardaşına sədaqətli olmur. Onu dostlarını, yoldaşlarını yada salır. Amma Azər müəllim çox sağ olsun, həmişə bizi arayıb axtarır.

...Və 20 günə yaxın idi ki, hər dəfə mənə zəng edib deyirdi ki, Asif müəllimi götürün, gəlin «Neftçilər»də görüşək. Mənim də sözün açığı, səhhətimdə bir az problem vardı və bir də dünyasını dəyişən yaxın qohum olmuşdu. Ona görə də görüşə bilmirdik. Amma bu şənbə, yəni dekabrın 4-də rəhmətlik Məhəmmədəli müəllimlə görüşdüyümüz yerdə – daş saatın yaxınlığında görüşməli idik. Və görüşdük də. Azər Mustafayev, Asif Talıboğlu və mən yenidən görüş yerini dəyişmədən həmin ünvanda bir daha görüşə bildik. Buna görə Allahıma şükür edirəm. Çünki yaxın dostumu, qardaşımı ziyarət eləmək elə onu ziyarət eləmək demək idi. Azər müəllimlə qucaqlaşıb öpüşürük. Hər üçümüzün gözləri dolur. Asif Talıboğlu hələm-hələm kövrələn deyil. Görürəm ki, gözləri dolub və dəsmalını çıxarıb göz yaşını silir. Amma Azər müəllim daha təmkinlidir. Deyir ki, siz Məhəmmədəli müəllimin ən sədaqətli dostlarısınız. Elə ona görə də həmişə sizi arayıb-axtarıram...

...Tanış kafelərin birinə gedirik. Azər müəllim maşının sükanı arxasında əyləşir, biz də arxada. Elə maşın da həmin kafenin yanında dayanır. Deyəsən, kafenin sahibi də Azər müəllimi yaxşı tanıyır. Üç qardaş kabinetlərdən birinə keçirik və stol arxasına əyləşirik. Stolun üstünə ləziz yeməklər gəlir. Amma heç birimizin əli ora uzanmır. Azər müəllimin təkidindən sonra əlimizi süfrəyə uzadırıq. Allah verdiyindən bir tikə çörək kəsirik. Və sonra Məhəmmədəli müəllimlə bağlı bir-birindən şirin xatirələr danışırıq. Onun nə qədər duzlu, şirin və səmimi olması ilə bağlı bir daha ötən günlərə qayıdırıq. Çünki Məhəmmədəli müəllimin hər sözü, hər kəlməsi və hər fikri bizim üçün çox yadda qalan olub. 10 ildən çox idi ki, AMEA-nın Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışırdı. Az müddətdə doktorluq işi müdafiə etdi və neçə-neçə elmi məqalələr yazdı. Onunla yanaşı, ədəbiyyat tarixi ilə bağlı 400 səhifəlik çox sanballı bir dərslik kitabını araya-ərsəyə gətirdi...

...O, axtarmaqdan, yeniliklərdən və eyni zamanda öz üzərində işləməkdən yorulmurdu. İnanın, onun qədər kitabxanaya gedən, oxuyan, öyrənən ikinci bir adam tanımırdım. «Neftçilər»də görüşəndən sonra zarafatlaşar, deyərdi ki, mən sizin kimi bekar-behtin adam deyiləm. İndi burdan çıxıb Axundov adına kitabxanaya gedəcəm. Elə də edirdi. Bizimlə xudahafizləşib, çantasını götürüb ya şəxsi maşınında, ya da metro ilə dediyi ünvana gedərdi. Özü də nə az, nə çox, 4-5 saat kitabxanada işləyərdi və sonra da zəng edərdi ki, möhkəm yorulmuşam. Bəlkə yenə gələsiz görüşdüyümüz yerə. Amma biz ikinci dəfə həmin yerə uzaq olduğu üçün gələ bilmirdik...

...Məhəmmədəli Mustafayevin elmi fəaliyyətinə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Ədədiyyat İnstitutunun sabiq direktoru, akademik rəhmətlik Bəkir Nəbiyev, həmin institutun direktor müavini, professor, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Məhərrəm Qasımlı çox yüksək qiymət veriblər. Hər üç böyük alim Məhəmmədəli müəllimin istedadının, axtarışının və zəhmətkeşliyinin şahidi olublar. Məhz buna görə də ona çox böyük dəyər veriblər. Təbii ki, insan öz dəyərini alanda onun yazmaq, yaratmaq və axtarmaq həvəsi birə-beş daha da artır.

