adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU yazır:Könül rahatlığımın ünvanları - 4

ƏBÜLFƏT MƏDƏTOĞLU
1089 | 2021-11-18 12:41

Səfər təəssüratımdan notlar

 

Ərzurumdan yola düşəndə artıq hava qaraldığından ətrafı bir qədər yaxşı görüb göz yaddaşına köçürmək çətinləşirdi. Ona görə də daha çox hərəkət etdiyimiz magistrala diqqətimi yönəltmişdim. Əvvəlki məqamlarda qeyd etdiyim kimi yol həqiqətən çox rahat idi. Yalnız sərt döngələri və dolamaları çıxmaq şərtilə. Hiss  olunurdu ki, sürücümüz  yola yaxşı bələddir. Çünki o, sürəti elə nizamlayırdı ki, həmin sərt döngə və dolamalarda sərnişinlər çox da narahat olmurdular. Adətən adam ilk dəfə getdiyi belə yollarda müəyyən bir narahatçılıq yaşayır. Xüsusilə hava qaranlıq və dumanlı olanda bu narahatlıq bir az da artır. Burada xüsusi qeyd etməliyəm ki, yolun böyük hissəsi qoşa, yəni iki tərəfli olduğunu qarşıdan gələn avtomobillərin işığı da problem yaratmırdı...

Bax, belə bir mənzərənin içərisində yol getmək təbii ki, mənə müəyyən qayğı yaşadırdı. Yəni hər şeyi görmək, hər tərəfi seyr etmək istəyən bir adama bu məqam heç də sərf etmir. Amma neyləmək olar, bu səfərdə olanlarla, yaşadıqlarımla barışmalı və razılaşmalıyam. Burada bir məqamı da yada salmağı özümə borc bilirəm. Naxçıvanda dövlət sərhəddini keçəndə telefonun romikini dəyişmək yadımdan çıxmışdı. Ona görə də heç kimlə əlaqə saxlamaq, harada olduğunu demək müəyyən çətinlik yaratmışdı. Xüsusilə, ağlıma gəlməyən, əslində naşı adamlar üçün təbii sayılan bir nüansı da yazmalıyam, əks halda dəyərli oxucularım məni qınayarlar. Axı normal, yəni məntiqlə düşünüb addım atmaq istəyən hər kəs ən azından yol yoldaşlarının, lap elə sürücünün mobil telefonundan bir çağrı üçün istifadə edə  bilər. Bu fürsət, düzünü deyim ki, öncə ağlıma gəlmədi, sonra isə müəyyən mənada özümə sığışdırmadım. Kiminsə telefonundan istifadə edib yararlanmaq istəyimin özünü bir utanc kimi ağlıma gətirdim...

Haşiyə: Trabzonda olanda öyrəndim ki, telefonumun susması bütün doğmalarımı əməlli-başlı ayağa qaldırıb. Hər kəs bir narahatlıq yaşayıb. Hətta mənim üçün Yer üzünün Mələk İnsanı olan Əhməd qardaşım (Əhməd Varol- Ə.M.) bütün əlaqələrindən istifadə edərək Naxçıvandan gələn avtobusun sürücüsü ilə də əlaqə yaradıb. Təəssüf ki, sürücü məni bir sərnişin kimi avtobusda olduğumu bilmədiyimdən dostuma dəqiq məlumat verə bilməyib. Bu da təlaşı bir az da artırıb. Elə ki, Trabzonda biz görüşdük, onun da, digər doğmalarımın da baxışlarının nələr yaşadıqlarını aydınca oxudum. Üstəlik, onu da öyrəndim ki, Bakıdan da onları övladlarım arayıb və hər iki tərəfin nigarançılığı bir-birinə qarışıb.

Artıq saat 22:00-ı keçib. Trabzonun, necə deyərlər girişindəyik. Bu çevrə mənə yaxşı tanış olduğundan, üstəlik də hər tərəfin işığa qərq olması imkanından istifadə edib qəribsədiyim bu məkanı gözlərimlə öpürəm. İki ildən artıqdır ki, bu yerlərin mənə bağışladığı xoş auradan uzaq düşmüşdüm. İndi isə mən onunla görüşmək, həmsöhbət olmaq şansını yaşayıram. Bu şansı da təbii ki, Allahın izni və yardımı ilə dostlarım, xüsusilə Əhməd Varol yaradıb. Mən pəncərədən Qara dənizə baxa-baxa ürəyimdə yazıram:

 

Yozumunu ləpələrdən umaraq,

Mən dənizə pıçıldadım yuxumu...

Kirpiyimi bir-birinə sıxaraq

Qoymadım ki, suya düşsün toxumu –

Həsrətimin...

 

Yumruqlayıb sinəmdəki ağrını,

Qançır etdim kədərimin bağrını...

Bilə-bilə, bu anların axrını –

İstəmədim əzab olsun doğumu –

Həsrətimin...

 

Sökülən dan, gülümsəyən göy, səma,

Sıxıldıqca az qalır ki, göy dama!..

O güldükcə mənim böyük sevdama

Gör bir necə sıralanır buğumu –

Həsrətimin...

