adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Əli Nəcəfxanlının sənsizi - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
417 | 2022-10-06 12:32

Və mənim sənsizim

 

Ötən günləri, lap belə anları belə unutmaq, yaddaşdan silmək heç də asan deyil. Təbii ki, söhbət ağlı-başı yerində olan, Allahın yaratdığı  normal insandan gedir. Bu insanlar hər şeyin yerini də, ölçüsünü də, qədir-qiymətini də bilir və elə bildiklərinə görə də həmişə bir əlləri ürəklərinin üstündə olur. Onu sakitləşdirmək, onun ağrı-acısını azaltmaq üçün. Təəssüf ki, bəzən nəinki əlin, heç bütün vücudun gücü çatmır bu ağrını sakitləşdirməyə, yəni ürəyi ovutmağa. Ona bir az da dözüm verməyə. Bax, bu düşüncələr, bu fikirlər sözlə yaşayan adamlar üçün,  həssas nöqtələri həmişə ayaqda olanlar üçün daha çətindi. Çünki onlar bir növü buluddan nəm çəkənlərdi...

Son iki günü o qədər yüklənmişəm ki, günün hardan çıxıb, harda batdığını da unutmuşam. Baxmayaraq ki, gözüm görür, ağlım hələ ki, yerindədi və düşünmək, danışmaq, yazmaq imkanlarım da onun kimi. Amma neyləmək olar ki, böyük və mərhum yazıçımız Yusif Səmədoğlu demişkən: «Dərd gələndə batmanla gəlir». İnsan da öz vücudu ilə o batmanla gələn dərdi həm daşımalıdı, həm yaşamalıdı, həm də öz içində üyütməlidi. İllah da ki, bu dərdin adı HƏSRƏT ola.

Diqqətli oxucu yəqin ki, böyük hərflərlə yazdığım sözü oxuyanda söhbətin hara istiqamət götürdüyünü anladı. Bu gün «Bir şairin bir şeiri» layihəmdə həmkarım Əli Nəcəfxanlı ilə fikirdaş olacam. Yəni onun «Payız prospekti» kitabından götürdüyüm «Sənsiz» şeirini yozmağa cəhd edəcəm. Ümumiyyətlə, SƏNSİZ, başqalarını deyə bilmərəm, mənim üçün zərbə, çox böyük yük, çox böyük faciə, çox böyük ağrı, lap sonda dəqiq ifadə etsəm, MƏNSİZ deməkdir. Mən də öz adımdan kimsənin bu dediyim məqama düçar olmasını istəmərəm. Amma təkcə mənim istəməyimlə deyil ki, həyatın və bu həyatın özündən qaynaqlanan sevginin gücü məndən qat-qat artıqdır. Və bir dolu vüsal, bir dolu həsrət olan sevgi adamı elə bağrına sıxır ki, orda sənsizlik və mənsizlik bir vücuda, bir ürəyə, bir nəfəsə çevrilir. Bax, bunu yaşayan şair də yazır ki:


Səninlə dünya da vardı elə bil,

Sənsizlik içində heç oldu dünya.

Havası boşalan şardı elə bil,

Kiçilə-kiçilə puç oldu dünya.

 

Gördünüzmü, sənsizlik hansı gücün sahibidi, hansı mənaları ifadə edir özündə. Və bunu görmək də, bunu sözə çevirmək də qələm sahibindən o sənsizliyi ruhundan, ürəyindən kağıza daşımaq, dilə gətirmək həm gücü, həm də istedadı tələb edir. Əli Nəcəfxanlı bunu bacarıb. Özü də elə ustalıqla bacarıb ki, o sənsizliyin bir dünya olduğunu da mənə inandırıb. Və mən də o inancın təsiri altında öz sənsizliyimi xatırlayıb onu necə yaşadığımı, əslində isə bu yaşamaq məhkumluğumu şeirləşdirmişəm və yazmışam ki:

 

Mən dünən sənsiz idim

bu gün də tək, yalqızam

dünən donmuş dənizdim –

bu gün üzən sal buzam...

