adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: «Əllərini uzat mənə»

FAİQ QİSMƏTOĞLU
565 | 2022-06-10 11:20

Orxan Paşanın (Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, «Şöhrət» ordenli, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının) yeni çapdan çıxmış kitabı belə adlanır

 

Sevib həzin tütək oldun,

Könül oldun, ürək oldun.

Hərdən dəli gerçək oldun,

Hərdən nağıl, Orxan Paşa...

 

Şairin yeni çapdan çıxmış kitabı bu şeirlə başlanır. Daha doğrusu, bu şeir bir bələdçi olaraq oxucunun əlindən tutub və onun şirin, bulaq suyu kimi təmiz, gün işığı kimi nurlu poeziya dünyasına aparır. Biz bu poeziya dünyasında Vətənin hər qarış torpağının ətrini duyuruq, havasını hiss edirik. Ormanlarını, meşələrini, buz bulaqlarını görürük. Görürük ki, şair Orxan Paşa təpədən-dırnağa qədər bu Vətənə, bu torpağa, bu elə bağlı olan bir ürək sahibidir. Onun Vətənsiz, yurdsuz bir günü olsa ürəyi partlayar. Ən azı ona görə ki, şair Vətəni Allah qədər, övlad qədər çox istəyir. Və hər bir şeirində də bu nüanslar, bu cizgilər özünü tapır...

«Əllərini uzat mənə» kitabı bir neçə fəsildən ibarətdir. İlk fəsil belə adlanır: «Sənin taleyindir bu Vətən». Həmin silsilədə şairin bir-birindən rəngarəng, bir-birindən poetik, bir-birindən gözəl şeirləri toplanıb:

«Xəzər qalxır», «Təbriz meydanında», «Türklüyümüz yenilməz»,

«Xudafərin körpüsü», «44 günün gerçək nağılı», «Gəlmişəm, Şuşam, gəlmişəm», «Kasıbın oğlu», «Bayrağım», «Vətəndi- dərmanım»... «İşıq axtarırıq silsiləsində» verilən şeirlər də poetikliyi ilə insanın ürəyinə yol tapır. «Dəli könül», «Çay qırağında bir tənha ağac», «Mən bir buludam», «Arxadan gələn günlər», «İşıq axtarırıq», «Səsinin bənövşə duruşu vardı»... Bununla yanaşı, «Mənə neylədisə ürək eylədi» qəbildən olan şeirlər də ürək pıçıltısının, sevginin, kədərin və ümidin bir döyüşü idi. Bilmirik, bu şeirlərdə vüsal qalib gəlir, yoxsa kədər. Həmin silsilədən olan bir neçə şeiri xatırlamaq istəyirik:

«Əllərini uzat mənə», «Burdan – həsrət uzaqlığından», «Sənin səsin», «Ağ çiçək», «Mənə neylədisə ürək eylədi», «Mələk qanadısan sən xəyalların»... «Saz başına döndüyüm» şeirlər silsiləsi də sözün həqiqi mənasında oxucunun ürəyinin «sarı siminə» toxunur. Yəni saz kimi onun dərdini, kədərini bəşəriyyətə çatdırır. Həmin silsilədən olan «Hər gün», «Qoymaram səni», «Gözəli», «Ürəyindən öpdüyüm», «Başına döndüyüm», «Bəri gəl» şeirləri də insan qəlbinə bir işıq salır. «Səmanın, dumanlı atlası» silsiləsindən olan şeirlər də elə-belə şeirlər deyil. Hər biri insan kimi danışır, nəfəs alır və çırpınır. «Şərqdə şər oyunu» poeması və eləcə də «Taleyimdən və ürəyimdən keçənlər» silsiləsi də bir nağıla bənzəyir. O nağıla ki, gərək onu oxuyasan, sonra da onun rənglərinin içərisində özünü tapasan...