Bəli, insan arzuladığı, xəyalları ilə yaşadığı məkanda, ünvanda olan zaman özünü necə rahat hiss edirsə, mən bu an həmin hisslərin qoynundayam. Üstəlik, yalnız telefonla əlaqə saxladığım dostları görmək, onların səsini eşitmək ayrılığının bitdiyini bilib, buna əmin olmaq da başqa könül rahatlığıdır. Bu iki rahatlığın içində bir nüans da var. O da danışıb fikrini, istəyini, xatirələrini, xəyallarını, ağrılarını, sevincini bölüşmək şəraitinin olmasıdır. Bu mənada mən Trabzonda mən özümə ən doğma bildiyim, birmənalı şəkildə bütün sirlərimi bölüşdüyüm bir ünvan var. O da Qara dənizdi, təbii ki, bir də Sən və Allah. Biz dördlükdə bu dünyanın bütün yükünü daşımağa, bütün acısını çəkməyə, bütün sevincini bölməyə qadir oluruq. Ona görə ki, Qara  dəniz, Sən və Allah məni istədiyimdən də artıq, arzuladığımdan da yüksək səviyyədə dinləyirsiniz. İnsan da o vaxtı rahat olur ki, onun təkcə səsini, sözünü yox, həm də ürəyini dinləyirlər. Bax, mən də həmin o yaşantının necə şeirə çevrildiyini Trabzonda, avtovağzalda ayağım torpağa dəyəndə hiss etdim. Bir də gördüm ki, belə bir şeir doğulub.

 

Ömür bir an, göz qırpımı –

Eh... nə gedə, nə gətirə...

Yandıracam öz çırpımı –

İçimdəki bir xətirə...

 

Nə gecəni dara çəkib,

Nə gündüzə tor hörəcəm...

Günahımı yerə əkib –

Üstündə də gor hörəcəm...

 

Hər nə qopsa kirpiyindən,

Yuyunacaq onla adın...

Çox acılar çəkdin məndən -

Talehimə hakim qadın!

 

Trabzon avtovağzalında dayanıb gələn bütün avtobuslara diqqət yetirən dostum Əhməd Varol Naxçıvandan gələn avtobusun dayanmasını gözləmədən özünü ona tərəf atdı. Az qala özü salona girib məni qucağına alıb düşürəcəkdi. Biz elə salonda bir-birimizə sarıldıq:

- Qardaş, sən hardasan? Biz lap çıldırdın, dəli etdin. Aramaqdan, axtarmaqdan yorulub evə getdim. Orada da otura bilmədim. Bir də qayıtdım bura. Axı sən sabah-sabah Naxçıvandan arayıb dedin ki, artıq yola düşdüm. Ondan sonra heç bir xəbər tuta  bilmədim. Bakıdakılar da, burada Zeynəb və Fəridə də telefondan asılı qalıb. Səni mütləq tənbeh edəcəklər. Bir də belə iş görmə.

Təbii ki, bu bir dost ərki, qardaş istəyi idi. Mən təkrar-təkrar üzrxahlıq etdim. Telefonla bağlı olayı ona bildirdim. Axır ki, mənimlə qismən də olsa razılaşdı. Ancaq qismən...

- İndi hara gedirik, - deyə soruşdum.

Əhməd əl çantamı götürüb, oteldə yerin hazırdır. Saat da 24:00-ı çoxdan keçib. İndi gedib kimsəni rahatsız etməyək. Sən də yol gəlmisən. Bir ehtiyacın, aclığın varsa, öncə restorana baş çəkək. Sonra otelə gedək, - dedi.  Mən hər şeyin qaydasında olduğunu söyləyib, dincəlmək istədiyimi bildirdim. Biz «Sahil testləri» otelinə gəldik. Sabah görüşmək və hər kəslə həmsöhbət olmaq istəyi ilə dostuma təşəkkür edib gecən xeyrə qalsın dedim...

...Sabah məni bu doğma şəhərin mehriban adamları, dostlar, tanışlar, təbii ki, bir də Fəridə və Zeynəblə görüş gözləyirdi. Mən səhərin açılmasını səbirsizliklə gözləyə-gözləyə dənizin beş addımlığında olan oteldən çıxıb sahilə getdim. Öncə Qara dənizlə görüşməli idim. Axı, o mənim sirr yerimdi, sirdaşımdı.

 

Danışdırır ruhumu,

Üzümə gülən dəniz...

Əhvalımı fəhm ilə –

Anlayıb, bilən dəniz...

 

 

Bir həsrət var içimdə,

Çatmır ona gücüm də!

Mənim dünya biçimdə –

Ağrımı bölən, dəniz...

 

Durdum üzü sahilə,

İçim dolu «ah» ilə.

«Eşq» adlı günah ilə -

Bu mənəm, gələn, dəniz!

 

Artıq dan yeri ağarır... Trabzon yuxudan oyanmaq üzrədi. Bir azdan Əhməd gələcək məni dostlarımla, doğmalarımla görüşə aparmaq üçün. Deməli, otelə qayıdıb hazırlaşmaq lazımdı...

 

TƏQVİM / ARXİV