Faiq QİSMƏTOĞLU: Get, sabah gəl!

FAİQ QİSMƏTOĞLU
725 | 2022-06-21 11:51

Yəqin bu ifadələr, bu sözlər sizə tanış gəlir. O qədər idarələrə, təşkilatlara və müxtəlif qurumlara yolumuz düşəndə bu sözləri eşitmişik ki?! Elə adam tapılmaz ki, istər Sovet dönəmində və istərsə də müstəqillik qazandıqdan sonra bu cür bürokratik və süründürməçi məmurlara rast gəlməsinlər. Təbii ki, heç də biz demək istəmirik ki, bütün məmurlar bu «üsulla» və bu «metodla» işləyiblər və işləyirlər...

Amma görünən odur ki, bu gün də əksər idarə və təşkilatlarda süründürməçilik var, insanların işi onlara düşəndə istədiklərini, el dilində demiş olsaq, «şirinliklərini» almasalar, elə həmin adamları get-gələ salacaqlar. O vaxt get-gəl bitəcək ki, həmin məmur və yaxud onun əməkdaşı ona üz tutan insandan istədiyini qoparda bilir...

Nə yaxşı ki, son vaxtlar ölkəmizdə «Asan» və «Dost» xidmətləri var. Bax, bu yeni sistem sözün həqiqi mənasında məmur özbaşınalığına, bürokratiyaya və süründürməçiliyə son qoyub. Ona görə də insanlar hər hansı məsələ ilə bağlı adını çəkdiyimiz bu qurumlara müraciət edəndə çox asanlıqla işlərini həll edir və heç bir süründürməçilik və bürokratiya ilə üzləşmirlər. Min şükür!

Həyatımızın başqa sahələrində bu süründürməçilik davam edir. Hər hansı bir idarədən, yaxud xəstəxanadan, təhsil müəssisəsindən, «mənzil istismar sahələrindən» arayış almaq istəyirsən, çox nadir halda o sənədləri bir neçə saatın ərzində hazırlayıb sənə verirlər. Ancaq əksər vaxtı səni «ötür-ötür» oyununa salır, süründürür, bir neçə dəfə aparıb gətirir və bundan sonra məlum arayışı sənə verirlər. Bu isə o deməkdir ki, bir çox məmurlar xalqa xidmət etmək yox, xalqdan bir şey qopartmaq üçün bu vəzifə kreslosunda əyləşib.

Səhərin gözü açılanda düşünür ki, bu gün işə gedəcək və nə qədər pul qazanacaq. Məmur var ki, bir gün pul qazanmasa, ürəyi partlayar. Hətta bəzən əvvəlki günlərə nisbətən az pul qazanır və deyir ki, bu gün işlərim yaxşı getmədi. Kişinin oğlu yəni həmin günü əvvəlki vaxtlarda olduğu kimi yaxşı pul qazanmayıb. Bu düşüncə, bu yanaşma ilə yaşayan insanların heyvandan heç bir fərqi yoxdur. Üzr istəyirəm, bəlkə də fikrimi düzgün ifadə eləmədim. Amma görünən odur ki, qarnını, öz şəxsi həyatını, yaşam tərzini hər şeydən üstün tutan insana heç adam demək olmaz. Onların vəzifəsi var, yüksək kresloda əyləşib, amma onların ürəyi yoxdur və o ürəkdə mərhəmət çatışmır. Mərhəmət olmayan ürəkdə insanlıqdan, adamlıqdan və Allaha yaxınlıqdan söhbət belə gedə bilməz.

Onların həyatı yalan və dələduzluq üstündə qurulub və bu yalanla, dələduzluqla çox adam aldadır, istədiyi məbləği onlardan alır və sonra da guya «işləri» yoluna qoyurlar. Yalan sakit görürən, amma daha dərin olan bir gölə, bir çaya, bir dənizə bənzəyir və bu yalana inanırsan və axırda da bu sakit və dərin görünən su kimi yalanın içində batırsan. Bax, bundan dəhşətli, bundan qorxulusu, bundan faciəlisi yoxdur.

Molla Nəsrəddinin bir lətifəsi yadıma düşür. Mollanın bir adama uzun illərdir borcu olur. O da hər gün onun qapısını döyür, borcunu istəyir. Molla da hər dəfə onu bir şirin dillə «yola verir» və deyir ki, get, sabah gəl. Və beləcə sabahlar açılır, borcu olan molladan borcunu ala bilmir. Bir gün də həmin kişi mollanın yenidən evinə gəlir və soruşur ki, molla evdədir, ya yox?! Oğlu da deyir ki, evdə yoxdur. Nə lazımdır? Borclu adam yenidən dillənir:

- Borcumu almağa gəlmişəm!

Mollanın oğlu fikirləşir və deyir:

- Get, qara daş göyərəndə gələrsən!

Kişi də çıxıb gedir.

Molla evə qayıdır və oğlundan soruşur ki, o borclu adam gəlməmişdi ki? Oğlu da deyir gəlmişdi. Nə dedin ona. Dedim ki, get, qara daş göyərəndə gələrsən və borcunu alarsan. Mollanın bu cavabdan xoşu gəlmir və qanı itin qanına dönür. Oğlunu danlayır, deyir ki, ay bivec oğul, birdən qara daş göyərdi. O pulu necə verəcəm. Amma ən yaxşı cavab isə get, sabah gəldir. Çünki sabahlar qurtaran deyil...

Sözümüzün canı odur ki, bax, bizim bəzi məmurlar da mollanın sözü olmasın, yanına gələn şikayətçilərə deyir ki, get, sabah gəl! Çünki nə vaxta qədər həyat var, o vaxta qədər də sabahlar var. Yəni yalançı məmurlar bax belə insanları arxayın salmaqla «sabah-sabah» deyir və axırda da istədiyini almasa onların işini yoluna qoymur.

Sabahınız xeyir olsun, a bu millətin qanını soran, dərisini soyan və əlində, ovcunda nəyi varsa, qapazlayıb alıb üstündən də su içən insafsız, mərhəmətsiz məmurlar! Bu camaatı, bu insanları meşin qapıları arxasında çox gözlətməyin və incidib bezdirməyin və unutmayın ki, günlərin birində ya dövlət, ya da Allah tərəfindən bu əməllərinizə görə cəzanızı alacaqsınız. Hələ ki, kef edin! Hər işin gec-tezi var. İndi kef edirsiniz, bir azdan xalqın hesabına, var-dövlət qazandığınız nə varsa, hamısı bir-bir burnunuzdan töküləcək...

TƏQVİM / ARXİV