Orxan Paşanın kitabdan toplanmış şeirləri o qədər poetikdir ki, heç bilmirəm hanısı yada salım. Çünki hər şeirdə insan var, sevgi var, məhəbbət var və ən nəhayət, həsrətdən çıxıb vüsala dönmək var. «Gəlmişəm, Şuşam, gəlmişəm» şeirinin iki bəndini yada salmaqla bir daha şairin Şuşaya olan böyük məhəbbətini xatırlamaq istəyirik:

 

Salam olsun ordumuza,

Qürur verdi yurdumuza.

Qalamıza-burcumuza

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Yolu açdı igidlərim,

Qazilərim, şəhidlərim.

Gerçək oldu ümidlərin –

Gəlmişəm, Şuşam, gəlmişəm.

 

Orxan Paşa Şuşaya gedir və əhd elədiyi kimi Şuşanın daşını, divarını öpüb bağrına basır. Kaş hamı öz əhdinə Orxan Paşa kimi qovuşaydı...

Yaxud şairin Azərbaycan əsgərinə yazdığı şeirdən bir bəndə diqqət yetirək:

 

Mərd oğullar candan keçib,

Haqqı deyib, divandan keçib.

Ərlik sənə qandan keçib,

Babanın qanına soykən!

 

Bayaq dedik, şair Vətənin hər qarış torpağını Məkkə bilir, and yeri bilir. «Yolum gedir Zəngilana» şeiri də bu mənada Vətən həsrətinə və nisgilinə bir nöqtə qoyur. İnanmırsınız, həmin şeirdən bu bəndlərə diqqət yetirək:

 

Mehman olaq Qarabağa,

Gah o dağa, gah bu dağa.

Çinarları oxşamağa

Dilim gedir Zəngilana.

 

Yurda dönüş başa gəlir,

Sazım-sözüm coşa gəlir.

Belə səfər xoşa gəlir,

Elim gedir Zəngilana.

 

Şairin cavanlıq illəri ilə bağlı da gözəl bir şeiri var. Şeir belə adlanır: «Axdı da getdi». Həmin şeirdə bu bir bənd insanın iç dünyasını, qəlbini və ürəyini titrədir:

 

Buluddan sıyrılmış ay işığıydı,

İlğımlar içində axdı da getdi.

Bir zaman ox oldu – süzdü, şığıdı,

Sonra yorğun-yorğun baxdı da getdi...

 

Hər şeirdə, hər bənddə bir sevgi var, bir istək var və bir arzu boylanır. «Əllərini uzat mənə» şeiri də həsrətə son qoymağı və vüsallı günlər yaşamağı bir daha lirik qəhrəmana arzulayır.

 

Görüş üçün

üfüqdən də o yana

keçməlidir əllərimiz.

Sən bir əllərini uzat görüm,

Üfüqü görürmü əllərin?!

 

Əlbəttə, nakam sevgi, pak məhəbbət heç də həmişə bir-birinə qovuşmur. Daha doğrusu, onlar vüsala yetmirlər. Amma şairin ən böyük arzusu iki sevənin bir-birinə qovuşmasıdır. Bundan gözəl nə ola bilər?!

Sevgi olmayan yerdə işıq olmur, günəş olmur, həyat olmur. Nə yaxşı ki, Orxan Paşanın şeirlərində bu sevgi, bu məhəbbət qırmızı xətt kimi keçir. «Mən səni sevməkdən qorxuram yaman» şeirində bu misralara diqqət yetirsək, hər şeyi aydın görərik:

 

De, hansı buluda yol alsın ahım?

Səhralar, dəryalar dolansın ahım...

Bu qara sevdanı qaytar, Allahım,

Bu qara sevdadan aman, əlaman!

Mən səni sevməkdən qorxuram yaman.

Mən səni sevməkdən qorxuram yaman!

 

Bax, Orxan Paşa bir şair, bir alim, bir ziyalı olaraq belə bir ürəyə malikdir. O ürəyə yaxın olmaq, o ürəyin hərarətini hiss eləmək o deməkdir ki, oxucu şairin Vətən, el-oba və məhəbbət mövzusunda yazdığı şeirləri özününkü bilir və özünü o şeirlərdə görür. Gün işığı kimi olan bu şeirlər insana bir daha bulaq suyu kimi duru, gün işığı kimi nurlu duyğular aşılayır...

TƏQVİM / ARXİV