...Süfrə arxasında söhbətimizdə Asif Talıboğlu da, qardaşı Azər müəllim də, Məhəmmədəli Mustafayevlə bağlı o qədər şirin xatirələr danışdılar ki, mən elə bildim ki, qardaşımız Məhəmmədəli bizim yanımızda əyləşib. Hətta Azər müəllimə kövrələ-kövrələ dedim ki, bax, bu dördüncü stulda Məhəmmədəlinin ruhu əyləşib. Biz nə danışırıqsa, ona aydın olur. Biz nə deyiriksə, onun ruhu sevinir. Çünki qardaşımız Məhəmmədəli müəllimin də ruhu elə bizim yanımızda idi. Və düşünürəm ki, çoxlarının qəlbinə, ürəyinə və iç dünyasına yaxın olan Məhəmmədəli müəllim bu gün də sağdır. Və hər dəfə onun barəsində Lətif Novruzovla, Asif Talıboğlu ilə, Daşdəmir Əjdəroğlu ilə danışanda bir daha yəqin edirəm ki, o, bizim üçün heç vaxt ölməyib. O, mənim, Azər müəllimin, Asif müəllimin, Daşdəmir müəllimin, Lətif müəllimin ürəyindədi. Ürəkdə olan sevgini isə heç kim çıxara bilməz...

...Və bir daha yəqin edirəm ki, bu dünyada yaxşı adam olmaq lazımdı. Qəlblərdə, ürəklərdə yuva salmaq, yer tapmaq insanın əbədi yaşaması deməkdir. Allaha and olsun ki, Məhəmmədəli ilə dostluq elədiyim bu 32 ildə bir dəfə olsun kiminsə qəlbini qırmayıb. Məndən çox onun səhvinə görə danlayan adam yox idi. O da nə deyərdim razılaşardı və sonra da özünəməxsus yumorla bildirərdi ki, məndən 2 yaş böyüksən də, nə deyirsən düz deyirsən. Onunla o qədər yuxusuz gecələrimiz, yol yoldaşlığımız, çətin anlarımız və sıxıntılarımız olub ki. Hamısını da özümüz dəf eləmişik...

...Azər müəllimlə görüşəndən sonra həm mənim, həm onun, həm də Asif müəllimin çiynindən ağır yük götürülür. Çünki Məhəmmədəli müəllim ilə bağlı bütün xatirələrimizi bölüşə bildik. Ona olan sevgimizi, məhəbbətimizi və sədaqətimizi bir daha göstərməyi bacardıq. Biz göstərdik ki, insanlar dostluqda sədaqətli olanda onlar heç vaxt unudulmur. Elə qardaşı Azər müəllim də ayrılanda bizə bunları dedi. Ayrılmamışdan öncə yenidən qucaqlaşdıq, yenidən öpüşdük və yenidən kövrəldik. Və göz yaşlarımızda Məhəmmədəli müəllimin bir daha işartısını, sevgisini gördük. Axırda da Azər müəllim dedi ki, mən fəxr edirəm ki, qardaşımın sizin kimi dostları var. Onun qoxusunu sizdən alıram və elə bilirəm ki, qardaşım sağdır.

...Bu sözdən sonra üçümüzün də gözü dolur və üçümüz də ruhən və qəlbən çox sakitik. Bu payız günündə, xəzan çağında Məhəmmədəli Mustafayevi xatırlamaqla bir daha dünyasını dəyişən

bütün yaxınlarımız, doğmalarımız, əzizlərimiz yada düşür. Mən həmişə demişəm və yenə deyirəm. Dünyasını dəyişən iş yoldaşlarımla, dostlarımla dostluğumuz davam eləməsə də, onların övladları, qardaşları, doğmaları ilə dostluğumuz davam edir. Nə vaxta qədər canımızda nəfəs var, ayaq üstəyik və bu dostluğu yaşadacağıq.

Məhəmmədəli Mustafayevə «Allah rəhmət eləsin» demirəm. Çünki alimlər, yazıçılar, şairlər sağdılar. Və o da mənim ürəyimdə, qəlbimdə və iç dünyamdadır. Tək mənim deyil ey, bütün dostlarımın və eləcə də qardaşı Azər müəllimin qəlbindədi, ürəyindədi. Qoy ruhu şad olsun! Bir yağış yağsın, o yağış da onun ruhunu bir daha təmizlənsin. Və bilsin ki, dekabrın 4-də biz onu yenidən yada saldıq...

TƏQVİM / ARXİV