 

Bəli, haldan-hala düşmək o qədər də asan olmur. Özü də forma, məzmunu dəyişmək tamam ağır olur insan üçün. Gah dəniz, gah  buz olmaq bir poetik fikir kimi özü-özlüyündə min illərin deyimi olsa da, amma bir sevginin fonunda artıq bir ömrün, bir ürəyin, bir yaşamın durumunu, gerçəkliyini ortaya qoyur və bu da o deməkdir ki, mən sənsiz olanda dənizdən sal buza, eləcə də əksinə bir yolun sinəsində iz salmaq üçün həyatla cırmaqlaşıram. Neyləyim ki, bu, qədərdi, bəxtdi, qismətdi... Və ümumiyyətlə, hər nədirsə, ÖMÜRDÜ! Həmin heç kimə heç nə verməyən ömür məndən mənsizliyi, daha doğrusu, sənsizliyi, səndə isə mənsizliyi qoparmaqla bizə pıçıldayır. Özü də Əli Nəcəfxanlının duyğularının dilində:

 

Adını anıram adlar içində,

Qismətdən, qədərdən dad eləmirəm.

Sən mənə yad baxdın yadlar içində,

Mən səni yad kimi yad eləmirəm.

                                         

Gördünüzmü, həsrət nə qədər qəddar, nə qədər amansız və nə qədər də çoxbilmiş olsa da, istəyinə çata bilmir. O sağdan da, soldan da vursa da, ürək, ruh Sənsizliyi qəbul etmir. Çünki sən həm ürəksən, həm də elə o ruhun özüsən. Bunun üçün alın yazısı olan qismətdən, qədərdən nəinki gileylənmək, heç o barədə düşünmək belə Əli Nəcəfxanlının, eləcə də mənim ağlımın ucundan da keçməyib. Çünki:

 

Günüm gündən an çəkir

həsrət məndən qan çəkir

canım ölmür, can çəkir

onçun belə halsızam...

 

Hansı ölçüdə, hansı səviyyədə və yerdə olur-olsun candan can qopursa, bu, mənim üçün fəlakətdi. Bir az da dəqiq ifadə etsəm, bu sondu. Və deməli fəlakətdən, sondan qaçmaq onun gəlişinə maneələr yaratmaq özü də bir mübarizədi, özü də sevgi naminə atılan addımdı. Bu addımların bir damarı   xatirələrdi, xəyallardı, yuxulardı. Həmin dediyim duyğular adamın əlindən tutur, görüş yerlərindən, doğma küçələrdən, dalanlardan, kəndlərdən, şəhərlərdən, qoşa izimiz olan hər yerdən məni keçirir. O yerlərdən aldığım xatirə gücü, yaddaş işığı nəfəsimə nəfəs qatır. Yəni bu, nəfəsqatma əslində nəfəsimin yolunu uzadır və əlim ələ çatmasa da, gözüm gözə baxmasa da, uzaqlığıma, ünyetməzliyimə inanmıram. Bilirəm ki, Əli Nəcəfxanlının dediyi gerçəklik mənim axtarışıma mane olmayacaq:

 

Xəyallar azdıran bir üfüq kimi

Əlçatmaz, ünyetməz uzaqlardasan.

Barmağa boş gələn bir üzük kimi

Salıb itirmişəm səni hardasa...

 

Bir müdrik deyim var. Aqillər deyib ki, axtaran tapar. Özü də mənə görə israrla, yorulmadan, lap dizin-dizin də olsa, sürünə-sürünə də olsa axtaran, soraqlayan mütləq tapacaqdır. Ona görə ki, bu axtarış sevgi naminədir. Sevənlər, xüsusilə həm ürəyi, həm də ruhu ilə sevənlər bilirlər ki, haqdan gələn sevgi  onu yaşayana həmişə güc verib. O güc ilahi gücdü. Mən də o gücə inanıram. Və bilirəm ki, mənim sənsizliyimə o son qoyacaqdır. Məhz bu inamla da yazmışam ki:

 

Vaxta höküm Tanrıda

mən diz çöküm, Tanrı da

niyə durur anrı da -

bilir axı, yalqızam!

 

Bəli, mən Əli Nəcəfxanlı ilə birlikdə sizsizliyimizi, əslində isə hər birimizin ayrı-ayrılıqda sənsizliyimizi pıçıltı ilə sözə çevirdik. Sonra da o sözü vərəqə köçürtdük. İndi hər kəs oxuyur onu. Və hamı da bilir ki, biz hər birimiz öz sənsizliyimizə üsyan edirik, barışmırıq! Yəqin ki, bu söylədiklərimlə, daha doğrusu bu yazdıqlarımla Əli Nəcəfxanlı da razılaşar. Axı o da SƏNSİZ! - yazıb. 

 

TƏQVİM / ARXİV