adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Çörək haqqı

FAİQ QİSMƏTOĞLU
14458 | 2022-01-07 12:33

...Başqa millətləri deyə bilmərik, amma bizim xalq çörəyi Quranla bərabər tutur. Qurana and içəndə çörəyə də and içir. Və deyir: «Çörək haqqı». Bu, həm də o deməkdir ki, biz çörəyi Allah qədər, Quran qədər çox istəyirik. Hətta əlimizdən bir tikə, bir parça çörək yerə düşəndə onu götürüb öpür, gözümüz üstə qoyur və əzizləyirik. Çünki bilirik ki, çörək nə deməkdir. Xüsusən də sadə insanlar çörəyin nə olduğunu və insanın həyatında hansı rollar oynadığını hamıdan yaxşı bilir...

 

...Son bir neçə gündə dünyanın hər yerində olduğu kimi, bizim məmləkətdə də un və çörək bahalaşıb.  Deyirlər ki, bu, qlobal problemdir. Bunu başa düşmək olur. Amma onu başa düşmək olmur ki, həmişə bu cür problemlər yaşananda kiçik və zəif ölkələr aclıqdan daha çox əziyyət çəkirlər. Taxıl ixracısı olan Rusiya, Qazaxıstan, ABŞ, Kanada yüz oyundan çıxır ki, taxılın qiymətini, buğdanın qiymətini qaldırsınlar və elə qaldırırlar da. Təbii ki, bunun da dalğası ilk növbədə zəif ölkələri daha güclü tutur. Deyilənlərə görə, Çin dünya taxıl ehtiyatının 50 faizindən çoxunu alıb yığıb öz anbarlarına. Bunu da ona görə edib ki, digər ölkələrə təzyiqlər olunsun. Bunlar alayı söhbətlərdir.

 

...Amma bizi düşündürən odur ki, pandemiyanın yaratdığı gərginlikdən və stresdən sonra dünyanı idarə edən qüvvələr indi də insanları çörəklə imtahana çəkirlər. Dünyaya bel bağlayıb bu aclıqdan çıxmaq o qədər də asan deyil. Ona görə də hər bir ölkə öz daxili imkanları hesabına bu problemləri yoluna qoymalıdır. Bizim məmləkət ərzaq buğdasını Rusiyadan və Qazaxıstandan alır. Taxılın qiyməti isə ötən ilə nisbətən 50 faiz bahalaşıb. Yəni, Rusiya istehsal etdiyi taxılı bu gün dünya bazarına 350 dollardan baha qiymətinə çıxarır. Əlbəttə, belə bir vəziyyətdə çıxış yolu tapmaq, arayıb-axtarmaq o qədər də asan deyil.

Deyilənlərə görə, ölkəmzdə 3-4 aylıq taxıl ehtiyatı var. Amma hökumət və Taxıl Fondu gərək bu vəziyyəti əvvəlcədən hiss edib zamanında ucuz qiymətə ərzaq buğdası alaydı. Yəni, ən azından ölkəmizin birillik taxıl fondu olmalı idi. Amma deyəsən, taxılımız o qədər də çox deyil. Təbii ki, bu situasiyadan çıxmaq üçün hökumətin və dövlətin öz proqramı olmalıdır. Yəni, ola bilər ki, taxılın qiyməti indikindən də baha olsun. Bax, belə bir durumda biz daxili imkanlar hesabına taxıl ehtiyatlarımızı artırmalıyıq.

 

Mütəxəssislərin dediyinə görə, ölkəmiz taxılın 50 faizə yaxını özü istehsal edir. Qalan ərzaq buğdasını isə xaricdən alır. Deməli, burdan belə bir məntiqi nəticə çıxır ki, ölkəmizdə taxıl istehsalını artırmaq lazımdır. Heç uzağa getməyək, işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının ərazilərində demiya torpaqlarında taxıl əkmək olar. Onu da bildirirlər ki, artıq bu rayonların minalardan təmizlənmiş yerlərində yüzlərlə hektar sahədə taxıl əkilib. Min şükür! Eyni zamanda Bərdədə, Beyləqanda, Saatlıda, Sabirabadda, Biləsuvarda, Cəlilabadda pambıq sahələri üçün ayrılmış yerlərdə indi taxıl əkmək olar. Çünki hələ gec deyil. Əgər yerli istehsalla ölkəmizin taxıla ehtiyacının 80 faizi həll olunarsa, xaricdən o 20 faizi almaq bir o qədər də vəsait tələb etməz.

 

Artıq ölkəmizdə 50 kq-lıq unun bir kisəsini bir neçə gün bundan əvvəl 28 manata satırdılarsa, indi 38 manata satışa çıxarırlar. Sahibkarlar da deyir, qiymət artımı bizlik deyil. Biz topdansatış mərkəzlərindən baha qiymətə alırıq, üstünə də qəpik-quruş qoyub satırıq. İndi nə çörək zavodlarını, nə də un satışı ilə məşğul olan sahibkarları qınamalı deyil. Çünki qiymətləri onlar yox, bazar müəyyənləşdirib. Dövlətimiz milli valyutamızın dəyərini necə tənzimləyirsə, dotasiya ilə də taxılın və unun qiymətini sabit saxlamalıdır. Amma hələ ki, mümkün deyil. Yəni, əvvəllər 50 qəpiyə satılan çörək indi 70 qəpiyə satışa çıxarılır. Bu isə o deməkdir ki, aztəminatlı ailələr və təqaüdçülər bu bahalaşmadan çox əziyyət çəkəcəklər. Elə ailə var ki, bir gündə 6-7 çörək alır. Və həmin ailə indi hər gün 4 manat, 5 manata yaxın çörəyə pul verməlidirlər. Bəs bu yazıq insanlar o pulu hardan alsınlar?! Bəzən süni bahalaşma da yaradılır. Bax, o süni bahalaşmanın da qarşısı İqtisadiyyat Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən alınmalıdır. Əhalini nə ilə sınağa çəksən, dözə bilər. Amma çörəklə sınağa çəkmək çox ağır imtahandır. Ən azından ona görə ki, biz başqa qidalarsız bir gün, bir neçə gün yaşaya bilərik. Ancaq çörəksiz  bir gün də yaşamaq olmur. Çünki öz evində el dilində demiş olsaq, yavanlığı olmayan adam elə soğan çörəklə də dolana bilər. Lakin çörək bahalaşandan sonra çox çətin anlar yaşanacaq.

 

Yazımızın əvvəlində qeyd etdik ki, biz çörəyə Allah qədər, Quran qədər müqəddəs varlıq kimi yanaşırıq. Kim ki, dünyada insanları çörəklə sınağa çəkib, aclıq yaratmaq istəyirsə, yediyimiz çörək haqqı bu çörək onlara qənim olacaq. Elə fikirləşirlər ki, insanları yalnız və yalnız qapaz altından saxlasınlar, bir tikə çörəyə  möhtac etsinlər. Amma düşünmürlər ki, milləti və dünyanı çörəklə sınağa çəkənlərin başına Allah-təala elə bir qapaz endirər ki, düz qiyamətə qədər bir də ayağa qalxa bilməz. Çörəklə zarafat eləyəni Allah da sevməz...

TƏQVİM / ARXİV